Türkiyə İslam Dövləti təhlükəsinə oyanır

- Müəllif, Mark Lowen
- Vəzifə, BBC, Hatay, Türkiyə-Suriya sərhədi
Burada cəbhə xətti pambıq tarlasından və zeytun bağlarından keçir: Bir tərəfdə qüdrətli NATO üzvüdür, digər tərəfdə islamçı silahlıların zəbt etdiyi və Qərbin hərbi müdaxilə üçün hədəflədiyi Suriya.
Türkiyə israr edir ki, Suriya ilə arasında olan 900 kilometrlik sərhəd İslam Dövləti (İD) və Suriya müharibəsinin gedişində yaranmış başqa cihadçı qrupların qarşısında sipərdir. Lakin real hadisələr başqa əhvalatdan xəbər verir.
Türkiyə son 3 il yarım ərzində Suriyaya silahların, ehtiyatların və xarici döyüşçülərin gətirilməsi üçün əsas qapı olub.
Suriya rejiminin qatı opponenti olan Ankara belə bir siyasət qəbul etmişdi ki, “kim olursa olsun, bircə Əsəd olmasın”. Ankara silahlı qruplaşmaların artmasını görməməzliyə vurduğuna, hələ üstəlik, onları fəal şəkildə həvəsləndirdiyinə görə ciddi tənqid olunurdu.
Lakin son bir neçə ayda vəziyyət dəyişib: 49 Türkiyə diplomatı və onların ailələri ötən iyunda İraqın Mosul şəhərində oğurlanıb və indiyədək girov saxlanır.
Bu və İD-in İraq və Suriya boyunca sürətli irəliləyişi, deyəsən, Türkiyənin bu təhlükəyə gözlərini açıb. İndi isə Türkiyə hərəkətə keçib.
“Keçilməz keçid”
Biz ölkənin cənubundakı Hatay regionunda sərhəd boyunca patrul keşiyini gücləndirmiş Türkiyə ordusu ilə yaxından tanışlıq kimi nadir imkan qazanmışıq. Təkcə bu ərazidə 5000 əsgər yerləşdirilib və Türkiyə vəziyyətə nəzarətini nümayiş etdirmək istəyir.
Mənə yeni avadanlığı – radarları və termal rəsmləmə kameralarını göstərən batalyon komandiri polkovnik-leytenant Ümit Durmaz Türkiyənin astagəllikdə tənqid olunmasını qəbul etmir.
“Müharibə başlanan kimi biz sərhəddə mühafizə tədbirlərinə başladıq və bu tədbirlər son üç ildə daim artırılıb” – deyə o, israr edir – Mən bizə qarşı ittihamları ədalətsiz hesab edirəm”.

Mən soruşuran ki, Türkiyə hərbiyyəsi Avropanı yaraqlı təhlükəsindən qorumağa qabildirmi?
“Bu sərhədi bizim icazəmiz olmadan keçmək qeyri-mümkündür. Mən çox istərdim ki, Avropa və Türkiyə bizə etibar etsin- deyir hərbçi, - İslam Dövləti və ya hər hansı başqa qrup bizim sərhədimizə hücum edə bilməz. Buna bütün gücümüzlə cavab verərik”.
Bütünlükdə, ordu xırda criminal fəaliyyətə qarşı tədbirlərlə məşğuldur.
Türkiyə sərhədlərinin şərəf və toxunulmazlığının tam qorunacağına dair gündəlik andiçmə mərasiminin ardınca əsgərlərdən bəziləri keşikçi qüllələrinə qalxırlar. Buradan Suriyanın şimalındakı çöllüklər - əl-Qaedaya bağlı ən-Nüsrə Cəbhəsinin nəzarətində olan ərazi görünür.
“Biz gündə 10-15 benzin və siqaret qaçaqmalçısı həbs edirik və çox vaxt onlarla atışmalı oluruq” – detyir polkovnik-leytenant Ünsal Akyel.
“O tərəfdə qanuni hökumət olmadığı üçün silahlar adi insanların əlinə keçir” – deyir polkovnik.
Birdən aşağıda, çay kənarında tərpəniş gözə dəyir. Bunlar Türkiyəyə keçmək istəyənlərdir. Sərhədçilər zirehli maşınlara minir və ehtiyatla hadisə yerinə gedirlər.
Məlum olur ki, bunlar sadəcə olaraq qaçqınlardır. Müharibə başlanandan Suriyada 3 milyon insan qaçqın düşüb. Onlar günün altında orturublar, əldən düşüblər, uşaqlar yaxınlıqdakı bir parça otluqda oynayırlar.
“Biz ona görə qaçırıq ki, Əsəd rejimi kəndlərimizi bombalayır və uşaqlarımızı öldürür – deyir beş uşaq anası Heyfek Neus – hamımız bura salamat gəlib çıxa bilməmişik. Qardaşlarımızdan biri yolda ölüb”.
“Rahat hədəf”

