Azərbaycan və Ermənistan arasında yeni söz gərginliyi: Əliyev və Paşinyandan ittihamlar

Şəklin mənbəyi, İCTİMAİ TV / GOV.AM
Paşinyan və Əliyev arasında bu söz atışmaları iki ölkə arasında sülh müqaviləsinin hazırlandığı bir vaxtda davam edir.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini təmin etməyə hazırlaşdığı kimi Ermənistan da ölkəsindən deportasiya etdiyi etnik azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir.
Prezident Əliyev bu sözləri Türk Dövlətləri Təşkilatının cümə axşamı Ankarada keçirilən sammitində deyib və əlavə edib ki, Ermənistan "Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da" Azərbaycana məxsus mədəni irsi, məscidləri, tarixi abidələri dağıdıb.
Onun sözlərinə görə, 1980-ci illərdə etnik təmizləmə nəticəsində Ermənistandan deportasiya olunan azərbaycanlılar "tarixi torpaqlara sülh yolu ilə qayıdışı" qarşılarına məqsəd qoyublar.
O, həmçinin Ermənistanı 2020-ci ildə imzalanan bəyanatı pozmaqda və Azərbaycanla Naxçıvanı birləşdirən nəqliyyat xəttini açma öhdəliyindən yayınmaqda günahlandırıb.
Ermənistanın Xarici İşlər Nazirliyi Əliyevin dediklərini "Ermənistana qarşı açıq ərazi iddiaları və növbəti aqressiyaya hazırlıq" adlandırıb.
Nazirlik Ermənistan ərazisinin "Qərbi Azərbaycan" kimi təqdim edilməsini BMT Nizamnaməsinin "kobud pozulması" olaraq qiymətləndirib.
Qurum Əliyevin "provokativ" sözlərinin Ermənistan və Azərbaycan arasında davam edən sülh danışıqlarını sarsıtdığını, eləcə də Ermənistan-Türkiyə arasında normallaşma prosesinə mane olduğunu qeyd edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə cümə axşamı etdiyi çıxışında bildirib ki, rəsmi Bakı 2020-ci il mnüharibəsi zamanı Qarabağdan məcburi köçkün düşən etnik ermənilərin "öz evlərinə" qayıtmalarını təmin etməkdə uğursuz olub və əlavə edib ki, Yerevan bununla bağlı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına müraciət edəcək.
Bundan əlavə, hökumət iclasındakı çıxışında Nikol Paşinyan Azərbaycandan yeni təkliflər aldıqlarını bildirib və yaxın günlərdə bununla bağlı münasibət bildirəcəklərini deyib.
Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə isə Ermənistanın ittihamlarını "yalan və iftira dolu bəyanat" adlandırıb.
Nazirlik rəsmisi qeyd edib ki, Ermənistandan qaçqın düşən azərbaycanlıların "öz doğma torpaqlarına təhlükəsiz qayıtması tələbinin Ermənistana qarşı "ərazi iddiası" kimi qələmə verilməsi əssassızdır".
Ermənistanı Azərbaycanın suveren ərazilərini "30 ilə yaxın işğal altında saxlamaqda" günahlandıran Ayxan Hacızadə, Yerevanın məcburi köçkün və qaçqınların hüquqlarından bəhs etməyə "mənəvi haqqının" olmadığını deyib.
O, Qərbi Azərbaycan İcmasının dialoq təklifinin Yerevan tərəfindən "tamamilə rədd edildiyini" əsas gətirərək, Ermənistanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığını vurğulayıb.
Bununla belə, nazirliyin sözçüsü Azərbaycan tərəfinin Ermənistanın hər bir təxribatına qarşı beynəlxalq hüquq çərçivəsində "bütün zəruri addımları" atacağını bildirib.
Videonu YouTube kanalımızda izləyə bilərsiniz.







