Navalnı seçkilərin nəticələrindən "şikayət etməyib"

Moskva şəhər rəsmiləri Alexey Navalnıdan Sergey Sobyaninin qələbəsilə bağlı şikayət almadığını bildiriblər.
Bunu Moskva şəhər seçki komissiyasının sədri Valentin Qorbunov bildirib.
Onun təbirincə, Rusiyada sentyabrın 8-də keçrilmiş Moskva meri seçkilərində 1-ci turda qalib gəlmiş Sergey Sobyaninin qələbəsilə razılaşmayan paytaxt meri vəzivəsinə namizəd olmuş müxalifət lideri Aleksey Navalnı səslərin yenidən hesablanması tələbilə seçki komissiyasına rəsmi ərizə ilə müraciət etməyib.
"Namizəd Navalnıdan şəhər seçki komissiyasına etiraz ərizəsi daxil olmayıb", "Exo Moskvı" radiosuna Qorbunov bildirib.
Namizədlərdən şikayət ərizələrinin qəbulu üçün ayrılmış müddət sentyabrın 17-də bitməlidir.
O eləcə də bildirib ki, yeni seçilmiş merin vəzifəsində təntənəli şəkildə təsdiqlənməsi mərasimi qısa bir zamanda keçirilə bilər.
Ötən çərşənbə axşamı Moskva şəhər icra komitəsi Sergey Sobyaninin şəhər meri seçilməsi barədə qərarı təsdiqləyib.
Məlumatlara görə, yeni merin vəzifəsində təntənəli şəkildə təsdiqlənməsi mərasimi əvvəl elan olunduğu kimi sentyabrın 18-də yox, cümə axşamı sentyabrın 12-də keçirilə bilər.
Aleksey Navalnı hesab edir ki, mərasimin tarixinin tezləşdirilməsinin əsas səbəbi seçki sənədlərini tezliklə möhürləyərək bu səhifəni tez bir zamanda geridə qoymaq istəyilə bağlıdır.
Navalnının qərargahında Sobyaninin səslərin yarıdan çoxunu qazanması məlumatı ilə razılaşmaq istəmirlər.
Bundan əvvəl isə müxalifətçi namizəd müşahidəçiləri tərəfindən pozuntular qeydə alınmış bir sıra seçki dairələrində səsvermənin nəticəsini yenidən yoxlamağı tələb edib.
Aleksey Navalnı Sobyaninin "qeyri-adi dərəcədə yüksək nəticə göstərdiyi məntəqələrdə" şəffaf və açıq şəkildə səslərin yenidən sayılmasını tələb edir.
Sobyaninin qərargahinda isə bildiriblər ki, qalibin topladığı səslərlə qalan namizədlərin topladığı səslər arasında "fərq o dərəcədə böyükdür ki, Sobyaninin qələbəsinə şübhə bildirməyə əsas qalmır".




