Kreml: Avropa “Cənub axını” vasitəsilə Rusiyanı cəzalandırmaq istəyir

south_stream

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, (Sağdan sola) Bolqarıstan prezidenti Rosen Plevneliyev ABŞ senatorları John McCain-i, Christopher Murphy-ni və Ron Johnson-u Sofiyada iyunun 8-də görüşdən qabaq salamlayır

Rusiya rəsmiləri bəyan edirlər ki, Bolqarıstanda “Cənub axını” qaz kəmərinin tikintisinin dayandırılması faktiki olaraq Moskvaya qarşı iqtisadi sanksiyaların yeridilməsi deməkdir.

Bazar günü məlum olub ki, Bolqarıstan baş naziri Plamen Oreşarskinin sərəncamı ilə, “Cənub axını” kəmərinin tikintisi üzrə işlər Avropa Komissiyasının qeydləri aradan qaldırılanadək dayandırılıb.

Rusiyanın Avropa İttifaqında daimi nümayəndəsi Vladimir Çijov bolqar tərəfinin kənardan ciddi siyasi təsir nəticəsində belə qərar qəbul etməyə məcbur olduğunu bildirib. Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa hakimiyyətinin mövqeyini qeyri-konstruktiv adlandırıb.

“Aİ bu yaxınlarda bəyan edib ki, danışıqlar [“Cənub axını” üzrə], Rusiya tərəfindən Kiyevdəki hakimiyyət tanınmayınca, dayandırılacaq. Siz bunu konstruktivmi hesab edirsiniz?” – bazar ertəsi günü Lavrov deyib.

“Bizdən nə istədikləri aydın deyil”, - Rusiya naziri əlavə edib. Onun sözlərinə görə, Rusiya tərəfi hər vəchlə Ukraynada böhranın aradan qaldırılmasına çalışır.

Bolqar baş nazirinin bəyanatı senator John McCain-in başçılıq etdiyi Amerika nümayəndə heyətinin Sofiyaya səfərindən sonraya təsadüf edib. Layihənin gerçəkləşdirilməsinin dayandırılması üzrə Bolqarıstanın qərarına təsir edən həlledici amil məhz ABŞ senatorları ilə görüş olub, Çijov hesab edir.

Onun fikrincə, bu halda söhbət Ukrayna böhranı ilə bağlı “sırf siyasi qərardan” gedir.

Çijov energetika üzrə avrokomissar Günther Oettinger-in son müsahibələrindən birində “Cənub axını” kəmərinin tikintisini birbaşa Ukraynadakı durumla əlaqələndirdiyini xatırladıb. Onun sözlərinə görə, buna dəlalət edən faktlardan biri də odur ki, “Cənub axını” kəmərin tikintisi üzrə tenderin qalibi “Stroytranqaz” Avropa İttifaqının sanksiyalar siyahısına daxil deyil, lakin ABŞ-ın “qara siyahılarına” düşüb.

Reuters agentliyinin yazdığına görə, Vaşinqton Sofiyanı xəbərdar edib ki, “Stroyqaztrans”la əməkdaşlıq edən bolqar şirkətlərinin özləri sanksiyalar altına düşə bilərlər.

Brüsselin iddiaları

south_stream

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Rusiya “Cənub axını”nın məqsədi tranzit ölkə olan Ukraynadan asılılığını azaltmaq olduğunu heç vaxt gizlətməyib

“Cənub axını” çərçivəsində qaz kəmərinin tikintisi haqqında saziş “Qazprom” və “Bolqar energetik holdinq” arasında 2009-cu ildə imzalanıb. Layihəyə əsasən, Bolqarıstanda iki boru kəməri tikmək planlaşdırılır (Yunanıstana və Serbiyaya). Onların vasitəsilə Rusiya qazının Mərkəzi və Cənubi Avropaya illik qaz tədarükünün həcmi 63 milyard kub metrə qədər artar. Bir halda ki, qaz Avropa istehlakçılarına Ukraynadan yan keçən marşrutla ötürülməli idi.