Təkcə bu il Hatayda hərbçilər sərhədin Türkiyə tərəfinə keçmək istəyən 17 min şəxsi saxlayıblar.
Bu, ötən il tutulanlardan iki dəfə çoxdur və sərhədin möhkəmləndirildiyini göstərən inandırıcı faktdır.
Tutulanların əksəriyyəti qaçqınlardır. Onları müvəqqəti düşərgələrdə yerləşdirirlər. Elələri də var ki, Suriyaya daxil olan və oranı tərk edən xaricilərdir. Bunların cihada qoşulmasından şübhələr var.
Türkiyədən Suriyaya keçməyə cəhd edərkən saxlanmış demək olar ki, 9000 nəfərin arasında Somali, Danimarka və Fransa kimi ölkələr də daxil 15 ölkənin vətəndaşı var.
Keçmişlərdə Hataya gələn təyyarələr əcnəbi döyüşçülərlə dolu olardı. Onlar bir vaxtlar dəlmə-deşik olan sərhədi asanlıqla keçərdilər. Lakin indi vəziyyət dəyişib.
“Türkiyə, beynəlxalq birliyin Suriyaya münasibətdə yanlış siyasətini ört-basdır etmək məqdsədilə ədalətsiz olaraq tənqid edilir” – deyir baş nazirin müşavirlərindən Cemalettin Haşimi.
“Günahlandırmaq üçün Türkiyə rahat hədəfdir. Əksinə, biz gərək diqqətimizi mənbə ölkələrə yönəldək. Onlar isə öz vətəndaşlarının vuruşmaq üçün Suriyaya səfər etmələrinin qarşısının alınması naminə heç bir iş görmürlər” – deyir müşavir.
Lakin tənqidçilər deyirlər ki, belə bəhanələr daha çirkin siyasətləri gizlətmək üçün gətirilir.
“Türkiyə hökuməti silahlı qruplaşmaların böyüməsinə kömək edib” – deyir müxalif CHP-dən Mehmet Ali Ediboğlu.

“Bu gün İslam Dövlətinin və ya ən-Nüsrənin hegemonluq etdikləri ərazi Türkiyə sərhədinə çox yaxındır. Onlar Suriyanın cənub hissələrində özlərinə ayaqyeri edə bilməyiblər. Silahlılar məhz burdan gəlib-gedirlər” – deyir siyasətçi.
Yaxın təhlükə
Müsəlman Türkiyəsi ABŞ-ın İD-ə qarşı strategiyasında açar amil sayılır.
Türkiyə həm Suriya, həm də İraqla həmsərhəddir və burada Amerikanın iri hərbi bazları mənzillənib. Bundan əlavə, Türkiyə NATO-da ikinci ən böyük orduya sahibdir.
Lakin İD tərəfindən girov saxlanan diplomatlar Türkiyənin növbəti addımlarını çətin edir.
Ankara qaçqın axınını səngitməyə çalışır. Türkiyə narahatdır ki, silahlar Suriyadakı kürdlərdən Türkiyədə terror təhlükəsi sayılan kürd PKK döyüşçülərinin əlinə keçə bilər.
Bu narahatlıqları nəzərə alan hökumət rəsmiləri deyirlər ki, Türkiyə döyüş əməliyyatlarında iştirak etməyəcək və öz hərbi bazalarından hava reydləri üçün istifadə olunmasına icazə verməyəcək. Lakin ölkə mühüm humanitar rol oynayacaq və onun Qərbin rəhbərlik etdiyi koalisiyaya dəstəyi həlledici olacaq.
Biz sərhəddən uzaqlaşanda birdən Suriya tərəfdə ağır silahlamnmış ən-Nüsrə döyüşçülərini daşıyan yük maşını diqqətmizi cəlb edir.
Biz dönüb geri qayıdırıq. Lakin onlar cəld meşəliyə girib qeyb olurlar. Yaxınlıqdakı binadan onların qara bayrağı asılıb.
Bu, təhlükənin nə qədər yaxın və Qərbin bu təhlükə ilə Türkiyənin üzləşmək qabiliyyətindən necə asılı olduğunu göstərir.




