Erdoğan AKP-nin qalib gəldiyini deyir

Şəklin mənbəyi, Erdoganbilal
Türkiyənin Baş naziri Recep Tayyip Erdoğan partiyasının bələdiyyə seçkilərində qalib gəldiyini iddia edib və düşmənlərinin "qisasını alacağını" vəd edib.
Bir sıra qalmaqala görə, cənab Erdoğanın höküməti avtoritarizm və korrupsiyada ittiham olunub.
İyun kütləvi etirazlarından sonra keçirilən ilk bələdiyyə seçkiləri cənab Erdoğanın populyarlığının göstəricisi kimi təsvir olunub.
Cənab Erdoğan seçkilərdə iştirak etməsə də rəhbəri olan Ədalət və İnkişaf Partiyası (AKP) üçün güclü təşviqat aparıb.
Səslərin 60 faizi sayılandan sonra AKP səslərin 47 faizini, əsas müxalifət partiyası isə 27 faizini alıb.
AKP-nin məqsədi, 2009-cu il bələdiyyə seçkilərində aldığı 38.8 faizə bərabər və ya daha yüksək nəticə almaq idi.
"Hesabını ödəyəcəklər"
Ankarada partiyasının qərargahının eyvanından danışan cənab Erdoğan tərəfdarlarına təşəkkürlərini bildirib.
"Siz böyük Türkiyə ideallarına, hədəflərinə ... siyasətə, partiyanıza, baş nazirinizə sahib çıxdınız", o deyib.
Amma cənab Erdoğan onu korrupsiyada ittiham edən və dövlət sirrlərini sızdıran düşmənlərinin bunun "hesabını ödəyəcəkləri" barədə xəbərdarlıq edib.
Bələdiyyə və mer seçkiləri əksər rayonlarda dinc keçsə də, rəqib namizədlərin tərəfdarları arasında baş verən iki ayrı insident nəticəsində səkkiz adamın öldürüldüyü barədə məlumat verilir.
Məlumata görə, cənubdakı Hatay şəhərində və şərqdəki Şanlıurfa vilayətində düşmən ailələr arasında toqquşmalar olub.


İstanbul üçün mübarizə
İstanbul mer seçkilərində müxalif, dünyəvi Cümhuriyyət Xalq Partiyası (CHP) cənab Erdoğanın müttəfiqi Kadir Topbaşa qarşı mübarizə aparıb. Amma erkən nəticələrə görə AKP irəlidədir.
Cənab Erdoğan vaxtilə İstanbul meri olub və burada keçirilən seçkilər onun administrasiyası üzrə qeyr-rəsmi referenduma çevrilib, müxbirimiz deyir.
Görünür ki, paytaxt Ankaradakı seçkilər daha gərgin keçib. Burada cənab Erdoğanın partiyası CHP-dən bir az qabaqdadır.
Hər iki şəhərdə qələbə qazanmamaq Baş nazirə böyük utanc verəcək.
Prezidentlik iddiası
Baş nazir avqustda keçiriləcək, seçicilərin ilk dəfə iştirak edəcəyi prezident seçkilərində iştirak etmək barədə düşünür. O həmçinin baş nazir vəzifəsində dördüncü müddət qalmaq üçün qanunlara dəyişiklik etmək istəyə bilər.
Hökümətdəki korrupsiya barədə iddialar sosial şəbəkələrdə sızdırılandan sonra, seçkilər ərəfəsində hökümət Twitter və YouTube şəbəkələrini bloklayıb.
Cənab Erdoğan deyib ki, sosial media dezinformasiya yayır.
Şənbə günü İstanbulda hökümət tərəfdarları və əleyhdarları parallel mitinqlər keçirib.
50 milyondan çox adamın səs vermək hüququ var və seçici fəallığının yüksək olduğu deyilir.





