Lavrov və Kerry Ukrayna vəziyyətini təcili müzakirə ediblər

Şəklin mənbəyi, BBC World Service
ABŞ dövlət katibi John Kerry və Rusiya xarici işlər naziri Sergey Lavrov Parisdə təcili görüş keçirib, Ukrayna böhranını müzakirə ediblər.
Görüşün yekunları üzrə mətbuat konfransında Kerry bəyan edib ki, Rusiya ilə Vaşinqton Ukrayna böhranının siyasi yolla həll olunması istiqamətində müzakirələrin vacibliyini qeyd ediblər.
O, eyni zamanda Birləşmiş Ştatların Rusiya tərəfindən Krımın ilhaqını “qeyri-qanuni və qeyri-legitim” qiymətləndirdiyini bildirib.
John Kerry bir daha qeyd edib ki, ABŞ Rusiya qoşunlarının Ukrayna sərhədindən çəkilməsini istəyir.
O, Ukrayna hakimiyyətinin iştirakı olmadan Ukraynanın gələcəyi ilə bağlı heç bir qərar qəbul olunmayacağını bildirib.
“Ukraynalıların özləri öz gələcəyini müəyyən edər. Ukrayna nümayəndəsi olmadığına görə, biz bu axşam bu məsələni müzakirə etməmişik”, - ABŞ dövlət katibi bəyan edib.
Öz növbəsində ayrıca keçirdiyi brifinqdə Sergey Lavrov Moskva ilə Vaşinqtonun Ukraynada rusdilli sakinlərin hüquqlarının qorunması və “qeyri-nizami qüvvələrlə provokatorların tərksilah edilməsi” məsələlərində Kiyev hökuməti ilə əməkdaşlıq etmək niyyətində olduqları barədə danışıb.
Lavrov amerikalı həmkarı ilə görüş ərəfəsində “Rossiya 1” televiziya kanalına müsahibəsində bəyan edib ki, Rusiya Ukrayna ərazisinə qoşun göndərmək niyyətində deyil.
Bununla belə, o, Rusiyanın Ukrayna rus və rusdilli əhalisini istənilən, o cümlədən diplomatik, siyasi və hüquqi üsullarla müdafiə etməyə hazır olduğunu əlavə edib.
Bununla bağlı Lavrov Ukraynanın federativ və neytral dövlət olduğunu elan edən yeni Ukrayna konstitusiyasının qəbul olunmasını tələb edib. Buna cavab olaraq, Kiyev hökuməti Rusiyanın tələbinin qəbul olunması “tam kapitulyasiyaya” bərabər olduğunu bəyan edib.
180 dərəcə dönüş
Çənbə günü Sergey Lavrov ABŞ dövlət katibi John Kerry ilə telefonla danışıb. Rusiya tərəfi söhbətin təşəbbüsçüsü ABŞ olduğunu bildirib.
Bundan sonra Kerry ilə Lavrovun bazar günü Parisdə görüşəcəkləri elan olunmuşdu. Xəbər verildiyi kimi, Kerry Səudiyyə Ərəbistandan Vaşinqtona uçan təyyarəni döndərməyə göstəriş verib, Associated Press bildirir.

Şəklin mənbəyi, AFP
Daha əvvəl ABŞ və Rusiya xarici siyasət idarələrinin başçıları həftənin əvvəlində Haaqada görüşüblər.
Eyni zamanda Rusiya XİN başçısının müavini Sergey Ryabkov Rusiya ilə ABŞ arasında Ukrayna böhranı üzrə konsultasiyaların davam etdiyini, lakin tərəflərin heç bir ümumi tənzimləmə planı olmadığını bildirib.
“Müzakirələr fikir mübadiləsi rejimində keçir, lakin hal hazırda hər hansı ümumi mövqe mövcud olduğunu demək olmaz”, - Ryabkovu RİA Novosti iqtibas edir.
Cümə günü ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin təxminən bir saat telefonla danışıblar. Söhbət Rusiya tərəfinin təşəbbüsü ilə keçirilib.
ABŞ-ın təklifləri
ABŞ prezidentinin mətbuat xidməti tərəfindən yayılan məlumata görə, prezident Putinin Ukrayna böhranının diplomatik yollarla həlli üzrə ABŞ-ın təkliflərini müzakirə etmək üçün prezident Obamaya zəng etdiyi bildirilir.
Söhbət dövlət katibi John Kerry tərəfindən Haaqa görüşü zamanı Rusiya XİN rəhbəri Segey Lavrova təqdim olunan təkliflərdən gedir. Obama Rusiyaya bu təkliflərə konkret yazılı cavab verməyi təklif edib, və iki ölkə liderləri Kerry ilə Lavrovun gələcək addımları müzakirə etmək üçün yenidən görüşəcəkləri haqqında razılığa gəliblər.




