Gürcüstan hərbçiləri mənimsəmədə ittiham olunublar

Şəklin mənbəyi, AP
Gürcüstanda iki milyon dollardan artıq büdcə vəsaitinin mənimsənilməsilə bağlı ittihama görə Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşları saxlanılıb.
Saxlanılmış şəxslər arasında hərbi nazirliyin təchizat departamentinin sabiq rəhbəri və hazırkı əməkdaşları var.
İstintaqa əsasən ötən il şəbəkə avadanlığı və optik-lif kabellərinin alınması üzrə məxfi tenderin keçirilməsi vaxtı hərbçilər onun nəticələrini “Silknet” şirkətinin xeyrinə dəyişdirərək 2,3 milyon dollar həcmində büdcə vəsaitinin mənimsənilməsinə yol veriblər.
Baş Prokurorluq tenderə qatılan “Silknet”-in 9 rəqibinə bilərəkdən səhv məlumatın verildyini vurğulayır.
İstintaqa istənilən sənədləri təqdim etməyə hazır olduğunu bildirən “Silknet” nümayəndələri tender vaxtı “hüquqi qaydalara” əməl olunduğunu bəyan edirlər.
Gürcüstanın Müdafiə Nazirliyi də tenderin qanunlara tam uyğun şəkildə aparıldığını bildirib.
2013-cü ilin dekabr ayında məxfi keçən tenderin nəticələrinə görə “Silknet” şirkətilə Müdafiə Nazirliyi arasında təchizat barədə razılaşma imzalanıb.

Şəklin mənbəyi, EPA
"Bu razılaşmaya görə Müdafiə Nazirliyi “Silknet” şirkətinə 6,7 milyon lari ödəməlidir. Bu məbləğdən 6,5 lari artıq avans şəklində ödənilib. Əvəzində “Silknet” 2015-ci ilin 16 yanvarında Müdafiə Nazirliyini əmlak və xidmətlə təchiz etməlidir ki, ekspertiza nəticələrinə əsasən, onun qiyməti cəmi 2,6 milyon lari təşkil edir”, - prokurorluğun açıqlamasında deyilir.
Müdafiə Nazirliyi təchizat sistemin şəffaflığını maksimal dərəcədə artırmaq üçün çoxsaylı addımların atıldığını bildirib.
"Tender komissiyalarının iclaslarında müşahidəçi statusu ilə qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər”, - Müdafiə Nazirliyi qeyd edir.
Gürcüstan ordusuna əsasən 2013-cü ildə “ölkədə keçirilən antikorrupsiya islahatlarını müsbət” dəyərləndirən NATO ekspertləri həmin təcrübəni partnyor ölkələrlə bölüşməyi təklif ediblər.
Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, 2012-ci ilə nisbətdə təchizat üzrə məxfi sövdələşmələrin sayı ixtisar edilərək 16 faizə endirilib.
"Müdafiə Nazirliyi əsaslı istintaqın keçirilməsində maraqlıdır və bütün tərəflərlə intensiv əməkdaşlığa hazır olduğunu bildirir”.
Fransaya səfərini başa vuran müdafiə naziri İrakli Alasaniya hazırda rəsmi səfərlə Almaniyadadır.
Bu arada prokurorluq “cinayətdə əli olan” başqa rəsmilərin müəyyənləşdirilməsi ilə bağlı istintaqın davam etdirildiyini qeyd edir.




