Rusiyanın görünməz əli yoxsa demokratiyanın çöküşü

Şəklin mənbəyi, RIA Novosti
- Müəllif, Rəşad Şirin
- Vəzifə, Siyasi təhlilçi, Bakı
2000-ci illərin ikinci yarisindan baslayaraq liberal-demokratik modelin zəifləməsi və neoliberal avtoritar təmayüllərin artması ilə bir çox post-Sovet ölkəsində ilkin eyforiyadan geri çəkilmə yaşanır.
Bu proses geosiyasi dəyişiklə sıx bağlıdır, yəni, Qərb idealizminin zəifləməsi həm də Qərbin gücünün təsirinin azalması demək oldu. Digər bir tərəfdən bu ölkələrdə “etatist”, yəni dövlətçi yanaşmanın güclənməsi “demokratikləşmə” diskursunu arxa plana keçirdiyi üçün Rusiyanı mədəni, siyasi və dəyərlər baxımindan bölgəyə daha da yaxınlaşdırır.
Hakimiyyətlər dəyişəndə və ya hər hansısa addım atanda hər zaman bunun xarici siyasətlə əlaqəsi sorğulanır. Məsəl üçün, Gürcüstanda 2012-ci ildə Bidzina İvanişvilinin Gürcü Arzusu koalisiyası parlamentdə əksəriyyəti ələ alanda bir çox müşahidəçilər dedi ki, Rusiya geri qayıtdı.
Təbii ki, bu tam olaraq belə deyildi, amma bunun söylənməsi ona işarə edir ki, ictimai fikirdə sanki belə bir gözlənti var ki, daxili siyasi dəyişiklik mütləq kənardan idarə edilməlidir.
Eyni qaydada Ermənistan və Azərbaycanda son zamanlar hökumətlərin addımları bu və ya digər şəkildə bu balans siyasəti oyunu ilə izah edilir.
Məsəl üçün, bu yay Dağlıq Qarabağ cəbhəsində baş verən hadisələr, Azərbaycanda hüquq müdafiəçilərinə qarşı təqiblər və sairə hadisələrin arxasında Rusiyanın durduğu güman edilirdi.
Bu günlərdə Gürcüstanda yaşanan siyasi böhran da bu Qərb-Rusiya yeni Soyuq Müharibəsinin bir təzahürü kimi göründü. Bir Avropalı diplomat hətta bununla bağlı “Rusiyanın görünməz əli” ifadəsini işlətdi.
Gəlin biraz son hadisələrin kontekstinə baxaq. Bildiyimiz kimi, son həftə ərzində Gürcüstan hökumətində təmsil olunan demək olar ki, bütün Azad Demokratlar ya istefa verdi, ya da işdən çıxarıldı.
Azad Demokratların başında Gürcüstanda hazırda ən tanınmış və parlaq siyasi fiqur olan İrakli Alasaniya durur.
O, Saakaşvili hökumətində BMT-də səfir çalışmış, sona yaxın isə istefa verib müxalifətə keçmişdir və milyarder-iş adamı Bidzina İvanişvilinin yaratdığı Gürcü Arzusu koalisiyasına öz partiyası ilə qoşulmuşdur.
Koalisiyanın digər nüfuzlu üzvü Davit Usupaşvilinin rəhbərliyi altında Respublikaçılar partiyasıdır ki, onlar da Azad Demokratlar kimi qərbyönümlüdürlər.
İstefa verənlərin arasında xarici işlər naziri, Avropa işləri naziri və müdafiə naziri də var. Onlar hökumətdən ayrılarkən, bu addımlarını ölkənin geosiyasi kursundaki yaranmış təhlükəli durumla izah etdilər.
Eyni zamanda Azad Demokratlardan olan 10 millət vəkili də Gürcü Arzusunun parlament fraksiyasından ayrıldı. Bu da öz növbəsində İvanişvilinin parlament əksəriyyətini itirməsinə səbəb oldu.
Maraqlısı odur ki, müxalif güclərə qarşı bütün təzyiqlərə baxmayaraq, Gürcüstanda hələ də çoxpartiyalı sistem kifayət qədər işləkdir və parlament siyasətin baş verdiyi dinamik bir məkandır.
Gürcü Arzusu koalisiyasının 73 (böhrandan əvvəl 83 idi), müxalifətdə olan Birləşmiş Milli Hərəkat partiyasının isə parlamentdə 51 millət vəkili var.
Hazırda Respublikaçıların son mövqeyi necə olacağı haqqında müzakirələr gedir, amma görünən odur ki, onlar koalisiyanın tam dağılmasının tərəfdarı deyillər.
