Ermənistana 30 il ərzində Rusiyadan başqa ölkədən qaz almağı qadağan edən sazişlər təsdiqləndi

Armenian parliament
Şəklin alt yazısı, Hakim fraksiyalar Rusiya ilə "ziddiyyətli" qaz sazişlərinin lehinə səs veriblər

Ermənistan Milli Məclisi bazar ertəsi növbədənkənar iclasında, dekabrın əvvəlində Vladimir Putinin Ermənistana səfəri zamanı imzalanmış, Rusiya ilə üç mübahisəli qaz sazişini ratifikasiya edib.

Bu sazişlərə əsasən, Ermənistan gələn 30 il ərzində Rusiyadan başqa ölkədən qaz almaq hüququndan məhrum edilir və Rusiyadan, azı 9 faiz gəlir təmin etmək şərtilə, ildə 2.5 milyard kub metr qaz almaq öhdəliyini götürür.

Parlament binası qarşısında etiraz aksiyası ilə müşayiət olunan mübahisəli sazişlərin lehinə 77 millət vəkilinin səs verdiyi bildirilir.

Daha sonra Milli Məclisin sədri Hovik Abrahamyan bəyan edib ki, hesablayıcı komissiya səslərin hesablayanda səhvə yol verib: “Armrosqazprom” şirkətinin 20 faiz səhmlərinin Rusiyaya verilməsi müqaviləsinin ratifikasiyası lehinə 77 yox, 72 millət vəkili səs verib.

Bu, hakim Respublikaçılar və Qanunçuluq Ölkəsi partiya fraksiyalarının ümumi sayından bir nəfər artıqdır. Bitərəf və əleyhinə səs verən olmayıb. Azlıq təşkil edən parlament fraksiyaları səsvermə zamanı iclas zalını tərk ediblər.

Səsvermə açıq şəraitdə əl qaldırmaq üsulu ilə keçirilib. Bunun səbəbi odur ki, müxalif millət vəkili Zaruhi Postanjyan qabaqcadan hakim fraksiya təmsilçilərinin elektron səsvermə kartlarını yığışdırıbmış.

Müxalif millət vəkilləri səsvermə zamanı Milli Məclis reqlamentinin pozulduğunu israr edirlər. Reqlamentə əsasən, əlqaldırma üsulu ilə səsvermənin nəticələri parlamentin prezidiumu deyil, 7 nəfərdən ibarət hesablayıcı komissiya tərəfindən hesablanmalıdır.

Erməni Milli Konqres fraksiyasının təmsilçisi Nikol Paşinyanın sözlərinə görə, qaz müqavilələri üzrə səsvermə baş tutmamış hesab edilməlidir, çünki reqlament pozulub.

“Yeddi nəfərdən ibarət hesablayıcı komissiya üzvlərindən dördü siyasi səbəblərlə parlament iclasını boykot edib, bir halda ki, reqlament üzrə, komissiya üzvlərinin ən azı yarısı iştirak etməlidir”, - Paşinyan deyib.

Etiraz aksiyası

Armenia protest
Şəklin alt yazısı, Etiraz iştirakçıları Milli Məclisi "Milli xəyanət məclisi" adlandırıb

Parlamentin növbədənkənar sessiyası zamanı yüzlərlə nümayişçi parlamentin girəcəyi qarşısında etiraz aksiyası keçirib. Onlar Ermənistanın “energetik müstəqilliyinə” xələl vuran sazişləri təsdiq etməməyə çağırıblar.

Piket “Parlament qaz sazişinə yox, ölkənin suverenliyinə səs verir”, “Milli xəyanət məclisi” şüarları altında keçirilb.

Etiraz iştirakçıları hakim Respublikaçılar Partiyasını və onun rəhbəri ölkə prezidenti Serj Sarkisyanı 2011-ci ildən bəri Rusiyanın “Qazprom” şirkətinə 300 milyon borc toplandığını ictimaiyyətdən gizli saxlamaqda ittiham edirlər.

“İndi borcu ödəmək üçün Ermənistanın bütün qaz sahəsi Rusiyanın ixtiyarına verilir, Ermənistanın təhlükəsizliyi və suverenliyi zərbə altına qoyulur”, - deyilir nümayiş iştirakçılarının bəyanatında.

Parlamentin 4 qeyri-koalisiya fraksiyaları səsvermənin qanuna uyğun keçirilmədiyi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək üçün birgə ərizə hazırlayıblar.