Ermənistanın Gİ-yə birləşməsi üzrə “yol xəritəsi” təsdiq olunub

Vladimir Putin, Serj Sarkisyan
Şəklin alt yazısı, Rusiya və Ermənistan prezidentləri – Vladimir Putin və Serj Sarkisyan – Yerevanda iki ölkə arasında sazişlərin imzalanması mərasimində, 2 dekabr 2013

Moskvada Avrasiya Ali İqtisadi Şurasının toplantısında Ermənistanın Gömrük İttifaqına və Avrasiya iqtisadi məkanına birləşməsinin "yol xəritəsi" təsdiq olunub.

Bu barədə Kremldə iclasın yekunlarına dair jurnalistlərə Rusiya prezidenti Vladimir Putin bildirib.

Qırğızıstanın Gİ-yə qoşulması tədbirlər planı ilə bağlı Putin sənədlərin praktik olaraq hazır olduğunu və hal hazırda "qırğız həmkarlarla" uzlaşdırıldığını bəyan edib.

Rusiya Belorusla və Qazaxıstanla tərtibli əlaqələrini davam etdirmək və miqyaslı Avrasiya iqtisadi layihənin gerçəkləşdirilməsi niyyətindədir, Vladimir Putin deyib.

Ermənistan prezidenti Serj Sarkisyan 24 dekabrda Avrasiya Ali İqtisadi Şurasının (AAİŞ) dövlət başçıları səviyyəsində geniş tərkibdə iclasında iştirak etmək üçün işçi səfərlə Rusiya paytaxtına gedib.

Rusiya prezidentinin mətbuat xidmətinin məlumatına görə, iclas əvvəlcə Gömrük İttifaqına üzv ölkələri – Rusiya, Belarus və Qazaxistan – prezidentlərinin iştirakı ilə keçib, sonra isə tədbirə Ermənistan və Qırğızıstan prezidentləri və Ukrayna baş naziri qoşulublar.

AAİŞ toplantısının gündəliyinə, Gömrük İttifaqının genişlənməsi məsələsindən başqa, fəaliyyətə 1 yanvar 2015-ci ildən başlayacağı nəzərdə tutulan Avrasiya İqtisadi İttifaqın yaradılması məsələsinin daxil ediləcəyi gözlənilir.

Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında saziş gələn ilin may ayında imzalanmalı və daha sonra üzv ölkələr tərəfindən ratifikasiya edilməlidir.

Bugünkü iclasdan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, "AAİŞ iclasında Ermənistanla Qırğızıstanın Gömrük İttifaqına və Avrasiya iqtisadi məkanına qatılması üzrə yol xəritələri nəzərdən keçiriləcək və, güman ki, Ermənistanın yol xəritəsi təsdiqlənəcək".

Qırğızıstanın “yol xəritəsinə” gəldikdə, bu ölkənin rəhbərliyi sənədi təqdim edildiyi məzmunda imzalamaq niyyətində olmadığını və sənədin şərtləri ətrafında danışıqları davam etdirmək istədiyini bəyan edib.

AAİŞ toplantısının əsas intriqası isə Ukrayna baş naziri Nikolay Azarovun iştirakıdır. Ukrayna hakimiyyəti Gömrük İttifaqına daxil olmaq haqqında qəti qərara gəlmədiyini və Avropa İttifaqı ilə danışıqları davam etdirmək niyyətində olduğunu israr etməkdə davam edir.