“Gürcüstanın kommunizmdən təmizlənməsi” qanunu niyə işləmir?

Şəklin mənbəyi, BBC World Service
- Müəllif, Nina Axmeteli
- Vəzifə, BBC Rus xidməti, Tbilisi
Ukraynanın Ali Radası ötən həftə sovet və nasist rəmzlərini yasaqlayan qanunlar paketini qəbul edib. Gürcüstanda isə sovet və faşist simvolikası ilə mübarizə dörd il bundan əvvəl başlansa da, istər paytaxtda, istərsə də rayonlarda oraq-çəkici və sovet zəmanəsinin şüarlarını bu gün də görmək mümkündür.
2011-ci ildə, o vaxtkı parlament azlığının deputatı Giya Tortladzenin təşəbbüsü ilə hazırlanmış Azadlıq xartiyasını gürcü deputatlar yekdilliklə dəstəkləmişdilər.
Bu xartiya qanunvericilik səviyyəsində, sovet və faşist simvolikasına qarşı mübarizə elan edir, Kommunist partiyasının və komsomolun sovet xüsusi xidmətləri ilə məxfi əməkdaşlıq etmiş yüksək çinlilərinə bir sıra vəzifə məhdudiyyətləri qoyurdu.
Bu qanun layihəsinin tərəfdarları o vaxt əmin olduqlarını bildirirdilər ki, qanun təhlükəsizliyin möhkəmləndirilməsinə və Gürcüstanın sovet keçmişinin qalıqlarından xilas olmasına kömək edəcək.
Lakin bu gün, dörd ildən sonra da, istər qanun layihəsinin müəllifi, istərsə də onu dəstəkləyənlər etiraf edirlər ki, kommunist rəmzələrinə qoyulan qadağalar və vəzifə məhdudiyyətləri hələ də kağız üzərində qalıb.
Azadlıq xartiyası
Lüstrasiya haqqında qanunun qəbulu Gürcüstanda dəfələrlə qızğın mübahisələrə səbəb olub. Şərqi Avropa ölkələrinin təcrübəsinə baxmayaraq, Gürcüstanda keçmiş sovet xüsusi xidmətlərində çalışmış şəxslərin dövlət strukturlarında vəzifə tutmasını qadağan edən qanunu qəbul etmək cəhdləri bir neçə il ərzində uğursuzluqla nəticələnib.
Sovet simvolikasının qadağası ilə yanaşı, həm də lüstrasiya məsələsinə toxunan Azadlıq xartiyasının qəbul edilməsini onun müəllifi və təşəbbüskarı Giya Tortladze gec də olsa, “gürcü xalqının 20 ildir ki, gözlədiyi qələbə” kimi qiymətləndirir.

Şəklin mənbəyi, BBC World Service
Tortladze etiraf edir ki, bu gün qanun işləmir.
“Mən hesab edirdim və bu günədək də hesab edirəm ki, belə bir qanun qəbul edilməliydi. Lakin bu qanun işləmir və bu, əlbəttə kədərlidir. Komissiya işləmir, siyahılar yoxlanmır, heç kim heç kimin keçmişdə kim olduğunu bilmir” – deyib Tortladze BBC-yə.
Sovet xüsusi xidmətlərinin keçmiş əməkdaşlarının icra hakimiyyətində yüksək vəzifələr tutmasını məhdudlaşdıran qanun Sovet İttifaqının xüsusi xidmətlərində məxfi çalışanların reyestrinin aparılması üçün DİN yanında komissiya təşkil olunmasını nəzərdə tuturdu.
Qanuna görə, komissiya yalnız o adamlar barədə məlumatları açır ki, onlar qadağan olunmuş vəzifələri tutmaqda davam edirlər və imkanları olduğu halda vaxtında könüllü istefaya getməyiblər.
Bircə iclas
Hakim koalisiya etiraf edir ki, Azadlıq xartiyasının həyata keçirilməsi ləngidilib.
DİN yanında hər bir nazirlikdən və hər bir parlament fraksiyasından bir üzvü olan komissiya, bu qanuna, hakim koalisiyanı təmsil edən deputatlar Levan Berdzenişvili və Tamar Kordzayanın etdikləri düzəliş təşəbbüsü nəticəsində cəmi bir il bundan əvvəl yaradılıb.
Berdzenişvili deyir ki, bu komissiya indiyədək cəmi bir iclas keçirib və deputatlar bu gün bəlkə də öz vəzifələrini qanunsuz tutan şəxslər barədə heç bir informasiya almayıblar.

