BBC Farscanın İran azərbaycanlıları verilişi internetdə mübahisələr yaradıb

Şəklin mənbəyi, Youtube
BBC Farscanın bu yaxınlarda İranın etnik azərbaycanlıları arasında artan özünüdərk hissləri haqqında verilişi İran sosial media istifadəçilərinin bir qrupu arasında qızğın mübahisələrə səbəb olub.
Əksər iranyönümlü və farsyönümlü istifadəçilər BBC Farscanı türkyönümlü qonaqlara efir vaxtı verdiyinə və etnik azərbaycanlıların tələblərini səsləndirdiklərinə görə tənqid edib.
Öz növbəsində, əksər türkyönümlü istifadəçilər pantürkizm ideyasını dəstəkləyib.
İyunun 30-da BBC Farscanın “Parqar” televiziya verilişinin aparıcısı Dariush Karimi xaricdə yaşayan iranlı hüquqşünas və etnik azərbaycanlı fəal Saleh Kamranini, xaricdə yaşayan etnik azərbaycanlı fəal və psixoloq Simin Sabrini və xaricdə yaşayan tarix araşdırmaçısı və universitetdə mühazirə oxuyan Farhang Jahanpuru öz verilişinə ekspert qismində dəvət edib.
52 dəqiqəlik veriliş boyunca Saleh Kamrani İranın azərbaycandilli əhalisi yaşayan vilayətlərinin İrandan qopmasına və Cənubi Azərbaycan adlanan yenu müstəqil ölkə yaradılmasına çağırışlar edib.
Eyni zamanda, Farhang Jahanpur və Simin Sabri bildiriblər ki, İranın inzibati sisteminin federativ quruluşa dəyişdirilməsi bütün etnik qrupların hüquqlarının qorunmasına yardım edər.
Azərbaycanyönümlü istifadəçilər nə deyir?
“Mən verilişə çox diqqətlə baxdım. Mənim fikrimcə, milli hərəkat elə bir proses həyata keçirib ki, onu indiki zamanda dünyanın ən kar qulaqları və ən görməyən gözləri inkar edə bilməz…Aparıcı həm də verilişi gözləndiyindən daha yaxşı idarə edib”, Facebook istifadəçisi Taymaz Urmulu öz səhifəsində azərbaycan dilində yazıb. Lakin o BBC-ni farsyönümlü olmaqda günahlandırıb.
“Lütfən 1915-ci ildə ermənilər tərəfindən (İrandakı) Azəri Türklərinə qarşı kütləvi qırğın barədə bir balaca araşdırma aparın, xüsusilə də Xoyda, Salmasda…Hələ indi də o zamanın kütləvi qəbiristanlıqları aşkar edilir, lakin müsəlman Türklərə dəstək vermək əvəzinə İslam Respublikası ermənilərin cinayətlərini ört-basdır etmələri üçün onlara dəstək verməyə üstünlük verir. O (İran hökuməti) hətta bu məsələyə aid tarixi sübutları gizlədir,” Facebook istifadəçisi “Feriba Abdi Golzar” İranın hətta heç vaxt etnik münaqişə ilə üz-üzə gəlməməsi barədə edilən şərhlərə cavab verərək yazır.
Bu istifadəçi özünü İrandan olan etnik azərbaycanlı və Türkiyə radio və televiziya korporasiyasının işçisi kimi təqdim edir.
“Bizim (etnik azərbaycanlıların) faşist panfarslara qarşı taktikamız bizim türk dilini düzgün istifadə etməyimiz və yazılı dilimizi hər yerdə tətbiq etməyimizdir. Mən sizi əmin edirəm ki, əgər 30 faiz türk (azərbaycanlı) türk dilində düzgün yazmağı və ondan istifadə etməyi bacararsa, hökumət əvvəl-axır türk dilini məktəblərdə tədris etməyə məcbur olacaq,” Facebook istifadəçisi “Mahdi Sadegijam” fars dilində yazıb.
“Dəyərli Saleh Kamranı, BBC Farsi televizionunda İstiqlal məfkürəsini açıq və aydın müdafiə edib və savundu. Ürəkdən təbrik edir və sizdən təşəkkür edirəm”. Facebook istifadəçisi “Aslan Soltani” azərbaycan dilində yazıb.
BBC Farscanın qonaqları
Öz səhifəsində 24000 “like” yığan, İsveçdə yaşayan iranyönümlü monarxiya tərəfdarı olan Facebook istifadəçisi Omid Dana BBC Farscanı müzakirəni təşkil etdiyinə və etnik azərbaycanlıları verilişə dəvət etdiyinə görə tənqid atəşinə tutub.
“Etnik nifrəti qızışdırmağa çox ustalıqla nail olan iki əqli problemi olan qonağın və zəif bir ekspertin iştirakı ilə, habelə istiqamətləndirici və murdar suallar verən nifrətəlayiq aparıcının idarə etdiyi BBC-nin axırıncı “Parqar” verilişi bir daha yüksəkdə duran Britaniya hökumətinin anti-İran yanaşmasını göstərdi,” o özünün Facebook səhifəsində yazıb.
Verilişin özünüdərk hisslərinin İran Azərbaycanında nəyə görə artması ilə bağlı sualına cavab verərək, iranyönümlü “Great Azarbayjan” səhifəsi BBC Farscanı və İrandakı pantürkist hərəkatları tənqid edib. “Nə vaxtdan stadionlara gedən... bu adamlar özünüdərk hisslərini özlərində təcəssüm etdirir.
“Biz bunları yaxşı bilirik, sizin kimi jurnalistlərə İranın milli birliyi, İranın firavanlığı və qüruru tamamilə vacib deyil…sizi ancaq öz tamaşıçılarınızın sayının artması maraqlandırır,” İranyönümlü “İ love Tabriz” Facebook səhifəsi verilişin aparıcısı Dariush Karimini tənqid edib.
BBC Monitoringin materialları əsasında hazırlanıb





