Ukrayna seçkilərilə bağlı Avropadan Rusiyaya sanksiya xəbərdarlığı

Şəklin mənbəyi, Getty images
Fransa və Almaniya liderləri Ukrayna prezident seçkilərinin plana uyğun şəkildə keçmədiyi təqdirdə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq olunacağını deyiblər.
Prezident Francois Hollande və Almaniya kansleri Angela Merkel birgə bəyanatda Ukraynada qeyri-sabitliyin daha da dərinləşəcəyindən ehtiyat etdiklərini bildiriblər.
Avropa liderləri Ukraynanın şərqində bazar günü keçəcək muxtariyyət referendumlarının qanuna zidd olduğunu bəyan ediblər.
Francois Hollande və Angela Merkel Ukrayna sərhədindəki Rusiya qoşunlarının sayının nəzərə çarpacaq dərəcədə azaldılmasına səsləyiblər.
NATO dəyərləndirməsinə görə Rusiya Ukrayna sərhədində 40 minlik qoşun yerləşdirib. Hərçənd ki, Moskva qüvvələrin geri çəkdiyini bildirir.
Bəyanat Angela Merkelin seçki dairəsində Almaniya və Fransa liderlərinin görüşündən sonra səslənir.
Avropa İttifaqı ilə ABŞ Rusiya rəsmiləri və Vladimir Putinə yaxın şirkətləri hədəfləyən sankisyalarını elan ediblər.
Bəyanatda Kiyevdəki hökumətə də çağırış əks olunub.
Belə ki, Avropa liderləri Ukrayna hakimiyyətini seçkilərədək hərbi addımlardan çəkinməyə səsləyiblər.
Bütün tərəflər zorakılığa son qoymalı və qeyri-rəsmi qüvvələri ATƏT nəzarətilə mayın 15-dək tərksilah etməlidir, bəyanatda deyilir.
Ukrayna prezident seçkiləri mayın 25-də keçməlidir.




