Ermənistan parlamenti Rusiya ilə "qaz müqaviləsi" üzrə səsverməni təxirə saldı

Etiraz aksiyası
Şəklin alt yazısı, Aksiya vaxtı bir neçə fəal saxlanılıb.

Rusiya ilə dekabrın əvvəlində imzalanmış sazişlərin ratifikasiyasına etiraz edənlər səsvermədən öncə parlament binası qarşısında qol-qola durub, Bağramyan prospektində avtomobil hərəkətini kəsiblər.

Rusiya prezidenti Vladimir Putinin dekabrın 2-də Ermənistana səfəri zaman imzalanmış sənədlərin şərtləri yalnız parlament komissiyasında müzakirə vaxtı açıqlanıb.

Cümə günü Ermənistanla Rusiya arasında “Qazprom” şirkəti ilə imzalanmış müqavilə də təsdiqlənməlidir.

"Suverenliyə zidd"

Aksiya iştirakçıları “Ermənistan Konstitusiyasına və suverenliyinə zidd, Ermənistanı Rusiyanın vassalına çevirən alçaldıcı” sənədlərin ratifikasiyasını dövlətə və xalqa xəyanət adlandırırlar.

Ermənistan energetika naziri Armen Movsisyan sazişlərin Ermənistan üçün əlverişli olduğunu sübut etməyə çalışır.

Sənədin ratifikasiyasına maneə olmaq üçün parlamentdə müxalif millət vəkillərinin sayı kifayət deyil.

Ermənistan-Qazprom sazişləri

Ratifikasiyaya çıxarılan sənədlər Rusiya ilə Ermənistana qaz, neft məhsulları və emal olunmamış almazların tədarükü sahəsində əməkdaşlığa, Ermənistana Rusiyadan idxal edilən qazın qiymətinin formalaşdırılması və “ArmRosqazprom” Ermənistan şirkətinin bütün aksiyalarının “Qazprom” Rusiya şirkətinə verilməsi məsələlərinə aiddir.

Sazişlərə əsasən, Ermənistana qaz ixrac edən və özü də Ermənistan ərazisində bölüşdürən “Qazprom” Rusiya şirkətinə misilsiz ixtiyarlar verilir. Sazişə əsasən, Ermənistan 30 il müddətində heç bir başqa şirkətlərdən, məsələn, İrandan qaz idxal edə bilməz. Hətta Ermənistanda istehsal olunan elektrik enerjisinin başqa ölkəyə ixrac edilməsi üçün Rusiyanın razılığı olmalıdır.

Sazişin 7-ci maddəsinə əsasən, Ermənistanda “Qazprom” şirkətin haqları və maraqlarını poza biləcək yeni qanun və ya qərar qəbul oluna bilməz.

Səsvermə baş tutmadı

Lakin buna müxalifətin arqumentləri deyil, hakim Respublikaçılar fraksiyası səbəb oldu. Fasilədən sonra sənədlərin ratifikasiyası dövlət maraqlarından irəli gəldiyini təlqin edən hakim Respublikaçılar fraksiyasından iclas zalına tək spiker Hovik Abrahamyan, onun iki müavini və bir neçə həmpartiyaları qayıtdı.

Qızğın mübahisələrdən sonra səsvermə bazar ertəsinədək təxirə salındı.

İrs, Erməni Milli Konqres, Daşnaksutyun və Firavan Ermənistan fraksiyaları Rusiya ilə qaz üzrə müqavilələrin əleyhinə səs verəcəklərini bəyan etmişdilər.

İrs fraksiyasının rəhbəri Zaruhi Postancyan hökumətə müqavilələri geri çağırmağı təklif etmişdi.

EMK fraksiyasının rəhbəri Levon Zurabyan: “Ermənistan-Rusiya sövdələşməsi dövlətə xəyanətdir”, - deyə, ratifikasiya lehinə səs verəninin “cinayətkar sövdələşmə” üçün məsuliyyət daşıdığını bəyan edib.

EMK parlament fraksiyasının üzvü, sabiq xarici işlər naziri Aleksandr Arzumanyan bu müqavilələrin şərtlərini Ermənistan üçün "alçaldıcı" və “kapitulyasiya sazişi” adlandırıb.

EMK gələn parlament sessiyasında hökumətə etimadsızlıq elan etmək təşəbbüsü ilə çıxış etməyə hazırlaşır.