Gürcüstanda müxaliflərə qarşı son “siyasi vendetta” Bidzina İvanişvilinin 2012-ci ildə baş nazir olması ilə başladı. 2012-ci ildən başlayaraq, Saakaşvili hökumətində təmsil olunmuş bir çox insana qarşı, hətta bu yaxınlarda Saakaşvilinin özünə qarşı da cinayət təqibi başlandı.
2013-cü ilin may ayında Vano Merabişvilinin həbsi bunların arasında ən önəmlilərdəndi, çünki Merabişvili hakim partiya olan Birləşmiş Milli Hərəkat Partiyasının sədri, Daxili İşlər Naziri və demək olar ki Saakaşvilidən sonra Gürcüstanda ən nüfuzlu insan idi.
Merabişvili polisdəki islahatlarla, xüsusilə də korrupsiyayla mübarizə sayəsində həm məşhurlaşdı, həm də özünə çoxlu düşmən qazandı. Eyni zamanda Merabishvilinin adı 2007-ci ildə dinc nümayişçilərə qarşı ölçüsüz zorakılığın tətbiq olunmasında hallanır.
Bəzi analitiklər deyir ki, bu cür siyasi qisasçılıq post-Sovet siyasətinin ayrılmaz hissəsidir. Bu həm də ona görə baş verir ki, hakimiyyətə gəlmiş siyasi qüvvə iqtidarı yalnız dinc, konstision yollarla qoruya biləcəyinə inanmır, siyasət küçədə həll olunanda iqtidarlar əlacsız qaldığını düşünür. Yəni sanki siyasi mübarizə daha sivilləşməyib, mədəniləşməyib, loyallaşmayıb və s.
Sadəcə burada yenə də geosiyasi əsaslar çox mühüm faktor kimi ortaya çıxır. Koalisiyadan ayrılan qüvvələr Gürcüstanın Avro-Atlantik inteqrasiyası ilə bağlı həyəcan təbili çaldı.
Bir sıra Avropa və Amerika rəsmisi də çox bədbin proqnozlar verdi. Məsəl üçün İsveçin keçmiş Xarici İşlər Naziri Karl Bildt bəyan etdi ki, ölkə çox təhlükəli istiqamətə girir.
Həqiqətən də mi Gürcüstan daha çox Rusiya təsiri altına keçir? Məncə hal-hazırda və ya hələ ki bu nəticəyə gəlmək çətindir. Gürcüstan hökuməti Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalayıb və onun icrasına başlayıb.
Yəni Gürcüstan ictimaiyyətini bu yoldan döndərmək olar, amma bu daha çox vaxt apara bilər, çünki yuxarıda qeyd etdiyim kimi, Gürcüstanda hələ də işlək demokratiyanın institutları var və bu qəbildən ciddi xarici siyasət dönüşlərini iqtidarın təkbaşına etməsi hələ ki çətindir.
Təbii ki, onu da söyləmək lazımdır ki, vəziyyət tədricən dəyişə bilər və tendensiya da onu göstərir ki, bu bölgədə Qərb ilə Rusiya arasında müəyyən balans yaratmadan yaşamaq çətindir.
Gürcüstan böhranı Azərbaycan üçün nə deməkdir? Gürcüstanın qərbyönümlüyü hər zaman Azərbaycan üçün birmənalı olmamışdır. Azərbaycan tərəfi hər zaman Gürcüstanda demokratiyanın yaratdığı qeyri-sabitlikdən ehtiyat etmişdir.
Lakin təhlükəsizlik və xüsusilə də enerji təhlükəsizliyi baxımından Gürcüstanın Rusiyadan müstəqil olması Azərbaycan üçün həmişə önəmli olmuşdur.
Azərbaycanın özünə bu günlər Rusiya tərəfindən artan təzyiqi nəzərə alsaq, Gürcüstanda yarana biləcək durum Cənubi Qafqazdaki oyunda Azərbaycanın mövqeyinə ciddi zərbə vura bilər.
Xatırlayırsınızsa, İvanişvili baş nazir olandan sonra Bakı səfəri zamanı Bakı-Tbilisi-Qars layihəsinin səmərəliliyini sorğulamışdı. O vaxt Azərbaycan iqtidarı ilə anlaşdılar.
Bir sözlə, Gürcüstanın Rusiyadan asılılığının artması Azərbaycan üçün son dərəcə ciddi milli maraqlar məsələsinə çevrilə bilər və manevr imkanlarını məhdudlaşdıra bilər. Burada Azərbaycanın Gürcüstana qoyduğu yatırımların təhlükəsizliyi məsələsi də aktuallaşır.
Azərbaycan hakimiyyəti bu təhlükəni real dəyərləndirməli və əlində olan imkanlardan istifadə edib bu prosesdə iştirak etməli, hətta vasitəçiliyini də təklif etməlidir. Bu həm açıq, həm də səssiz diplomatiya yolu ilə icra edilə bilər.





