İran azərbaycanlıları Bakı Avropa Oyunları haqqında nə yazır?

Getty
Şəklin alt yazısı, Oyunlar iyunun 28-də bağlanıb. Foto: Getty

İran sosial şəbəkələrində çox sayda iranlı və İran azərbaycanlıları Bakıda keçirilən ilk Avropa Oyunları ilə bağlı öz sevincini ifadə etdiyi halda, bəzi istifadəçilər və media vasitələri mədəni müxtəlifliyə görə narahatlıq ifadə edib.

Müstəqilliyin səmərəsi

"Həqiqətən qürur və fəxr mənbəyidir. Yatanlar oyansınlar və müstəqilliyin səmərəsini görsünlər. Ruslar 70 il ərzində Bakı neftini tarac etdilər. Moskva və Sankt-Peterburqla müqayisədə Bakını xarabalıq kimi təhvil verdilər. Amma 20 il müstəqillikdən sonra, Bakı belə böyük nailiyyət əldə etdi," Atila Azaroğlu yazıb.

Taregh Hamza, "Sağ olsunlar, bağlanış mərasimini açılışdan daha yaxşı keçirtdilər" yazıb.

"Gün o gün olsun, Dünya Olimpiyadası Bakıda baş tutsun," Gasem Sharifi Azərbaycanca yazıb.

Şəklin mənbəyi, Getty

"Azərbaycanın quzeyi-güneyi yoxdur. Bizim ürəyimizdə Azərbaycan birdir," Davood Jahanbakhsh qeyd edib.

Nizami Gəncəvi və Simurq

"Tədbir zalında aktyorlar və aparıcı özlərini elə aparırdılar ki, guya VI əsrdə yaşamış İranın aparıcı ədibi olan Nizami Gəncəvi Azərbaycan milli simvoludur!", İranın mühafizəkar “Fars xəbər agentliyi” yazıb.

"Simurq qanad açdı və Avropa Oyunlarının məşəlini Badikubə şəhərində söndürdü. Hansı ki öz anası İrandan az müddət öncə ayrılıb”, İran millətçiliyini dəstəkləyən “Azərbaycan” adlı xəbər saytı yazıb.

"Sabahdan deyəcəklər ki, Simurq türklərin rəmzidir," “Babak Azari” adlı istifadəçi Facebookda yazıb.

Belə fikirlərə cavab olaraq, Puria Mohamadi qeyd edib ki, "bəzi həmvətənlərimizin [İranlılar] Azərbaycanı görən gözləri yoxdur. Əslində heç bir millətin dirçəlişini görən gözləri yoxdur. İstərsə türk olsun, istərsə də kürd və ya ərəb”.

"Bir halda ki, hələ bizim ölkədə [İran] qadınların stadionlara giriş icazəsi müzakirə olunur və hökumətin bir hissəsi qadınları təbii hüquqlarından məhrum etməyə çalışır…. Azərbaycan Respublikasında Avropa Oyunları belə bir şəkildə keçirilib. Bu mərasim beynəlxalq standartlar səviyyəsində baş tutub," Xaricdə yerləşən “Tavaana” qeyri-hökumət təşkilatı “Facebook” hesabında yazıb.

"Jurnalistlər üçün Avropanın ən böyük həbsxanasında İlk Avropa Olimpiya Oyunları", xaricdə yaşayan iranlı jurnalist Reza Moini öz Facebook səhifəsində açılış mərasimini belə təsvir edib.

"Yaşasın Azərbaycan. Qulağımızın dibində Olimpiya keçirildi, amma milli [İran] media [televiziya] heç bir dəfə də bu haqda xəbər vermədi. Xəbərlərdə ancaq Suriya və İraqdakı qırğından söhbət gedir," Farzad Savalan Facebookda yazıb.

Azərbaycanın millisinin iranlı legionerləri haqda

"İran idmançılarının bu yarışda medal alması, İran idmanı üçün həyəcan siqnalı sayılır”, İranın “Şərq” qəzetı yazıb.

"Azərbaycana mühacirət etdikdən sonra bu ölkənin bayrağını Avropa oyunlarında qaldıran Milad Beygi və Sabah Şəriəti İranın itirilmiş sərmayeləridir," Şərq qəzeti davam edib.

"Başa düşmürəm, necə olur Almaniya, Avstraliya, ABŞ kimi ölkələr idmançılara vətəndaşlıq verəndə normal qəbul edirsiz, amma Azərbaycan kimi ölkələr eynisini edəndə onu oğurluq adlandırırsınız," Arjan Takin “Facebook”da belə fikirlərə cavab olaraq yazıb.

BBC Monitoringin materialları əsasında hazırlanıb