Prokurorluq Navalnıya 10 illik həbs cəzası istəyib

Şəklin mənbəyi, Reuters

Rusiya prokurorluğu “İv Roşe - Vostok” işi üzrə irəli sürülmüş ittihamla bağlı müxalifət lideri Aleksey Navalnıya 10 illik həbs cəzası istəyib.

Eyni zamanda dövlət ittihamçısı müxalifət liderinin qardaşı Oleq Navalnıya 8 illik həbs cəzasını tələb edib.

Cümə günü məhkəmə Aleksey Navalnının ev həbsi müddətini 15 fevraladək uzadıb.

Navalnı qardaşları “İv Roşe - Vostok” şirkətindən 26 milyon rubl və daha bir şirkətdən 4 milyon rubl (birlikdə 30 milyon rubl – 500 min dollar) dəyərində vəsait mənimsəməkdə təqsirləndirilirlər.

Qardaşlar ittihamı rədd ediblər.

2013-cü ildə Aleksey Navalnıya “Kirovles” işi üzrə mənimsəmə ittihamı ilə bağlı 5 illik şərti həbs cəzası kəsilib.

O vaxt müxalifət lideri ona qarşı qaldırılan ittihamların saxta olduğunu bildirib.