Ukrayna münaqişəsi: Rusiyanın yardım karvanı tərpənmir

Karvanın Ukrayna ərazisinə hansı məntəqədən daxil olacağı barədə ziddiyyətli məlumatlar verilir.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Karvanın Ukrayna ərazisinə hansı məntəqədən daxil olacağı barədə ziddiyyətli məlumatlar verilir.

Rusiyanın qalmaqallı yardım karvanı barədə mübahisələr intensivləşərkən Ukraynada, üsyançıların idarə etdiyi Donestk şəhərində artilleriya atəşi davam edib.

Ən azı 260 yük maşınından ibarət olan karvan sərhədə doğru irəliləyəndən sonra dayanıb və hazırda tərpənmir.

Onun son təyinatı barədə mübahisələr davam edir. Cümə axşamı yük maşınları sərhəddən bir neçə kilometr aralıqda, çəməndə dayanıb, BBC müxbiri Steve Rosenberg xəbər verir. O, karvanın izi ilə gedir.

Donetskdə evakuasiya xəbərdarlığı səslənəndən sonra şəhərin mərkəzində işləyən adamlar ofislərindən kütləvi şəkildə çıxıb. Ən azı bir adam həlak olub.

Artıq bir neçə həftədir ki, Ukrayna əsgərləri ilə rusiyapərəst üsyançılar arasındakı döyüşlər Donetski əhatə edir.

Rəsmi Kiyev ölkəyə daxil olmadan karvanın beynəlxalq müşahidəçilər tərəfindən yoxlanılmasını tələb edir.

Rusiya yardım adıyla separatçılara hərbi ləvazimatın göndərilməsi barədə iddiaları "absurd" adlandırıb.

Son günlər ərzində Ukraynanın şərqində döyüşlər şiddətlənib.

BMT-nin məlumatına görə, aprel ayında başlayan döyüşlərdə 2098 adam öldürülüb, onların yarısı isə son iki həftə ərzində həlak olub.