#BBCAzeriTrending: "Mənim Oğrun Azadlığım" - hicabsız iranlılar

Şəklin mənbəyi, BBC World Service
İranda qadınlar "Mənim Oğrun Azadlığım" adlı Facebook səhifəsinə hicabsız şəkillərini yerləşdirirlər.
Facebook səhifəsi bir həftədən bir az çoxdur ki, mövcuddur və artıq 143 000 "like" qazanıb. Səhifəni bəyənənlər demək olar ki, hamısı İrandandır və həm kişilər, həm də qadınlardan ibarətdir.
Hazırda səhifəyə təxminən 150 foto yerləşdirilib. Fotolarda çimərlikdə, küçədə, kənddə, tək, dostları və ya sevgililəri ilə şəkil çəkdirən qadınları görmək olar - amma əsas odur ki, hamısı hicabsızdır.
Çoxunun altyazısı var, məsələn: "Hicaba nifrət edirəm. Mən də günəşin və küləyin saçıma toxunmasını xoşlayıram. Böyük günahdırmı bu?"
35 il əvvəlki İslam İnqilabından sonra qadın hicabsız evdən çıxa bilməz. Buna riayət etməyənlər cərimə və ya həbs oluna bilər.

Şəklin mənbəyi, BBC World Service
"Saçım hökümətin girovudur", - səhifəni yaradan, Britaniyada yaşayan iranlı siyasi jurnalist Masih Alinejad deyir. "Hökümət hələ də çox adamı girov saxlayır".
O, öz hicabsız şəkillərini Facebook-a əlavə edəndən sonra səhifəni yaratmaq qərarına gəlib. Şəkilləri minlərlə adam "like" etmişdi (bəyənmişdi). Çoxsaylı qadınlar öz şəkillərini göndərməyə başlayandan sonra o, bu səhifəni yaradıb.
İranda onu höküməti tənqid etdiyinə görə tanısalar da, o səhifənin qeyri-siyasi olduğunu deyir. "Bunlar qadın fəallar deyil, sadəcə ürəkdən danışan adi qadınlardır".
"Məsələ hicabı geyinməkdə deyil. Məsələ seçimin olmamasındadır", - bir qadın Facebook səhifəsində şərh edir.

Şəklin mənbəyi, BBC World Service
"Oğrun azadlıq o deməkdir ki, cəmi bir neçə saniyəlik olsa da, mən istədiyim adam ola bilərəm", digəri yazır.
İranda hicab mübahisəli məsələdir. Bu yaxınlarda qadınlara özlərini örtməyi xatırladan reklam kampaniyası qadınları qutuda şokolada bənzətdiyinə görə sosial mediada rişxəndlə qarşılanmışdı.
Amma bir çoxu islam qanununa istinad edərək hicabı dəstəkləyir. Ötən həftə Tehranda keçirilən aksiyada iştirakçılar hicab barədə qanunların daha sərt tətbiq olunmasını tələb ediblər.

Şəklin mənbəyi, TABNAK
Xəbəri Cordelia Hebblethwaite (#BBCTrending) və Noushin Irani hazırlayıb.




