Mariupol: toqquşmalardan sonra matəm elan olunub

Şəklin mənbəyi, Reuters

Separatçıların nəzarətində olan Donetsk vilayətinin administrasiyası cümə günü Mariupol şəhərində hökumət qüvvələrilə qarşıdurma vaxtı 7 adamın öldüyünü, 39 nəfərin xəsarət aldığını bildirib.

Bundan əvvəl daxili işlər naziri Arsen Avakov 20-dək "terrorçunun" öldürüldüyünü bildirmişdir.

Arsen Avakovun Facebook səhifəsində deyilir ki, rusiyapəst silahlıların şəhər mərkəzindəki Polis idarəsini ələ keçirmək cəhdi binada şiddətli döyüşdən sonra baş tutmayıb.

Ötən gün Mariupolda ölənlər arasında yerli Dövlət Avtomobil Müfəttişliyinin rəisi Viktor Sayenkonun olduğu bildirilir.

Müdafiə Nazirliyinin məlumatına əsasən əməliyyat vaxtı 8 hərbçi xəsarət alıb. Daxili İşlər Nazirliyi 1əməkdaşının öldüyünü və 5 polisin yaralandığını bildirir.

İtkilər sayının müstəqil mənbədən təsdiqi yoxdur.

Yerli sakinlər BBC müxbiri Richard Galpin-ə Mariupolda Ukrayna qüvvələrinə tabe olmaqdan imtina edən yerli polislərin güllələndiyini bildiriblər.

Əməliyyat başa çatan kimi Ukrayna qüvvələri şəhərdən geri çəkiliblər.

Mariupolda axşam çağlarında şəhər nəqliyyatının hərəkəti dayandırılmışdır.

Son günlər ərzində hökumət qüvvələri Mariupol bələdiyyə binasından separatçıların çıxarılmasına çalışıblar.

Cümə axşamı Ukrayna hakimiyyəti bina üzərində nəzarəti ələ keçirməyə müvəffəq olduğunu bildirib. Lakin bunun ardınca binaya yenidən daxil olan separatçılar onun üzərində Rusiya bayrağını qaldırıblar.

Kiyevdə hökumət artıq bir neçə dəfə Mariupola nəzarət etdiyini bildirib. Lakin şahidlər şəhərdə çoxsaylı silahlı separatçıların olduğunu bildirirlər.