#BBCAzeriTrending: İran azərbaycanlıları prezidentə müraciət ünvanlayıb

Şəklin mənbəyi, BBC World Service
İran azərbaycanlıları sosial media vasitəsilə prezident Həsən Ruhanini məktəblərdə azərbaycan dilinin tədrisinə dair vədinə əməl etməyə çağırıblar.
Martın 3-də İranın bir neçə müxalif saytı, eyni zamanda azərbaycan dilli saytlar xəbər verib ki, təxminən 1800 etnik azərbaycanlı tələbə İran prezidenti Həsən Ruhaniyə məktub ünvanlayıblar. Tələbələr prezidentdən İrandakı azlıqların haqları və azərbaycan dilinin məktəblərdə tədrisinə dair lazımi addımlar atmağı xahiş ediblər.
“Niyə azərbaycanlı müəllimlər ağzı qapalıdır. Azərbaycan xalqı, şagirdlər və tələbələr hər ay Tehrana məktub yazmalıdırlar,” sahand55 imzalı istifadəçi Qırmızı xəbər saytında şərh yazıb.
“Davam edin, davam edin və davam edin. Yaşasın Cənubi Azərbaycan,” TC Bekir Demirboga adlı Facebook istifadəçisi Oyan Xəbər-in Facebook səhifəsində yazıb.

Şəklin mənbəyi, BBC World Service
“Ümid edirəm ki, onlar insafa gələcək,” Vüsalə Sadıqova I Love Tabriz Facebook səhifəsində azərbaycan dilində yazıb.
“Türk xalqının narahat olmağa haqqı çatır, çünki hökumət [İran] qədim bir dili aradan qaldırmağa çalışır,” caspian2010 imzalı istifadəçi İranian UK internet səhifəsində yazıb.
“Güman edirəm ki, ana dilinin tədrisi sadəcə simvolik addımdır,” hossein+87+ adlı istifadəçi İranian UK internet səhifəsində yazıb.
“İran sadəcə fars tayfalarına məxsus deyil. Biz hamımız İranı sevirik. O, dünyanın ən gözəl ölkələrindən biridir, ona görə də bir-birimizə hörmət etməliyik,” Yakhshekan İranian UK saytında yazıb.
“Mən azərbaycan dilinin tədrisinə qarşı deyiləm, lakin kimsə öz ana dilini öyrənmək istəyirsə, o, İran hökumətindən onların əvəzinə nəsə etməsini gözləməməlidir... İranda separatçılıqdan danışanlar siyasi cəhətdən savadsız insanlardır,” Humans win İranian UK səhifəsində yazıb.
Məktub Urmiya, Zəncan, Kəleybər, Təbriz, Marağa və Meşkinşəhr universitetlərindən olan tələbələr tərəfindən imzalanıb.
İmzaların toplanması ilə məşğul olan şəxslərin bildirdiyinə görə, Urmiya, Naqadeh və Parsabadda təhlükəsizlik qüvvələri imzalanmış müraciəti ələ keçirib və fəal Atabək Sepehri Muğanın Parsabad şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, Oyan Xəbər bildirir.




