Rusiyada müxalifət lideri Navalnının məhkəməsi başlayıb

Rusiyanın aparıcı müxalifət liderlərindən biri olan Aleksey Navalnının israfçılıq ittihamı ilə məhkəmə işi başlayıb.
Moskvada federativ müstəntiqlər ona qarşı ittihamları onun 2009-cu ildə, Kirov vilayətində şalban alverində qeyri-rəsmi məsləhətçi kimi işlədiyinə görə irəli sürüb.
Bloqçu fəaliyyətinə və Prezident Vladimir Putinin Vahid Rusiya partiyasını "fırıldaqçılar" elan etdiyinə görə tanınan 36 yaşlı cənab Navalnı təqsirli bilinsə, 10 ilədək həbs cəzası ala bilər.
Qısa məhkəmə dinləməsindən sonra hakim məhkəmə işini bir həftəlik təxirə salıb. Məhkəmə başlayan kimi Navalnının vəkili hazırlaşmağa kifayət qədər vaxt olmadığını bildirərək məhkəmənin gələn aya qədər təxirə salınmasını istəyib, lakin hakim istintaqı aprelin 24-də davam etdirməyə razılaşıb.
Cənab Navalnı 2009-cu ildə Kirovun qubernatorunun məsləhətçisi işləyərkən 16 milyon rubl ($500 000) mənimsəməkdə ittihamlanır.
130 məhkəmə işindən çoxdur ki, bu hakim heç kimə bəraət verməyib.
BBC-nin Moskvadakı müxbiri deyir ki, cənab Navalnı Putin hökümətinin ən uğurlu opponentlərindən biridir və on minlərlə adamı korrupsiyaya qarşı etiraz etməyə cəlb edə bilib.
