ABŞ Putinə "yaxın" adamlara və şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edib

Şəklin mənbəyi, AFP
ABŞ Rusiyada Prezident Vladimir Putinə "yaxın olan" yeddi şəxsə və 17 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib.
Ağ Ev deyib ki, bu addım "Rusiyanın Ukraynaya davam edən qeyri-qanuni müdaxiləsinə" cavab olaraq atılıb.
Siyahıda "Rosneft" başçısı İqor Seçin və nüfuzlu deputat Aleksey Puşkov da var.
ABŞ-ın addımından az öncə şərqdəki Xarkov şəhərinin meri Hennadiy Kernes güllələnib və <link type="page"><caption> ağır yaralanıb</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2014/04/140428_kharkiv_mayor_shot.shtml" platform="highweb"/></link>.
Eyni zamanda bazar ertəsi rusiyapərəst separatçılar cənubdakı Kostyantınivka şəhərində yerli hökümət binasını ələ keçiriblər.
Qərb Moskvanı şərqi Ukrayna şəhərlərində dövlət binalarını işğal edən separatçı silahlıları dəstəkləməkdə ittiham edir.
Separatçılar ATƏT-in yeddi hərbi müfəttişini hələ ki, azadlığa buraxmayıblar.
Aİ də yeni sanksiyalar planlaşdırır
Avropa İttifaqı diplomatları bazar ertəsi Rusiyanın Ukraynada separatçı hərəkətlərinə görə sanksiya tətbiq edilməsi planlaşdırılan şəxslərin adlarını müəyyən etmək üçün görüşür.

Bazar günü Ukraynanın şərqində Rusiyameylli separatçılar xarici müşahidəçinin birini azad edib. Qalan yeddi nəfərsə hələ ki, saxlanılır.
Mediaya göstərilən qrupa qarşı hərəkəti Almaniya "çirkin" adlandırıb. Qrupun dörd üzvü Almaniya vətəndaşıdır.
Hazırda ATƏT-in himayəsi altında fəaliyyət göstərən qrup üzvlərinin azad edilməsinə çalışılır.
Başqa yeniliklər:
- Xarkovda bütov Ukrayna tərəfdarları və rusiyameyllilər arasındakı münaqişədə onlarla insan yaralanıb
- Donetskdə separatçılar regional televiziya və radio binasını ələ keçirib və Rusiyanın Dövlət Telekanalının yayımına başlayıb
- ABŞ prezidenti Barack Obama deyib ki, Kreml ötən həftə Cenevrə görüşündəki məsələləri yerinə yetirmək üçün "barmağını da tərpətməyib".
Şərqi Ukraynada silahlı şəxslər hökümət qüvvələrinə qarşı döyüşərək onlarla şəhəri zəbt etməkdə davam edirlər.
Qərb Moskvanı ötən ay Krımı özünə birləşdirdikdən sonra şərqi Ukraynada "separatçı çirkinliyi idarə etmək"də ittiham edib, Moskva ittihamları rədd edib.
ABŞ və Aİ bundan əvvəl Ukraynada vəziyyətin gərginləşdirilməsinə görə bir neçə Rusiya vətəndaşlarına və şirkətlərinə qadağalar qoyub.
28 Aİ ölkələrinin səfirləri isə bazar ertəsi növbəti sanksiyaları müzakirə edəcək.
Britaniyanın xarici işlər naziri William Hague deyib ki, müzakirələr getsə də, "görünür ki, səyahət qadağası və bank hesablarının dondurulması kimi mövcud sanksiyalar genişləndirilə bilər".
"Siyahıya digər adlar əlavə edildikcə Rusiya iqtisadiyyatı daha da zəifləyir", o Sky News-a bildirib.
"Lakin biz daha çox iqtisadi, ticarət və maliyyə sanksiyaları üzərində işləyirik".
Ağ Ev bəyan edib ki, bazar ertəsi siyahıya prezident Vladimir Putinə yaxın şəxslərin və şirkətlərin adı daxil edilə bilər.




