Krımın Rusiyaya birləşməsini BMT tanımayıb

un_ga-vote

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Rusiyanın mövqeyini BMT-də Belorus, Boliviya, Ermənistan, Koreya Xalq Demokratik Respublikası, Kuba, Sudan, Suriya, Venesuela və Zimbabve dəstəkləyib

BMT Baş Assambleyası səslərin böyük əksəriyyətilə Krımda Rusiyaya birləşmək haqqında martın 16-da keçirilən referendumu qeyri-qanuni tanıyan qətnamə qəbul edib. Bəyannamə vəziyyətin dinc yolla tənzimlənməsi və Ukraynanın ərazi bütövlüyünün pozulmasına yönəlmiş birtərəfli hərəkətlərdən imtina etmək çağırışları ehtiva edir.

Qətnamənin lehinə 100 ölkə səs verib, 58 dövlət bitərəf, Rusiya ilə daha 10 ölkə əleyhinə səs veriblər.

Rusiyanın mövqeyini Belorus, Boliviya, Ermənistan, Koreya Xalq Demokratik Respublikası, Kuba, Sudan, Suriya, Venesuela və Zimbabve dəstəkləyib.

Rusiyanın BMT-də daimi nümayəndəsi Vitaliy Çurkin hələ səsvermədən qabaq bəyan edib ki, Moskva krımlıların “seçiminə hörmət edir”.

Öz növbəsində, Ukrayna xarici işlər naziri Andriy Deşşitsa Kiyevin “dünyanın hər yerindən” dəstək aldığını qeyd edib və deyib ki, “bu, söhbətin regional deyil, qlobal problemdən getdiyini göstərir”.

BBC müxbirinin Nyu Yorkdan verdiyi məlumata görə, BMT-nin qətnamələri tövsiyə xarakteri daşıyır. Lakin Ukrayna hakimiyyəti ümid edir ki, sənəd dayandırıcı amil rolunu oynayar və Moskvanı Ukraynanın şərqinə hərbi müdaxilədən çəkinməyə məcbur edər.

“Düşünülmüş təcavüz”

BMT Baş Assambleyasında çıxış edən Ukrayna XİN başçısı Andriy Deşşitsa bir daha Krımın Rusiya tərəfindən ilhaq olunduğunu bəyan edib və BMT üzü ölkələri Ukraynanın ərazi bütövlüyü haqqında qətnaməni dəstəkləməyə çağırıb.

russian_marines

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Rusiya hərbçılləri Krımda bütün hərbi obyektlərə nəzarət edirlər

“Biz ötən ay ərzində BMT yarandıqdan bəri beynəlxalq hüququn ən biabırçı şəkildə pozulmasının şahidi olmuşuq. İki həftə davam edən hərbi işğaldan sonra Ukraynanın bir hissəsi daha əvvəl Budapeşt Memorandumuna əsasən mənim ölkəmin müstəqilliyini, suverenliyini və bütövlüyünü təmin etməyi vəd etmiş bir ölkə tərəfindən güclə ilhaq edilib”, - Deşşitsa deyib.

“Bu təcavüz əsaslı surətdə elə hesabla düşünülüb ki, Ukrayna hökumət tərtib etdiyi zamanda həyata keçirilsin. Heç nəyə baxmayaraq, həmin hökumət formalaşıb və işləyir. Bu təcavüzün daha bir məqsədi mənim ölkəmdə prezident seçkilərini pozmaq olmuşdu”, - o əlavə edib.

BMT Təhlükəsizlik Şurasının qətnamələrindən fərqli olaraq, Baş Assambleyada lehinə səs verilmiş qətnamə üzərinə veto qoyula bilməz.

Bundan başqa, cümə günü BMT baş katibi Ban Ki-Moon'un Ukraynaya və Rusiyaya səfərləri üzrə hesabatını dinləmək üçün BMT Təhlükəsizlik Şurasının iclası keçirilməlidir.

Ukraynaya pulla kömək edəcəklər

crimea_rus_tank

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Rusiyanın silahlı qüvvələri Ukraynanın şərq sərhədləri yaxınlığında təlimlər keçirir

Nyu Yorkda səsvermədən bir qədər əvvəl məlum olub ki, Beynəlxalq Valyuta Fondu yaxın iki il ərzində Ukraynaya 14-18 milyard dollar məbləğində maliyyə yardımı paketi təqdim etməyə razılıq verib.

Cümə axşamı günü ABŞ Konqresi də Ukraynaya 1 milyard dollar borcları üzrə qarantiya təqdim edəcək qanun layihəsini qəbul edib.

Prezident Obama bəyan edib ki, Ukraynaya 10 milyon dollara qədər borc verilməsi üzrə maneələri aradan qaldıran BVF-nin qərarı Ukrayna iqtisadiyyatının stabilizasiyası üçün “irəliyə mühüm addımdır”.

İtaliyanın baş naziri Matteo Renzi ilə danışıqlardan sonra, Romada jurnalistlər qarşısında çıxış edərkən, Barak Obama BVF-nin qərarını dünyanın Ukraynanı onun bu çətin vaxtında dəstəkləmək niyyətində bir olmasına dair “konkret siqnal” adlandırıb.