Putinsiz bir həftə: prezident niyə görünmürdü?

Şəklin mənbəyi, Getty
- Müəllif, Mixail Poplavski
- Vəzifə, BBC Moskva
Rusiya prezidenti Vladimir Putin bir həftə idi iki, ictamiyyət qarşısında görünmürdü və bu, onun səhhəti barədə suallar doğurmuşdu.
Prezidentin mətbuat katibinin sözlərinə görə isə Putin sağlamdır və əsasən də “qeyri-rəsmi” formatda fəal şəkildə işləyir.
Putinin ötən cümə Qazaxıstan və Belarus prezidentləri ilə görüşmək üçün Astanaya səfəri ləğv olunandan bəri onun xəstələndiyi barədə ehtimallar fəal şəkildə müzakirə olunurdu.
Eyni vaxtda “Rosneft”in rəhbəri İqor Seçinin vəzifəsindən gedəcəyi barədə informasiya peyda olmuşdu. Bu barədə “Nezavisimaya qazeta”nın baş redaktoru Konstantin Remçukov Twitter-də yazmışdı.
Hərçənd “Rosneft”in mətbuat xidməti bu xəbəri “əsassız fantaziya” kimi təkzib etmişdi.
“Təhlükəsizlik məsələsi”
Prezidentin internet saytı ötən cümə axşamı onun erməni həmkarı Serj Sarkisyanla telefon söhbəti barədə xəbər vermişdi.
Lakin prezident hakimiyyətinə yaxın jurnalist çevrələrindən BBC-nin Rus xidmətinə bildirmişdilər ki, dövlət başçısı doğrudan da ötən həftədən gözə dəyməyib.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov şaiyələri dağıtmağa çalışıb və Putinin xəstəliyi və İqor Seçinin tezliklə “Rosneft”in rəhbəri vəzifəsindən gedəcəyi barədə informasiyanı “yaz havasının təsiri” ilə əlaqələndirib.
“Elə ki, yazda Günəş parlayır, havadan baharın ətri gəlir, bəzi başlarda qızışma gedir. Kiminsə gözünə Seçinin istefası görünür, kiminsə gözünə hökumətin istefası... Bəziləri isə prezident Putini bir neçə gün televizorda görə bilmirlər” – deyib Peskov.
Lakin Peskov dərhal da təsdiq edib ki, Putin cümə axşamı keçiriləcək FTX kollegiyasında da iştirak edə bilməyəcək.
“Prezidentin ötən həftənin sonunda ictimaiyyət qarşısında görünməməsi onun sıx iş qrafiki və qapalı görüşləri ilə bağlıdır” – mətbuat katibi deyib.
Beynəlxalq Siyasi Ekspertiza İnstitutunun direktoru Yevgeni Minçenko hesab edir ki, Putinin ictimaiyyət qarşısından belə yoxa çıxmaları adi praktikadır.
Google-da axtarış
“O yoxa çıxmır, işləri ilə məşğul olur. Bu təhlükəsizlik məsələsidir, axı prezidentin qrafikində kövrək nöqtələr olmamalıdır” – ekspert BBC-nin Rus xidmətinə deyib.
Minçenko əmindir ki, hər dəfə Putinin xəstəliyi və ölümü barədə müzakirələri eyni adamlar açırlar.
“Bu söz-söhbətə əsas yoxdur, lakin əgər belə söz-söhbət ortaya çıxırsa, deməli bu, kimə isə lazımdır. Putin ictimaiyyət qarşısına çıxanda bu adamlar axmaq vəziyyətində qalacaqlar. Onlar 2012-ci ilin payızında da eyni söhbətləri edirdilər: “Vəssalam, qurtardı”- deyirdilər. Sonradan heç üzr də istəmədilər”.
Son dəfə bu qədər uzun müddətdə Putin ictimaiyyət qarşısında 2012-ci ilin payızında görünməyib. Yeri gəlmişkən, onun 15 illik hakimiyyəti zamanı bundan başqa “qeyri-ictimai” dövrü olmayıb.
O vaxt 2012-ci ildə onun köməkçiləri əmin etməyə çalışırdılar ki, Putin məşğuldur və sənədlərlə işləyir, hərçənd sonradan Dmitri Peskov etiraf etmişdi ki, prezident bel ağrısından əzab çəkir.
