Ermənistan Avrasiya İttifaqının astanasında qalıb

eurasian_economic_council

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Avrasiya Ali İqtisadi Şurasının Astana toplantısında Ermənistanın üzvlüyü haqqında sənədin imzalaması iyulun 1-dək təxirə salınmışdı

Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qəbul olunması haqqında sazişin imzalanması tarixi növbəti dəfə təxirə salınıb, bu barədə Qazaxıstan xarici işlər naziri Yerlan İdrisova istinadən “İnterfaks-Qazaxıstan” xəbər verib.

“Müvafiq sənədlərin imzalanması cari ilin oktyabrında Avrasiya İqtisadi İttifaqına üzv olan dövlət başçılarının Minskdə keçirilən növbəti görüşü zamanı ehtimal olunur”, - Twitter yayımı çərçivəsində istifadəçinin sualını cavablayan İdrisov yazıb.

Dörd ilə yaxın Avropa Şərq Tərəfdaşlığı çərçivəsində danışıqlar aparan Ermənistan hələ ötən ilin ortalarında Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamağa hazır olduğunu bəyan etmişdi.

Lakin sentyabrın 3-də Rusiya prezidenti ilə görüşdən sonra prezident Serj Sarkisyan Ermənistanın Rusiya, Belarus və Qazaxıstanla Gömrük İttifaqına qatılmaq və daha sonra Avrasiya İqtisadi İttifaqın təsis edilməsində iştirak etmək “arzusunda” olduğunu bəyan etmişdi. Bundan sonra isə Avropa İttifaqı assosiasiya sazişinin artıq danışıqlar masasından qaldırıldığını bəyan etmişdi.

Müxalif İrs Partiyasının sədr müavini Armen Martirosyan hesab edir ki, Ermənistanın Aİİ-ə daxil olması haqqında sazişin imzalanmasını uzadaraq Rusiya Azərbaycanı İttifaqa cəlb edilməsinə çalışır, Bakını həvəsləndirmək üçün isə Kreml Qarabağ məsələsində güzəştlər vəd etməyə hazırdır.

“Öz məqsədinə nail olduqdan sonra Ermənistanın Aİİ-ə üzvlüyü Rusiyanı maraqlandırmır. Putinin məqsədi “Avropa Tərəfdaşlığı”nı dağıtmaq olub”, - Martirosyan Yerevanda jurnalistlərə deyib.

Aİİ sazişi

Ermənistanın Gömrük İttifaqına və Aİİ-yə qoşulmaq üçün lazım olan sənədlərin hazırlanmasında əzmkarlığını hətta Rusiya rəsmiləri xüsusilə qeyd edib. Lakin rəsmi Yerevanın “yaxın zamanda” saziş imzalamaq tarixi dəfələrlə təxirə salınıb.

Aİİ ölkə başçılarının 29 mayda Astana sammitində Ermənistanın təşkilata qəbul olunması sazişin iyulun 1-dək hazırlanması qeyd olunsa da, sənədin imzalanma tarixi göstərilməmişdi.

Lakin imzalanma tarixinin mütəmadi olaraq təxirə salınmasının səbəblərinə dair suala Ermənistan Baş Naziri də aydın cavab verməyib.

“İyulun 3-ü görüşündən [Aİİ üzv ölkə rəhbərlərinin] sonra aydın olar. Hər halda, mən hesab edirəm ki, bu proses baş tutacaq. Müddət məsələsində dəyişiklik ola bilər”, - deyib Hovik Abrahamyan.

“Baş tutmazsa – daha yaxşı...”

alexandr_arzumanyan

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Ermənistanın sabiq xarici işlər naziri Armen Arzumanyan hesab edir ki, Ermənistanın Aİİ üzvlüyü ilə bağlı proseslər Yerevandan asılı olmayaraq hərəkət edir

Ermənistanın sabiq xarici işlər naziri, millət vəkili Aleksandr Arzumanyan hesab edir ki, Ermənistan hökumət nümayəndələrinin bu prosesdən xəbəri yoxdur, bu, onlardan asılı deyil.

Bundan başqa, onun sözlərinə görə, “Gömrük İttifaqının təsisçi üç ölkələri arasında da tənzimlənməyə ehtiyac olan ziddiyyətlər az deyil”.

“Hər necə olsa da, mən Ermənistanın Avrasiya İttifaqına daxil olmayacağına ümid edirəm”, - Arzumanyan deyib.