"Putin, go home!" - Ermənistanda Rusiya prezidentinə deyiblər

Rusiya prezidentinin Ermənistan səfəri ölkənin Gömrük İttifaqına daxil olmasına qarşı etiraz aksiyaları ilə qarşılanıb.
Yüzlərlə polis Yerevanın mərkəzi küçələrini bağlayıb nümayişçiləri prezident sarayı yaxınlığına buraxmır.
Müxbirimiz xəbər verir ki, bəzi yerlərdə cərgəni yarmaq istəyən nümayişçilərlə polis arasında toqquşmalar baş verir və daha fəal iştirakçılar tutulub polis şöbələrinə aparılır.
Bir çoxları, qanuna uyğun olaraq, 3 saatdan, digərləri 5 saatdan sonra buraxılır.
Cənab Putinin Ermənistana səfəri Rusiya hərbi bazasının yerləşdiyi Gümri şəhərindən başlayıb. Cənab Putin burada Ermənistan prezidenti Serj Sarkisyanla birlikdə Rusiyanın 102-ci hərbi bazasına baş çəkir.
Yerevan küçələrinə etiraza çıxan fəalların əllərində "Putin go home", "Avro Ermənistan", "Öz ölkəmizin ağası özümüzük" və "No to the USSR" şüarları yazılmış plakatlar var.
“Rusiya Cənubi Qafqazdan çıxmayacaq”
Rusiya prezidentinin Ermənistana səfəri Rusiyanın 102-ci hərbi bazası yerləşən Gümrü şəhərindən başlayıb. O, əvvəlcə hərbi bazaya baş çəkib və oundan sonra Gümridə “Ermənistan, Rusiya, Gömrük İttifaqı” Üçüncü Ermənistan-Rusiya forumunun açılışında iştirak edib.
Daha sonra Yerevanda Ermənistan və Rusiya prezidentlərinin rəsmi danışıqları keçiriləcək, iki ölkə arasında iqtisadi, ticarət və mədəniyyət sahələrində əməkdaşlıq haqqında sənədlər imzalanacağı nəzərdə tutulur.
Danışıqlar gündəliyinin başlıca məsələsi Ermənistanın Gömrük İttifaqına üzvlüyü və Avro-Asiya Birliyinin yaradılmasında iştirakı məsələsidir.
Gümridə Rusiya-Ermənistan forumunda çıxış edən cənab Putin Rusianın Cənubi Qafqazdan çıxmaq niyyətində olmadığını bəyan edib.
“Biz buradan getmək niyyəttində deyilik. Biz bölgənin bütün ölkələri, o cümlədən, Ermənistanla yaxşı münasibətlərə əsaslanaraq, öz mövqelərimizi daha da möhkəmlədəcəyk”, - Putin deyib.



Onun sözlərinə görə, Gİ-yə daxil olmaq və Avrasiya Birliyinin yaradılmasında iştirak etmək haqqında qərar “erməni xalqı və Ermənistan rəhbərliyinin suveren seçimidir”.
Etirazlar
Gümri “Asparez” jurnalistlər klubunun rəhbəri Levon Barseğyan Gümridə küçələrin 60 faizi bağlandığını bildirib.
Yerevanda isə Putinin səfəri ilə bağlı etiraz aksiyasının bir neçə yüz iştirakçıları Azadlıq meydanını əhatə edən polisin cərgəsini yararaq prezident sarayı istiqamətində yürüşə başlayıb.

Nümayiş iştirakçıları əllərində “Serjik satqın”, “Ölkəmizin sahibi özümüzük”, “Putin, çıx get burdan”, “Serjik, çıx get” çağırışları yazılmış şüarlar və Ermənistan və Rusiya bayraqları tutur.
Yürüş iştirakçıları polisin “canlı divarı” ilə rastlaşıb, hökumət binası yerləşən Respublika meydanına daxil ola bilməyib.
Həmçinin paytaxt Yerevanın mərkəzində hərəkət məhdudlaşdırılıb.
Ermənistanın Gömrük İttifaqına daxil olması əleyhinə çıxış edən fəallar hələ bu səfər barədə məlumat açıqlandığı zamandan Gümridə və Yerevanda Putini etiraz aksiyaları ilə qarşılamağa hazırlaşdıqlarını bildirib.
Dekabrın 2-də, səhər Yerevanın küçələrində “Gömrük müstəmləkələşməsinə yox!” şüarları peyda olub. Bir sıra fəalların polisdə saxlanılması haqqında məlumatlar var.
Rusiya prezidentinin Ermənistana səfəri günü Yerevanın mərkəzində “erməni və rus xalqlarının əsrlərdən bəri davam edən dostluğunu” simvolu kimi “Vahid xaç” heykəli açılıb.




