Bolqarıstan “Cənub axın” layihəsində iştirakını dondurub

Şəklin mənbəyi, AFP
Bolqarıstan Baş naziri Plamen Oreşarski ölkəsinin "Cənub axın" layihəsində iştirakını dayandırdığını bəyan edib.
Bu bəyanatla Oreşarski bir qrup ABŞ senatorları ilə görüşdən sonra keçirilmiş birifinqdə çıxış edib.
“Brüssel ilə əlavə məsləhətləşmələrdən sonra işlərin sonrakı gedişi müəyyən ediləcək”, İTAR TASS Bolqarıstan Baş nazirnin sözlərini sitat gətirir.
Ötən həftənin əvvəlində Aİ rəsmi Sofiyadan "Cənub axın" qaz kəmərinin tikintisini qeyri-müəyyən müddətə dayandırmağı tələb edib.
Bu layihə Rusiya üçün gələcəkdə qazını Avropaya Ukraynadan yan keçməklə nəql etməyə imkan verəcək.
Avropa Komissiyası nümayəndələrinin bildirdiyinə görə, layinənin sənədləri Avropa qanunvericiliyinə uyğun gəlmir.
Ötən həftə Ukrayna Ali Radasında çıxış edən Ukraynanın Baş naziri Arseni Yatsenyuk Avropa İttifaqını "Cənub axınından" imtina etməyə çağırmışdı.
"Biz Avropa İttifaqını "Cənub axın" layihəsini dayandırmağa çağırırıq”, Yatsenyuk bəyan etmişdi.
Onun sözlərinə görə, Ukrayna etibarlı tranzit ölkə kimi Rusiyadan gələn qazın Avropaya nəql edilməsilə bağlı öhdəliklərini yerinə yetrimək əzmindədir.