Bəzi ehtimallara görə, Putin bel zədəsini məşhur “durnalarla uçuş” zamanı alıb, lakin Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Putin sevdiyi cüdo məşqi zamanı zədələnib.
<link type="page"><caption> Həmçinin baxın: Putin deltaplanla durna qatarını müşayiət edib</caption><url href="http://www.bbc.co.uk/azeri/multimedia/2012/09/120906_putin_cranes.shtml" platform="highweb"/></link>
Asiya-Sakit Okean İqtisadi Şurasının 2012-ci ilin sentyabrında keçirilən sammitində jurnalistlər Putinin axsadığını görmüşdülər, bundan iki ay sonra isə İstanbulda Türkiyənin o vaxtkı baş naziri Recep Tayyip Erdoğan Rusiya prezidentinə kresloya əyləşməkdə şəxsən kömək etmişdi.
O vaxt Rusiyanın dövlət kanalları prezidenti ya oturarkən, ya da böyük planda göstərirdilər.
Kremlin Vladimir Putinin səhhətinin pisləşməsi barədə bütün şaiyələri belə cidd-cəhdlə təkzib etməsi, müşahidəçilərin yadına Sovet rəhbərlərinin səhhətinin az qala dövlət sirri olduğu vaxtları salıb.
Elə indi də Kuba və KXDR-in rəhbərlik aparatları öz liderlərinin səhhəti barədə həvəssiz məlumat verirlər.
“Hibrid sağlamlığı”
Runet isə bu hadisəyə yumoristik şərhlər seli ilə reaksiya verib. “Bəzi məlumatlara görə Putinin səhhətindəki problemlər barədə şaiyələri pirotexnika istehsalçıları buraxırlar” – yazır istifadəçi Olqa Motorna.
“Vladimir Vladimiroviç xəstə deyil – onda hibrid sağlamlığı var”. Muxi-qluxi hesabından yazılmış bu şərh isə Qərbin işlətdiyi “hibrid müharibə” ifadəsinə işarədir.
Putinin nə dərəcədə sağlam olduğu barədə Dmitri Peskovun dedikləri isə zərb-məsələ çevrilib. Mətbuat katibinin dediyinə görə, “prezident görüşəndə adamın əlini elə sıxır ki, az qalır sındırsın”.
Məsələn, karikaturaçı Sergey Yolkin operativ şəkildə mətbuat katibinin dediklərini onun özünə şamil edib.
“Görüşdüyü adamların əllərini bərkmi sıxır? Əli hələ istidir?” – deyə dead_lesbian adlı istifadəçi yazır.
Bu arada putinumer.com (putinölüb) saytının populyarlığı artıb. Saytı ziyarət edənlərə Putinin ölüb-ölmədiyini yoxlamaq təklif olunur və onlar hər dəfə klikləyəndə suallarına müxtəlif cavablar alırlar.
Bəziləri artıq mümkün hakimiyyət dəyişikliyini təsəvvürə gətirməyə çalışıblar.
“Şoyqu, Seçin, Bastrıkin, Patruşev, Yakunin, Kadırov və Rotenvberqlər dövrələmə oturublar və deyirlər: “Vəssalam, tiran getdi... Gəlin Boeing və adsız qəbirlər məsələsini boynumuza alaq, qoşunları çıxaraq, Krımı qaytaraq, büdcəni kəsməyi dayandıraq, Çurkini, Ernstlə birlikdə Kiselyovu işdən çıxaraq, xürafatdan əl çəkək, “Antimaydanı” dayandıraq... DTK-nı buraxaq və yalnız maaşla yaşamağa başlayaq. Hə, bir də Navalnıya zəng edin...”
Jurnalist və yazıçı, Çeçenistan kampaniyasının veteranı Arkadi Babçenko mümkün söhbəti məhz belə qələmə alıb.
Rusiya konstitusiyasına görə prezident öz səlahiyyətlərini yerinə yetirmək iqtidarında olmadıqda, fövqəladə seçkiyədək onun yerini baş nazir tutur. Bu mənada sıraca üçüncü yerdə Federasiya Şurasının spikeri gəlir.
Müxtəlif vaxtlarda politoloqlar Putinin mümkün varisləri arasında baş nazirin müavini Dmitri Roqozinin, müdafiə naziri Sergey Şoyqunun və hətta Çeçenistan başçısı Ramzan Kadırovun adlarını çəkiblər.





