Türkiyədə "Erdoğanın gələcəyini müəyyənləşdirəcək" seçkilər keçirilib

Erdoğan

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Cənab Erdoğan başçılıq etdiyi Ədalət və İnkişaf Partiyası (AKP) üçün güclü təşviqat aparıb

Türkiyənin bələdiyyə seçkilərində səsvermə başa çatıb və səslər sayılmaqdadır.

İlkin nəticələr yerli vaxtla 21:00-dan sonra gözlənilir. Təhlilçilərə görə bu seçkilər Recep Tayyip Erdoğanın siyasi gələcəyini müəyyənləşdirəcək.

Bu, ötən il iyunda başlayan kütləvi etirazlar və hökümət barədə korrupsiya qalmaqalı başlayandan sonra keçirilən ilk seçkilərdir.

Cənab Erdoğan seçkilərə qatılmasa da rəhbəri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) üçün güclü təşviqat aparıb.

Hökümətdəki korrupsiya barədə iddialar sosial şəbəkələrdə sızdırılandan sonra, seçkilər ərəfəsində hökümət Twitter və YouTube şəbəkələrini bloklayıb.

Cənab Erdoğan sosial medianın "dezinformasiya yaydığlnı" deyib.

Şənbə günü İstanbulda hökümət tərəfdarları və əleyhdarları parallel mitinqlər keçirib.

Bu şəhərin mer seçkilərində müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) cənab Erdoğanın müttəfiqi və hazırkı mer Kadir Topbaşa qalib gəlmək istəyir.

BBC müxbiri James Reynolds İstanbuldan xəbər verir ki, müxalifət namizədi Mustafa Sarıgül üstüaçıq avtobusdan seyrçilərə qırmızı köynəklər atıb.

Cənab Erdoğan da vaxtilə İstanbul meri olub və müxbirimiz deyir ki, bugünkü seçkilər onun administrasiyası haqqında qeyri-rəsmi referenduma çevrilib.

Şənbə günü keçirdiyi mitinqlərdə cənab Erdoğan siyasi opponentlərini hədəfə alıb.

"Hamısı xaindir, hamısı casusdur", o İstanbuldakı tərəfdarlarına deyib.

"Nə edirlər etsinlər, sabah seçkilərdə CHP-ə də, MHP-ə də, Penssylvaniaya da böyük bir dərs verək. Birlikdə bir Osmanlı silləsi vuraq", o seçkilərdən öncəki gün çıxışında deyib.

AKP partiyası səslərin 40 faizindən çoxunu almaq və Türkiyənin ən böyük şəhəri olan İstanbulda mer seçkilərində qələbə qazanmaq istəyir.