Rusiya Ukraynaya müdaxilə etməyəcəyini bildirir

Lavrov Kerry

Şəklin mənbəyi, Getty

Moskvanın Ukraynaya qoşun göndərmək niyyəti yoxdur, Rusiyanın xarici işlər naziri deyib.

Sergey Lavrovun şərhi Rusiya və Amerika liderləri arasında Ukrayna böhranın diplomatik çözümü ilə bağlı telefon söhbətindən sonra səslənib.

Amerikanın dəstəklədiyi plan Ukrayna sərhədində hərbi qüvvənin cəmləşdirilməsinin dayandırılmasını və Krımdakı Rusiya qoşunlarının geri çəkilməsini nəzərdə tutur.

Amerikanın dövlət katibi John Kerry ilə Sergey Lavrov bu məsələni bazar günü Parisdə müzakirə etməlidirlər.

Ukrayna sərhədini keçməyə nə "marağımız nə də ki niyyətimiz var", cənab Lavrov şənbə günü Rossiya 1 kanalına bildirib.

Müsahibədən sonra Sergey Lavrovun ABŞ dövlət katibi John Kerry ilə telefonla söhbət etdiyi məlum olub.

Bu söhbətdən əvvəl isə Ukraynadakı böhrandan çıxış yollarını Barack Obama ilə Vladimir Putin müzakirə edib. Amerika rəsmilərinə əsasən söhbətin təşəbbüskarı Moskva olub.

Ağ Ev bildirir ki, bir saatlıq telefon söhbətində prezident Obama böhranın sovuşmasında diplomatik vasitələrin dəstəklənildiyini vurğulayıb.

Açıqlamaya əsasən Obama Rusiya qoşunlarını geri çəkməyə və Ukrayna ərazi bütövlüyünün pozulmasına yönələn əlavə addımlar atmamağa səsləyib.

Kreml bildirir ki, söhbət əsnasında Rusiya lideri Obamanın diqqətini Kiyev və Ukraynanın digər bölgələrində " ekstremistlərin" davam edən çıxışlarına yönəldib.

Bundan əvvəl Rusiya təhlükəsizlik rəsmisi deyib ki, Qərbin rəsmi Moskvanın təsirini azaltmaq cəhdlərinə qarşı kəşfiyyat işləri artırılır.

Ukrayna sərhədində Rusiya qoşunlarının cəmləşdirilməsi Putinin marağının Krımla məhdudlaşmadığına dair qorxular yaradıb.