Putin: Rusiya Krımın çağırışlarına diqqət yetirməyə bilməz

putin march crisis

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Prezident Putin Rusiya-Amerika menasibətlərinin vacibliyini qeyd edib

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Barak Obama ilə telefon söhbətində bəyan edib ki, Rusiya Krımdan ona ünvanlanan yardım haqqında çağırışlara diqqət yetirməyə bilməz və adekvat hərəkət edir.

Putin, həmçinin Rusiya-Amerika münasibətlərinin vacibliyini qeyd edib və deyib ki, bu münasibətləri ayrı-ayrı – istər hətta əhəmiyyətli - məsələlər üzrə fikir ayrılığına qurban verilməməlidir, Kremlin məlumatında deyilir.

Prezident Obama öz növbəsində bəyan edib ki, Rusiyanın hərəkətləri Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozur.

Amerika prezidentinin fikrincə, Rusiya ilə Ukrayna hökumətləri beynəlxalq birliyin himayəsi ilə birbaşa danışıqlar keçirməlidirlər.

Beynəlxalq müşahidəçilər bütün ukraynalıların, o cümlədən, etnik rusların haqlarının gözlənməsini təmin edəcəklər, Rusiya qoşunları isə öz bazalarına qayıtmalıdır; beynəlxalq birlik birgə səylərlə ukraynalılara may seçkilərinə hazırlaşmaqda kömək etməlidir.

Obama əlavə edib ki, dövlət katibi John Kerry, münaqişənin diplomatik həllini yaxınlaşdırmaq üçün, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla, Ukrayna hökuməti və digər tərəflərlə danışıqları davam etdirəcək.

Bu, son altı gün ərzində ABŞ və Rusiya liderləri arasında ikinci telefon söhbətidir. Söhbət bir saata yaxın davam edib. Telefon söhbətinin təşəbbüsçüsü Ağ Ev olub.

Telefon danışığı ABŞ və Aİ-nin Ukrayna hökümətinin Rusiyanın Krımın Rusiyaya birləşmək istəməsi barədə referendum keçirilməsi ətrafında hərəkətlərini "qanunsuz" adlandıraraq pisləməsinə dəstək verdiklərini bildirdikdən sonra baş verib.

Cümə axşamı Krım parlamenti bildirib ki, "Rusiya Federasiyasına birləşmək" barədə qərar qəbul edilib və prezident Putindən "prosedurları başlatmaq xahiş edilib".

Krım deputatları bundan əvvəl referendum vaxtını martın 16-na təyin edib.

Aİ, ötən gün Brüsseldəki görüşündə Rusiya, böhranı yumşaltmaq üçün addımlar atmazsa, bunun "ciddi nəticələri olacağı" ilə hədələyib.

Aİ-nin rəsmi bəyanatında deyilir ki, "ciddi nəticələrə" əlavə ölçülər götürülə bilər, səyahət qadağaları, hesab dondurmaları və Rusiya-Aİ sammitinin ləğvi kimi.

Prezident Barak Obama Ağ evdə Krəm referendumu barədə çıxışında deyib ki, o, “Ukrayna Konstitusiyasını və beynəlxalq hüququ pozur”. O, Vaşinqtonla onun müttəfiqlərinin mövqeyi bir olduğunu vurğulayıb.

Hərçənd ki, bir sıra Aİ üzvü ölkələri münaqişənin diplomatik həllinə üstünlük verdiklərinə işarə ediblər. BBC müxbiri Chris Morris xəbər verir ki, Avropa ölkələri Rusiyaya dair sərt sanksiyalar üzrə razılığa gəlmək çətindir.