Şəklin mənbəyi, BBC World Service
“Komissiya toplaşıb və işləyib, lakin iş bundan o yana keçməyib. Biz DİN-dən xahiş etmişdik ki, bütün vəzifəli şəxsləri yoxlayıb onların bu qanunu pozub-pozmadıqlarını öyrənsin. Biz hələlik heç bir cavab almamışıq, hərçənd mən kimlərin bu qanuna görə vəzifə tutmamalı olduğunu bilirəm” – deyib Berdzenişvili.
O qeyd edir ki, Kommunist Partiyasının arxivi DİN-dədir və ona görə də müvafiq sənədləri nazirlik təqdim etməlidir. Bu sənədlərə əsasən kimlərin vəzifədən uzaqlaşdırlmalı olduğu müəyyən edilə bilər.
Berdzenişvili deyir ki, keçmiş raykom katiblərini müəyyənləşdirmək asan olsa da, keçmiş xəfiyyələri aşkar etmək son dərəcə çətindir.
“Sənədlər Rusiyaya aparılıb və Gürcüstan indiyədək bu barədə Moskvaya müraciət etməyib. Biz buna nail olmağa çalışacağıq. Yəni Rusiya tərəfinə müraciət edəcəyik ki, həmin sənədlər və ya heç olmasa onların surətləri bizə verilsin” – deyib Levan Berdzenişvili BBC-yə müsahibəsində.
O qeyd edir ki, xüsusi xidmətlərin keçmiş agentləri parlamentə və ya yerli seçkili orqanlara namizədliklərini verə bilərlər, lakin seçicilər onların keçmişi haqqında məlumata malik olmalıdırlar.
Rəmzlərlə mübarizə
Qanuna görə DİN yanındakı komissiya kommunist, totalitar və faşist simvolikasının inzibati orqanlar tərəfindən istifadə edilməsi barədə informasiya toplamalıdır.
Sovet zəmanəsinin izləri regionlarda barelyeflər və hətta küçə adları şəklində qalmaqda davam etsə də, komissiya konkret olaraq heç bir fakt barədə ölçü götürməyib.
Levan Berdzenişvili deyir ki, bunun bir səbəbi də ictimaiyyətin passivliyindədir.
Deputatın sözlərinə görə, komissiyanın təkrar toplanmasına ehtiyac olmayıb. Çünki kommunist simvolikasından istifadəyə dair heç bir şikayət verilməyib.
Onun sözlərinə görə, komissiya kommunist və faşist rəmzlərindən fərdi şəxslərin istifadəsi ilə məşğul olmur.
“Əgər mən fərdi bir şəxs kimi Stalinə öz həyətimdə abidə qoymuşamsa, komissiyanın mənə müraciət etmək səlahiyyəti yoxdur, - deyir Levan Berdzenişvili, - Lakin qanuna edilmiş dəyişikliklərə müvafiq olaraq bu məsələ barəsində hər bir vətəndaşın məhkəməyə müraciət etmək hüququ tanınır. Hələlik bir dənə də belə müraciət olmayıb”.
İşləməyən qanun
İnformasiya Azadlığının İnkişafı İnstitutunun direktoru Georgi Kldiaşvili deyir ki, lüstrasiyaya aid qanun Gürcüstanda çoxdan qəbul olunmalıydı.
Onun sözlərinə görə, belə bir qanunun icrasına həm də 1990-cı illərdə Tbilisdəki DTK binasının yanması və arxivin böyük bir hissəsinin məhv olması mane olub.
“Sənədlərin demək olar, 80 faizi yanıb. O vaxt DTK ilə əməkdaşlıq edənlərə aid cari sənədlər isə Rusiyaya aparılıb. Bu gün deyə bilərik ki, Rusiya tərəfi bu adamların lüstrasiyasını Gürcüstandan daha effektli şəkildə icra edə bilər” – deyib Kldiaşvili BBC-yə.
Giya Tortladzenin fikrincə, keçmiş agenturaya dair sənədlərin əksəriyyətinin Rusiyada olması Moskvaya Gürcüstan üzərinə təzyiq göstərmək üçün ciddi imkan verir. Onun sözlərinə görə, qanunun həyata keçirilməsi üçün keçmiş və indiki hakimiyyətin real addımlar atmaması, Gürcüstanda ən müxtəlif siyasətçilərin üzərinə şübhə kölgəsi salır.
"Görünür indiki və əvvəlki hökumət və parlamentdə lüstrasiya qanununa düşəcək adamların sayı çox olub. Onlar elə buna görə də qanunu gecikdirirlər. Buna başqa səbəb, sadəcə olaraq, tapa bilmirəm” – deyir Giya Tortladze.
Berdzenişvili isə deyir ki, qanuna növbəti dəyişikliklər edilməlidir. Bu, DİN yanında təşkil ediləcək komissiyanın daha səmərəli və real işləməsinə imkan yaradacaq. Onun sözlərinə görə, belə bir layihə artıq hazırdır və parlamentə bu payızda təqdim ediləcək.
“Görünür, Gürcüstanda qəbul olunan qanunlar ən kiçik xırdalıqları da göstərməlidir, - deyib Berdzenişvili, - yoxsa bu sayaq qeyri-işlək komissiyaların təşkilinə şərait yaranır”.
Gürcüstanın Daxili İşlər Nazirliyindən BBC-yə deyiblər ki, komissiya sovet simvolikasının qadağası və ya ləğvi ilə bağlı məsələlərlə əlaqədar yerli idarəetmə orqanlarına müraciət etməyi planlaşdırır.






