Qarabağ Ermənistanın "Gİ üzvlüyünə problem yaradır"

armenia_karabakh_border

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Gömrük İttifaqı Ermənistanla Dağlıq Qarabağı sərhədlə ayıra bilər
    • Müəllif, Aleksey Manvelyan
    • Vəzifə, Yerevan, BBC Azərbaycanca

Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olduqdan sonra Ermənistanla Dağlıq Qarabağ sərhədində gömrük məntəqəsi qurula bilər və Avropa İttifaqının ümumi sərhədi Ermənistan Respublikasının tanınmış sərhədi üzrə keçə bilər.

Bunu Yerevan-Moskva-Minsk-Astana televiziya körpüsü formatında “RİA Novosti-Armenia” agentliyində jurnalistlər üçün keçirilən video bağlantı zamanı Avrasiya İqtisadi Komissiyasının İnkişaf və İnteqrasiya Departamentinin Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi Anton Azarov deyib.

“Birmənalı deyə bilərəm ki, Dağlıq Qarabağın Gömrük İttifaqına üzvlüyü və ya bizim hər hansı birlikdə iştirakımız heç vaxt nəzərdən keçirilməyib. Sərhədlər Ermənistan Respublikasının hazırda tanınan sərhədləri hüdudunda olacaq”, - jurnalistin müvafiq sualını cavablandıran Azarov bəyan edib.

Ziddiyyətli bəyanatlar

Belə bir sualın gündəmə gəlməsinə Gömrük İttifaqına qatılmaq və Avrasiya İqtisadi İttifaqına üzv olmaq qərarını bəyan edən Ermənistan rəhbərliyinin mütəmadi olaraq “Ermənistanla Dağlıq Qarabağ arasında sərhəd ola bilməz” kimi mülahizələri səbəb olub.

Hətta Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bəyan edib ki, “Qarabağ – qırmızı xətdir, biz heç vaxt bu xətdən o yana keçmərik”.

Daha əvvəl Gömrük İttifaqının daha iki üzvü Qazaxıstan və Belarus Dağlıq Qarabağın Ermənistanla birlikdə Gİ-ə qatılmasına qarşı çıxış ediblər.

Bu isə o deməkdir ki, Yerevanın Gİ üzvü olacağı təqdirdə Ermənistan Respublikası ilə Dağlıq Qarabağ sərhədində gömrük məntəqəsi qoyulmalıdır.

Telekörpüdə iştirak edən Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Artak Zakaryan Anton Azarovun bəyanatına cavab olaraq deyib ki, Dağlıq Qarabağ Avrasiya İqtisadi Məkanın coğrafi ərazisində yerləşir və Qarabağ probleminin siyasi həllindən sonra “Avrasiya İttifaqı daxilində inteqrasiya prosesləri yeni impuls alacaq”.

Lakin tədbir başa çatdıqdan sonra Ermənistan rəsmisi yenə də Ermənistanla Qarabağ arasında gömrük məntəqəsi qoyulacağı ehtimalı istisna edib.

“Ermənistan respublikası ilə Dağlıq Qarabağ arasında heç bir şəraitdə gömrük sərhədi ola bilməz”, - Artak Zakaryan jurnalistlərə deyib.

Ermənistan Xarici İşlər Nazirliyində Anton Azarovun bəyanatını şərh etməkdən imtina ediblər.

Ermənistanın üzvlüyü ləngiyir

Rəsmi Yerevan Gömrük İttifaqına daxil olmaq üçün bütün sənədlərin hazırlandığını və artıq bu il rəsmən Gİ üzvü olacağını və Avrasiya İqtisadi İttifaqının yaradılmasında təsisçi kimi çıxış edəcəyini dəfələrlə bəyan edib.

Lakin aprel ayının sonunda Minskdə Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistan prezidenti iştirak etməyib, Ermənistanın təşkilata üzvlüyü məsələsini Rusiya, Qazaxıstan və Belarus prezidentləri müzakirə ediblər. Lakin Ermənistanın üzvlüyü məsələsinin nə vaxt həll olunacağı dəqiqləşdirilməyib.

Avrasiya İqtisadi Komissiyasının İnkişaf və İnteqrasiya Departamentinin Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi Anton Azarov Avrasiya İqtisadi İttifaqının yaradılması haqda sazişin 29 mayda Astanada imzalanacağını elan etsə də, Ermənistanın məsələsi hələ açıq qaldığını bildirib.

“Sənəd milli parlamentlərdə ratifikasiyadan keçməlidir və 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək. O ki qaldı Ermənistana, məsələ belədir: iyunun 1-dək Ermənistan Respublikası yalnız Avrasiya İqtisadi İttifaqına birləşmək haqqında saziş layihəsini hazırlamalıdır. Sənədin nə vaxt imzalanacağını deyə bilmərəm. Bu, tərəflər arasında danışıqlar məsələsidir”, - Azarov qeyd edib.