“Cənub axını”nın tikintisi üzrə tenderin nəticələri bu il may ayının sonunda elan edilib. Müsabiqədə “Stroytransqaz konsorsiumu” qalib gəlib. “Stroytransqaz” Rusiya şirkəti və bolqar Gasproekt Jug AD bu konsorsiumun tərkibinə daxil olurlar.

Avrokomissiyanın başlıca iddiası da məhz bundadır: Brüsseldə hesab edirlər ki, sövdələşmə əsnasında Aİ normaları pozulmuş ola bilər, çünki tikinti işlərin podratçısı yerli və Rusiya şirkətləri olub.

Cari ayın əvvəlində Avrokomissiya tenderin Avropa qanunlarına uyğunluğu yoxlananadək layihə üzrə işləri dayandırmaq xahişi ilə Sofiyaya məktub göndərib.

“Hal hazırda [Avrokomissiya] yalnız tenderin şərtləri rəqabət üzrə Avropa normalarına uyğunluğunda şübhələndiyini bəyan edib. Mən sazişin təfərrüatlarına və tenderin şərtlərinə bələd deyiləm, lakin mən şübhələnirəm ki, bolqar hüquqşünasları özlərini belə bir vəziyyətə qoya bilərdilər”, - İTAR-TASS Çijovu iqtibas edir.

Müstəqil ekspert Aleksey Makuşkinin fikrincə, Bolqarıstanın “Cənub axını”nın tikintisini dayandırmaq qərarının həqiqətən siyasi astarı var, çünki bu layihə Rusiyadan asılılıq dərəcəsini müəyyən edir.

“Məncə, hər şey o qədər də aydın deyil. Hər şey Avrokomissiyanın mövqeyindən asılıdır. Son qərar biznes-lobbinin nə dərəcədə borunun mövcudluğunda maraqlı olduğu ilə müəyyən ediləcək, - Makuşkin hesab edir. – Fikrimcə, Brüssel üzərinə təzyiq resursu tükənməyib“.

Bolqarıstan imtina etmir

Bolqarıstan energetika naziri Draqomir Stoynev bazar ertəsi bəyan edib ki, Sofiya “Cənub axını”ndan imtina etməyi planlaşdırmır və Brüssel bütün suallara cavab aldıqdan sonra tikinti işləri davam etirəcəyinə ümid edir.

Hələ ötən il "Cənub axını"nı layihəsini artıq həll olunmuş məsələ hesab edirdilər

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Hələ ötən il "Cənub axını"nı layihəsini artıq həll olunmuş məsələ hesab edirdilər

“Vəziyyətə strateji nöqteyi-nəzərindən və emosiyasız baxsaq, “Cənub axını” həm Avropa, həm də Bolqarıstan üçün dönməz və zəruri layihə təsiri bağışlayır”, - deyə Stoynev problemin həllində əmin olduğunu bildirib.

Avropa Komissiyasının rəsmi nümayəndəsi Sabine Berger bolqar energetika nazirinin bəyanatını şərh etməkdən imtina edib və yalnız Sofiyanın layihəni dondurmaq qərarını alqışlayıb.

“Beynəlxalq enerqosiyasət” mərkəzinin rəhbəri Yuri Solozobov hesab edir ki, hər necə olsa da, “Cənub axını” ətrafında münaqişə həll olunacaq və layihə gerçəkləşdiriləcək.

“Mən elə bilirəm ki, Rusiya bolqar hökumətinə təsir etmək üçün kifayət qədər arqumentlərə malikdir. Bolqarların özləri də bu layihənin onlara lazım olduğunu anlayırlar. Elə bilirəm ki, Bolqarıstan hökuməti ilə Avrokomissiya arasında ortaya gəlmiş bu məsələlər nizamlanar”, - o deyir.

Reuters-in qeyd etdiyi kimi, Bolqarıstan az qala tamamilə Rusiya qazından asılı olan Avropa İttifaqının ən yoxsul ölkəsidir.