"Rusiyalı talibançı" terrorçuluq ittihamı ilə ABŞ məhkəməsinə çıxarılıb

Hamidullin Əfqanıstanda ABŞ tərəfindən saxlanılan 13 əcnəbidən biridir.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Hamidullin Əfqanıstanda ABŞ tərəfindən saxlanılan 13 əcnəbidən biridir.

Əfqanıstanda Taliban sıralarında vuruşduğu iddia edilən sabiq sovet zabiti terrorçuluq ittihamı ilə ABŞ məhkəməsi qarşısına çıxarılıb.

55 yaşında olduğu güman edilən İrek İlgiz Hamidullina ABŞ vətəndaşının qətlə yetirilməsi də daxil olmaqla 12 ittiham təqdim olunub.

Cənab Hamidullin 2009-cu ildə Əfqan sərhəd polisi və ABŞ qüvvələrinə hücumdan sonra ələ keçirilib.

O, Amerikaya göndərilməzdən öncə 5 il ərzində Baqram şəhərindəki ABŞ hava bazasında saxlanılıb.

İrek Hamidullin Əfqanıstandan Amerikaya aparılan ilk hərbi məhbusdur.

1980-ci illərin əvvəlində Hamidullin Əfqanıstana yeridilmiş Sovet Ordusunun tank komandiri olub.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, 1980-ci illərin əvvəlində Hamidullin Əfqanıstana yeridilmiş Sovet Ordusunun tank komandiri olub.

Çərşənbə günü əli qandallanmış cənab Hamidullin federal agentlərin müşayiətilə Virciniya ştatındakı Riçmond şəhərinin məhkəməsi qarşısına çıxarılıb.

19 səhifəlik ittihamnaməyə görə Hamidullin 1970-1980-ci illərdə Sovet Ordusunun zabiti kimi Əfqanıstanda xidmət edib.

Daha sonra bu ölkədə qalan Hamidullinin Taliban sıralarına qatıldığı bildirilir.

2009-cu ildə onun komandanlığı ilə üsyançıların 3 qrupu Əfqanıstanın sərhəd polisi və ABŞ qüvvələrinə hücum edib, ittihamnamədə deyilir.

Əfqanıstanda xidmət edən Hamidullin qarşı tərəfə keçib.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Əfqanıstanda xidmət edən Hamidullin qarşı tərəfə keçib.

İddialara əsasən o, havadan müdafiə silahları daşıyan üsyançıların ABŞ helikopterlərinə atəşini yonləndirib. Eynilə Hamidullinin Amerika əsgərlərinə atəş açdığı bildirilir.

İlk dəfə prosesə çıxarılarkən cənab Hamidullin çox az danışıb.

Məhkəmənin növbəti dinləmələri cümə gününə təyin olunub.

Hamidullin Əfqanıstanda ABŞ tərəfindən saxlanılan 13 əcnəbidən biridir.

Vaşinqton dekabrın sonunadək onların hamısının Amerikaya gətirilməsini planlaşdırır.