Ukraynada hərbi səfərbərlik elan edilib

Ukrayna

Şəklin mənbəyi, n

Şəklin alt yazısı, Ukraynada hərbi səfərbərlik elan olunub, silahlı qüvvələr hərbi vəziyyət rejiminə keçirilib.

Ukraynada ölkənin Silahlı Qüvvələri hərbi hazırlıq vəziyyətinə gətirilib.

Ölkədə Rusiyanın təhdidləri səbəbindən ümumi səfərbərlik elan edilib

Bazar günü Ukraynada ümumi səfərbərlik tədbirlərinə başlanılıb, Milli Təhlükəsizlik və müdafiəsinin Şurasının katibi Andrey Parubiy bəyan edib.

Ukrayna Təhlükəsizlik şurasının qərarına əsasən, hərbi çağırış məntəqələri Ukraynada səhər tezdən aılmış elan olunub.

Prezident səlahiyyətlərinin müvəqqəti icraçısı Oleksandr Turçinov mühüm əhəmiyyətə malik obyektlərdə, o cümlədən atom elektrik stansiyaları və digər nüvə obyektlərində gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görülməsi barədə göstəriş verib.

Ukrayna donanmasının komandanı 'Krıma qaçıb'

Ukrayna Hərbi Dəniz qüvvələrinin yenicə təyin edilmiş rəhbəri Krım vilayətinin rusiyapərəst rəhbərliyinə sadiqlik andı içib.

Admiral Denis Berezovski şəhbə günü Rusiya hərbiyyəsi Ukrayna ərazisinə daxil olduqdan sonra Ukrayna Hərbi Dəniz qüvvələrinin komandanı təyin edilmişdi.

Moskva üçün isə Krım yarmadası ilk növbədə Rusiya Qara Dəniz donanmasının mənzilləndiyi baza kimi dəyər daşımaqdadır.

'Fəlakət astanasında'

Ukraynanın Baş naziri Arseni Yatsenyuk Kiyevdə keçirilən brifinqdə ölkənin 'fəlakət astanasında dayandığını' bildirib.

Bazar günü Krımda Rusiya əsgərləri Ukrayna silahlı qüvvələrinin yerlədiyi qarnizonlarını mühasirəyə alıb. Şahidlər rusiyalı əsgərlərin Krım yarmadası ilə Ukraynanın qalan hissəsini birləşdirən sahədə səngər qaızntısına başladıqlarını bildirirlər.

Bugün kameralar qarşısına Krımın rusiyapərəst rəhbəri Sergiy Aksyonov ilə bərabər çıxan admiral Berezovski yarmadanın dəniz qüvvələrinə Kiyevdə "özlərini rəhbər elan etmiş şəxslərdən" gələn əmrlərə tabe olmamağı əmr etdiyini bəyan edib.

Admiral Berezovski Krım muxtar respublikasına sadiq qalacağına and içib.

BMT: Ban Ki-moon narahatdır

Ukraynadakı böhran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında da müzakirə edilir. Yığıncaqda Şuranın 15 üzv ölkələrinin nümayəndələri iştirak edir.

BMT Baş katibi Ban Ki-moon Krımda yaranmış gərginliyin azaldılmasına səy göstərilməsinə çağırıb.

Baş katib Ban Ki-moon Ukraynada hadisələrin son inkişafından "dərin naratlıq" hissi keçirdiyini bildirib.

Ban Ki-moon prezident Vladimir Putinlə telefonla danışdığını qeyd edərək, onu "Kiyevdəki rəsmilərlə birbaşa dialoqa başlamağa" çağırdığını bildirib.

Bu arada, Kanada Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Kanadanın Baş naziri Stephen Harper bu ilin iyun ayına Söçidə keçirilməsi təyin olunan G8 sammitinə hazırlığı dayandırdığını bəyan edib.

Rusiyanın Ukraynaya qarşı atdığı addımlara etiraz əlaməti olaraq, G8 sammitinə hazırlığını dayandırdığı barədə eləcə də rəsmi London bildirib. Bu barədə Britaniyanın XİN-i xəbər verib.

ABŞ və NATO-dan xəbərdarlıq

Obama

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Barak Obama Vladimir Putinlə telefon danışığı zamanı Ukraynadakı vəziyyəti müzakirə edib.

Vaşinqton Moskvaya Ukraynaya görə G8 qrupuna üzvlükdən məhrum oluna biləcəyi barədə xəbərdarlıq edib.

ABŞ prezidenti Barak Obama Rusiya qüvvələrinin Ukaynaya müdaxiləsini bu ölkənin "süverliyinin pozulması" adlandırıb.

Prezident Obama Rusiya lideri Vladimir Putinə Moskvanın Ukraynaya qoşun göndərməklə beynəlxalq qanunları pozduğunu bildirib.

Bu arada rəsmi Kiyev Ukrayna ordusunu hərbi əməliyyatlara hazırlıq vəziyyətinə keçirib.

90 dəqiqəlik telefon danışıqğı zamanı Barak Obama Rusiya liderini qoşunları Krımdakı bazalarına çəkməyə çağırıb.

Kreml mətbuat xidmətinin məlumatına əsasən, Vladimir Putin öz cavabında bildirirb ki, Moskva Ukraynada rusdilli əhalinin maraqlarını qorumaq hüququnu özündə saxlayır.

NATO-nun baş katibi Anders Fogh Rasmussen bugün Ukrayna ilə bağlı keçirlən iclasdan əvvəl çıxış edərək, Rusiyanı Krım yarmadasında yaranmış gərginliyin aradan qaldırılmasına səy göstərməyə çağırıb.

Anders Fogh Rasmussen Moskvanı Ukraynanın ərazi bütövlüyünü və süverenliyini təmin etməyə çağırıb.

NATO Şurasının iclasından sonra Ukrayna-NATO Şurasının görüşü keçirilməlidir.

Ukrayna kömək umur

Bu arada Ukrayna Ali Radası beynəlxalq birlikdən yardım istəyib

Ali Rada Ukraynanın təhlükəsizliyinə zamin olan dövlətlərə müraciət edərək onlardan ölkəyə müşahidəçilərin göndərılməsini və yardım göstərilməsini xahiş edib.

Ukrayna deputatları Rusiyanı ölkə ərazisinə qoşun yeritməklə “beynəlxalq normaları pozmaqda” ittiham ediblər.

Daha əvvəl Ukrayna “ərazi bütövlüyünün müdafiəsi üçün bütün mümkün variantları nəzərdən keçirmək” xahişi ilə NATO-ya müraciət edib.

Rusiyanın Ukraynaya silahlı qüvvələr yeritmək qərarını Avropa İttifaqı xarici işlər üzrə nümayəndəsi Catherine Ashton “əsassız gərginlik qızışdırmaq” kimi səciyyələndirib.

“Mən buna təəssüf edirəm. Bu, gərginliyin əsassız daha da qızışdırılması deməkdir. Buna görə, mən Rusiyanı qoşun göndərməməyə və öz nöqteyi-nəzərini dinc vasitələrlə müdafiə etməyə çağırıram”, - baronessa Ashton-un bəyanatında deyilir.