100-dən artıq Rusiya rəsmisi sanksiyalar siyahısına salınıb

Bayraqlar

Şəklin mənbəyi, RIA Novosti

Avropa İttifaqı ərazisinə girişi yasaqlanacaq və çox güman ki, aktivləri dondurula biləcək yüksək rütbəli Rusiya rəsmilərinin siyahısı hazırlanıb, Avropa rəsmiləri Reuters agentliyinə bildiriblər.

Siyahı Brüsseldəki Avropa rəsmilərinə cümə günü təqdim olunub.

Sənəddə 120-130 adamın adının əks olunduğu bildirilir.

5 səhifədən ibarət siyahı, Rusiyada iş təcrübəsinə malik olan diplomatlar tərəfindən tərtib olunub.

Sənəddə hərbi və siyasi elitaya aid şəxslərin adları var, Aİ rəsmilərindən biri bildirib.

Bu arada Qərb diplomatları münaqişənin dərinləşməsini dayandırmaq üçün səylərini fəallaşdırırlar.

Bazar ertəsi Brüsseldə keçən görüşdə Avropa İttifaqının xarici işlər nazirləri Rusiyanın silah idxalına embarqonun qoyulması və Rusiya məmurlarının aktivlərinin dondurulması məsələsinə baxacaqlar.

Cümə axşamı Ukraynanın baş naziri Arseniy Yatsenyuk BMT TŞ iclasında Rusiya və Ukrayna arasında böhran vəziyyətinin müzakirəsində bildirib ki, onun ölkəsi Rusiya tərəfinin hərbi təcavüzünün qurbanı olub.