Aleksey Navalnı zaminə buraxıldı

Kremlin tənqidçisi mənimsəmə ittihamı ilə dünən 5 il müddətinə azadlıqdan məhrum edildikdən sonra bu gün apellyasiya dinləməsinədək zaminə buraxılıb.
Məhkəmənin hökmündə deyilir ki, həbsdə saxlanması onu sentyabr ayında keçiriləcək Moskva meri seçkilərində iştirakdan məhrum edə bilərdi.
Minlərlə Rusiyalı Navalnının məhkum edilməsi ilə əlaqədar etiraz edir və işin siyasi motivli olduğunu söyləyirdi.
Navalnı Rusiya prezidenti Vladimir Putinin ən qatı tənqidçisi sayılır.
BBC müxbiri Daniel Sandford bildirir ki, seçkilər sentyabrın 8-də olacaq və indi Navalnı ən azı kampaniya aparmaq imkanı yaradılıb.
Səfər məhdudiyyəti
Ötən cümə axşamı Navalnı Kirovun qubernatoru Nikita Belıxın müşaviri olduğu vaxtlarda qrup şəklində dövlət şirkəti “Kirovles”dən 16 milyon rubl və ya 500 min dollarlıq meşə materialının mənimsənilməsində təqsirli bilinmiş, 5 il müddətinə azadlıqdan məhrum olunmuşdu.
Lakin cümə günü Kirov regional məhkəməsi bir saatin içində zəmanət barədə ərizəni qəbul edib və onu zaminə buraxıb.
Navalnı və onunla birlikdə məhkum edilmiş Pyotr Ofitserov dərhal azad ediliblər.
Navalnı onun müdafiəsi üçün Manej meydanında etiraz edən tərəfdarlarına təşəkkürünü bildirib.
Maraqlıdır ki, təkcə vəkillər yox, prokurorluq da Navalnının azadlıqda qalmasına kömək edib.
Bununla belə, Navalnıya səfər məhdudiyyətləri qoyulub.
Təhlilçilər bildirirlər ki, hakimiyyət bu addımı atmaqla ictimai qəzəbi bir qədər sakitləşdirmək istəyib.




