Sarkisyan: Gömrük İttifaqına Qarabağla "qatılmağa iddia etmirik"

Şəklin mənbəyi, BBC World Service
Ermənistan Gömrük İttifaqına öz sərhədləri hüdudunda daxil olacaq və Dağlıq Qarabağın özü ilə bu quruma qatılmasına iddia etmir, bu barədə çərşənbə axşamı gecəsi Ermənistan İctimai Televiziyasına müsahibəsində Ermənistan prezidenti deyib.
Serj Sarkisyan Ermənistanın Gömrük İttifaqına bütün başqa beynəlxalq təşkilatlara üzv olduğu sərhədləri ilə daxil olacağını bəyan edib.
“Bəli, Ermənistan Respublikası Gömrük İttifaqına məhz özünün tanıdığı sərhədləri ilə, son 20, 22, 23 il ərzində bütün başqa beynəlxalq qurumlara üzv olduğu kimi daxil olacaq. Kim deyə bilər ki, bu, sual doğurur və bu mövqe səhvdir”, - Sarkisyan deyib.
“O da həqiqətdir ki, Ermənistan Respublikasının, açığını deyim, ikinci erməni respublikası – Dağlıq Qarabağ Respublikası - ilə xüsusi əlaqələri var, və Dağlıq Qarabağ Respublikasının müstəqil ölkə olmasını şübhə altına salmaq səhvdir, - Sarkisyan öz mövqeyini izah edib. – Bəli, müəyyən konkret məqamlar ucbatından biz Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanımamışıq”.
“Dağlıq Qarabağı məndən müdafiə etməyin”
“Mən fürsətdən istifadə edərək, mənim tənqidçilərimə müraciət edib onlardan xahiş edirəm: Artsaxı məndən müdafiə etməyin. Bu, həm təhqiredici, həm cəfəngiyatdır, cəfəngiyat”, - Sarkisyan deyib.
Mayın 29-da Astanada Avrasiya Ali İqtisadi Şurasının (AAİŞ) toplantısında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bəyanatını şərh edərək, Serj Sarkisyan bunun 10 nəfərdən ibarət Ermənistan nümayəndə heyəti üçün gözlənilməz olmadığını bildirib.

Şəklin mənbəyi, BBC World Service
Sarkisyan “Nazarbayeva yerində cavab vermədiyinə görə onu təhqiranə vəziyyətə düşməkdə” suçlayanlara izah edib ki, “diplomatiya kişilik nümayiş etdirmək yeri deyil”
AAİŞ Astana toplantısında Nursultan Nazarbayev Azərbaycan prezidentinin təşkilatın rəhbərliyi ünvanına məktubuna istinadən Ermənistanın Dünya Ticarət Təşkilatına və başqa beynəlxalq təşkilatlara BMT tərəfindən tanınmış beynəlxalq sərhədləri çərçivəsində daxil olduğunu xatırladıb və Avrasiya və Gömrük İttifaqlarına da həmin əraziləri ilə daxil ola biləcəyini bəyan edib.
Ermənistanda Qazaxıstan prezidentinin Avrasiya İttifaqına üzv olmayan Azərbaycan prezidentinin “Ermənistan üçün yol xəritəsini” təklif etməsi və Ermənistan nümayəndə heyətinin yerində öz münasibətini bildirməməsi neqativ reaksiyalar doğurub.
Ermənistan ayrı, Dağlıq Qarabağ ayrı
Sarkisyanın opponentləri Nazarbayevin bəyanatını “qardaş müsəlman dövləti Azərbaycanla həmrəylik və İlham Əliyevin sifarişini yerinə yetirmək” kimi şərh ediblər.
Başlıcası isə, onlar, Ermənistan Gömrük İttifaqına üzv olduqdan sonra, faktiki vahid iqtisadi məkan kimi fəaliyyət göstərən Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsi qoyulacağı və əslində Qarabağın Ermənistandan sərhədlə ayrılacağından ehtiyatlanırlar.

Şəklin mənbəyi, BBC World Service
Astanadan qayıdan Ermənistan prezidenti Nazarbayevin bəyanatını “xoşagəlməz” adlandırsa da, opponentlərinin arqumentlərinə: “Bəs kim deyib ki, Qarabağ Ermənistanın tərkib hissəsidir?” – sualı ilə cavab verib.
“Mən xoşagəlməz deyəndə, məzmunca (Nazarbayevin bəyanatı) yox, ona görə xoşagəlməz hesab edirəm ki, Gömrük İttifaqının üzv ölkələrindən birinin prezidenti Azərbaycan prezidentinin məktubuna istinad edir. Yalnız bu qədər”, - Ermənistan İctimai Televiziyasına müsahibədə Serj Sarkisyan deyib.
“Bir daha deyirəm, Ermənistanın öz sərhədləri, Dağlıq Qarabağın öz sərhədləri var, bunda şübhəli bir şey yoxdur. Dağlıq Qarabağın müstəqilliyini tam düzgün anlamaq istəməyən və bunu müzakirə mövzusuna çevirməyə çalışan siyasi xadimlər isə vəsilə olmurlar, əksinə, problemin həllinə mane olur və Ermənnistan Respublikası üçün əlavə təhlükələr yaradırlar”, - Sarkisyan vurğulayıb.
AAİŞ Astana iclasında Serj Sarkisyan Ermənistanın iyunun 15-nədək bu quruma daxil olmaq haqqında sazişi imzalamağa hazır olduğunu bəyan edib, lakin Avrasiya İttifaqının üç təsisçi ölkəsi - Belarus, Qazaxıstan və Rusiya – prezidentləri iyulun 1-i tarixini “daha real” biliblər.




