Kreml Putinin Ali Məhkəmənin sədrilə görüşdüyünü bildirir

Şəklin mənbəyi, Ria Novosti

Cümə günü Rusiya prezidenti Vladimir Putin Novo-Oqaryevo iqamətgahında Ali Məhkəmənin sədri Vyaçeslav Lebedevlə görüş keçirib.

Görüşü əks etdirən fotoşəkil Rusiya prezident administrasiyasının saytında yerləşdirilib. Novo-Oqaryevo görüşündən kadrlar televiziya ilə də nümayiş etdirilib.

Putin bir həftə ərzində ictimaiyyət qarşısına çıxmayıb və iki gün əvvəl Qazaxıstana planlaşdırılmış səfərini ləğv edib.

Prezidentin mətbuat xidməti Vladimir Putinin xəstəliyilə bağlı məlumatları təkzib edərkən dövlət başçısının əsasən “qeyri-rəsmi görüşlər” formatında fəal işlədiyini bildirib.

Bundan əvvəl Dmitri Peskov, Vladimir Putinin xəstəliyi və “Rosneft” şirkəti rəhbəri İqor Seçinin istefası barədə məlumatları "yaz kəskinləşməsi" kimi dəyərləndirdi.

Şəklin mənbəyi, Ria Novosti

“Yazda Günəş çıxan kimi, yazın ətiri gələn kimi, xəstəliklər başlayır”, - Peskovun sözlərindən TASS agentliyi iqtibas gətirir. - Kiminsə xəyalına Seçinin, kiminsə hökumətin istefası gəlir. Kimsə bir neçə gündür ki, televiziyada Prezident Putini görmür. Biz bu kəskinləşmələrə rahat yanaşırıq, verilən sualları təmkinlə cavablandırırıq”.

Cümə günü Kreml Vladimir Putinin martın 16-da Qırğızıstan prezidenti Almazbek Atambayevlə görüşəcəyini bildirib.

Kremlin saytı Sankt Peterburq şəhərində keçəcək görüşdə “Qırğızıstanın Avrasiya İttifaqına qoşulması kontekstində Rusiya-Qırğızıstan əməkdaşlığı” ilə bağlı mühüm məqamların müzakirə ediləcəyini bildirir.

Sonuncu dəfə belə bir müddət ərzində Vladimir Putini 2012-ci ildə görməyiblər. O zaman prezidentin sənədlərlə işlədiyini bildiriblər. Hərçənd ki, bir qədər keçmiş Dmitri Peskov prezidentin bel ağrılarından əziyyət çəkdiyini deyib.

Bəzi gümanlara əsasən Putin belini durnalarla məşhur uçuşu zamanı zədələmişdir. Hərçənd ki, Belarus prezidenti Aleksandr Lukaşenko ağrılara səbəb olan zədənin cüdo ilə məşq vaxtı yarandığını bildirmişdi.