Türkiyə: həbs edilən media nümayəndələrindən üçü azad olunub

Bazar günü həbs edilənlər arasında Zaman qəzetinin baş redaktoru Ekrem Dumanlı da olub.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Bazar günü həbs edilənlər arasında Zaman qəzetinin baş redaktoru Ekrem Dumanlı da olub.

14 dekabrda polisin İstanbul və daha 12 şəhərdə keçirdiyi əməliyyat zamanı həbs edilmiş ən azı 24 media nümayəndəsindən üçü sərbəst buraxılıb.

Həbsdən azad edilənlər Samanyolu TV kanalında efirə çıxan "Tek Türkiye" serialı yaradıcı qrupunun üzvləridir.

Türkiyədəki həbslər Avropa İttifaqının kəskin tənqidilə qarşılanıb.

ABŞ-da mənzillənən Hizmet hərəkatının lideri Fethullah Gülen-lə yaxın olduğu iddia edilən media nümayəndələri dövlətə nəzarəti ələ keçirmək cəhdində ittiham edilirlər.

Bir vaxtlar prezident Recep Tayyip Erdoğanın müttəfiqi olmuş cənab Gülen Türkiyə daxilində “paralel dövlət” yaratmaqda suçlanıb.

Tənqidlər

Avropa İttifaqınin rəsmiləri Türkiyədə media nümayəndələrinin kütləvi həbslərilə bağlı Ankarını kəskin şəkildə tənqid ediblər.

Erdoğan (solda) və Gülen (sağda) bir vaxtlar müttəfiq olublar.
Şəklin alt yazısı, Erdoğan (solda) və Gülen (sağda) bir vaxtlar müttəfiq olublar.

Aİ-nin xarici işlər və genişlənmə siyasəti üzrə komissarları polis reydi və həbslərin “Avropa dəyərlərinə zidd” olduğunu bildiriblər.

Federica Mogherini və Johannes Hahnın adından yayılan bəyanatda deyilir ki, Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı hər-hansı addım “qanun və təməl hüquqlara göstərilən tam hörmətdən” asılıdır.

Reydlər cənab Erdoğanın Gülen tərəfdarları əleyhinə yeni kampaniya keçirmək çağırışından bir gün keçmiş yer alır.

Polis tərəfindən həbs edilmiş jurnalist, prodüsser və ssenaristlər arasında Zaman qəzetinin baş redaktoru və Samanyolu TV kanalanın rəhbəri də var. Onlarla yanaşı Türkiyənin şərqindən bir polis rəisi həbsə alınıb.

Bazar günü Zaman qəzetinin əməkdaşları ilə tərəfdarları redaksiyaya daxil olan polisləri “azad mətbuat susdurula bilməz” şüarları ilə qarşılayıblar.

"Cinayət törədənlər qorxsunlar. Biz qorxmuruq”, ofisdən polis maşınına aparılarkən qəzetin baş redaktoru Ekrem Dumanlı deyib.

Türkiyə mətbuatı başqa şəhərlərdə həbs edilən şəxslərin İstanbula gətirildiyini bildirir. İstintaqın getdiyini bildirən prokuror Hasan Yılmaz, deyib ki, şübhəlilərdən ifadə alınmağa başlanılıb.