Rusiyadan gələn karvan Ukrayna ilə sərhəddə yaxınlaşır

Şəklin mənbəyi, Reuters
Ukraynanın şərqi üçün humanitar yardım karvanı Voronejdən Rusiya-Ukrayna sərhəddinin yerləşdiyi Belqorod istiqamətinə doğru irəliləyir, Rusiya kütləvi-informasiya vasitələri öz müxbirlərinə istinadən məlumat yayıb.
Uzunluğu təqribən 3 km olan 280 ağ yük maşınından ibarət karvan Voronejə gecə daxil olub. Orda sürücülər istirahət və yük maşınlarının yanacaq ehtiyatını doldurmaq üçün fasilə ediblər.
Hələ də yükün Ukrayna ərazisinə məhz necə düşəcəyi məlum deyil.
Rəsmi Kiyev bəyan edib ki, Rusiya humanitar karvanı Ukrayna ilə sərhəddə yükünü Qırmızı Xaç nümayəndələrinə ötürməlidir, maşın karvanının özü isə Ukrayna ərazisinə daxil olmayacaq.
Bununla belə, çərşənbə axşamı Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında yükün ötürülməsi barədə heç bir söz deyilməyib. XİN-in məlumatına görə, "Rusiya-Ukrayna sərhəddini keçəndən sonra karvan Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında yoluna davam edəcək".
Daha öncə fransız diplomatlar humanitar yardım adı altında Rusiyanın hərbi əməliyyat keçirmək təhlükəsiz barədə xəbərdarlıq edib.
Çərşənbə axşamı ABŞ prezidenti Barack Obama deyib ki, döyüşlər gedən regiona "humanitar" yardım bəhanəsi altında istənilən müdaxilə ancaq Ukrayna hakimiyyətinin formal razılığı və Kiyevin müvafiq razılığından sonra həyata keçirilə bilər.
NATO Baş Katibi Anders Fogh Rasmussen öz növbəsində bəyan edib ki, Rusiyanın Ukraynanın şərqinə birbaşa müdaxiləsini istisna etmir. Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bu bəyanatları "absurd" adlandırıb.




