Alasaniyanın istefası Gürcüstanın avrointeqrasiyasına mane olacaqmı?

Şəklin mənbəyi, Reuters

Müdafiə naziri İrakli Alasaniyanın istefaya göndərilməsinin ardınca hökumətlə yanaşı 2012-ci ildə hakimiyyətə gələn “Gürcü arzusu” koalisiyasında dəyişiklər baş verib.

Cənab Alasaniyanın “Azad Demokratlar” partiyası hakim koalisiyadan çıxdığını elan edib.

"Biz partnyorlarımızla sivil şəkildə vidalaşdıq - “Azad Demokratlar” artıq koalisiyada deyillər”, - Alasaniya bildirib.

Müdafiə Nazirliyi əməkdaşlarının korrupsiya ittihamı ilə saxlanılmasından sonra baş nazir İrakli Qaribaşvilinin qərarı ilə İrakli Alasaniya vəzifəsindən azad edilib.

Alasaniyadan sonra xarici işlər və Avropa və Avrointeqrasiya məsələləri üzrə nazirlər istefaya çıxıblar. Bu, hökumətdəki Qərbpərəst qüvvələrin mövqeyinin zəifləməsi və xarici kursun dəyişməsi barədə ehtimallara zəmin yaradıb.

Çərşənbə günü istefasını elan edərkən xarici işlər naziri Maia Pancikidze deyib ki, 2012-ci ildə keçən seçkilər vaxtı əhalinin dəstəklədiyi Avropa və Avroatlantik kursuna “xəyanət edə bilmədiyi” üçün müavinlərilə birlikdə istefaya çıxmaq qərarına gəlib.

Bundan əvvəl İrakli Alasaniya deyib ki, Müdafiə Nazirliyi əməkdaşlarına qarşı büdcə vəsaitinin mənimsənilməsilə bağlı irəli sürülən ittihamlar ölkənin Avrointeqrasiya kursuna hücumdur.

Lakin hökumət xalqın seçimi olan Avrointeqrasiya kursuna sadiq qaldığını bildirir.

“Bu, qətiyyətli seçim və xalqımızın sarsılmaz iradəsidir”, - hökumətin hazırkı xarici siyasət kursuna sadiq qaldığını bildirən baş nazir İrakli Qaribaşvili bəyan edib.

Gürcüstan prezidenti kursun dəyişməsinin imkansız olduğunu bildirib.

Hərçənd ki, Georgi Marqvelaşvili bu kursla ölkənin necə hərəkət etdiyini göstərmək üçün Avropa ilə Assosiasiya sazişi və NATO-Gürcüstan razılaşmaları üzrə öhdəliklərin hökumət iclasında müzakirə edilməsinə səsləyib.

Qərpbərəst imicə malik müdafiə və xarici işlər nazirlərini əvəzləyəcək namizədlər müəyyən edilməyib. Yeni nazirlərin siyasi mövqeyi ölkənin gələcək xarici kursu barədə əlavə məlumat verə bilər, Gürcüstandakı politoloqlar deyirlər.

Analitiklərə əsasən hökumətdən 3 nazirin getməsi siyasi dairələrdə qeyri-sabitlik yaratsa da, hakim koalisiyanın parçalanacağına dəlalət edən amillər nəzərə çarpmır.

“Bu gün artıq siyasi böhranın əlamətləri üzdə olsa da, o tammiqyaslı böhran səviyyəsinə çatmayıb”, - Zaal Ancaparidze BBC-ə bildirib.