Rusiya Ukraynaya “yardım missiyası” göndərir

Şəklin mənbəyi, Vkontakte
Çərşənbə axşamı humanitar yardım daşıyan 280 avtomobil Moskva yaxınlığındakı Naro-Fominsk şəhərindən Ukraynaya doğru yola düşüb, Moskva vilayətinin adminstrasiyasından bildiriblər.
Rusiya hakimiyyəti yardım məqsədilə tibbi ləvazimat, içməli su, ərzaq və elektrik generatorlarının göndərildiyini qeyd edib.
Qərb Rusiyaya xəbərdarlığında humanitar yardım adıyla Ukraynaya müdaxilədən çəkinməyə səsləyib.
Kremlin nümayəndəsi Dmitry Peskov humanitar yardımın bəhanə kimi istifadə olunması ilə bağlı ehtimalları “absurd” kimi dəyərləndirib.
“Avtomobil karvanı şərqi Ukrayna sakinlərinə Moskva və Moskva vilayəti sakinlərinin topladığı 2 min tonluq yardımı çatdıracaq”, - Moskva vilayətinin administrasiyanın açıqlamasında deyilir.
Bazar ertəsi prezident Vladimir Putin Beynəlxalq Qızıl Xaç Komitəsilə (BQXK) əlaqələndirilmiş şəkildə yardım missiyasının həyata keçiriləcəyini bildirib.
Ukraynanın şərqində böhranlı humanitar vəziyyətin yarandığını təsdiqləyən BQXK bütün tərəflərdən təhlükəsizlik təminatının alınacağına qədər humanitar əməliyyatda iştirak etməyəcəyini bildirib.
Bu arada Rusiya sosial şəbəkələrində sülhməramlı missiyada iştirak edəcək avtomobil və texnikanın ağ rəngə boyandığı bildirilir.
"Rusiya ordusu KAMAZ-ları ağ rəngə boyayır. Üzərinə Qırmızı Xaç və yaxud BMT yazılsa, yola düşmək olar”, - istifadəçilərdən biri qeyd edir. Belə görünür ki, texnikanı boyayan bəzi hərbçilərin şəkilləri də internetə yüklənib.
Rusiya karvanının Ukrayna sərhədinə çərşənbə günü çatacağı ehtimal olunur.




