Qarabağın erməni icması ilə görüşdə “reinteqrasiya müzakirə olunmayıb” – erməni tərəfi deyir

Qarabağın erməni icması martın 1-də Azərbaycan təmsilçiləri ilə görüşdə reinteqrasiya məsələsinin müzakirə olunmadığını deyir.
Bu barədə tanınmamış "Dağlıq Qarabağ Respublikası Təhlükəsizlik Şurasının" bəyanatına istinadən "Dağlıq Qarabağ İnformasiya qərargahı" məlumat yayıb.
Görüşdən sonra Azertac agentliyi yazıb ki, görüşdə Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin "Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr" aparılıb.
Bu gün yayılmış məlumatda isə tanınmamış "DQR Təhlükəsizlik Şurası" görüşün "yalnız Artsax (ermənilər Qarabağı belə adlandırırlar -red.) üzərindən blokadanın götürülməsi üzrə addımların müzakirəsi və bununla bağlı problemlərin həllinə həsr olunduğunu" deyib.
Qarabağdan verilən məlumata görə, görüşün əvvəlində Azərbaycan nümayəndə heyətinin başçısı Ramin Məmmədov "söhbəti Artsaxın Azərbaycanla inteqrasiyasının zəruriliyinə yönəltməyə çalışıb və bunun mümkün sosial-iqtisadi üstünlüklərə nail olmaq perspektivlərini təqdim edib, lakin Artsax qrupunun başçısı Samvel Şahramanyan müzakirəni irəli sürülmüş konkret suallar üzrə aparmağa çağırıb".
Azərbaycan təmsilçisinin bu məlumata reaksiyası bəlli deyil.
Şahramanyanın həmçinin deyib ki, "bu aktual humanitar və infrastruktur məsələlər üzrə təmaslar münaqişənin hərtərəfli tənzimlənməsinə dair əsas suallara toxuna bilməz, bunun üçün gərək geniş beynəlxalq dəstəkli format formalaşdırılsın", - məlumatda deyilir.
Bundan sonra görüşün gündəliyə uyğun şəkildə davam etdiyi açıqlanıb.
Görüşün gündəliyində isə aşağıdakı məsələlərin olub, "Dağlıq Qarabağ İnformasiya qərargahı" bildirib:
- "Artsax Respublikasına təbii qazın arasıkəsilmədən nəql edilməsi və gələcəkdə təchizatda arakəsilmələrə yol verməmək.
- Ermənistandan Artsaxa daxil olan və Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan yeganə yüksəkvoltlu elektrik xəttini yoxlamaq imkanı təmin edilməsi.
- Azərbaycan ixtisaslaşdırılmış qrupu tərəfindən Kaşen və Drmbon mədənləri ərazisində birdəfəlik vizual monitorinq keçirmək.
- Stepanakert-Qoris yolun tam açılması".
Azərbaycanda görüşün gündəliyi barədə məlumat verilməsə də, reinteqrasiyasına dair ilkin müzakirələr aparıldığı açıqlanıb.
Qarabağın erməni icması həmçinin Azərbaycan işçi qrupunun yeni təyin olunmuş başçısı Ramin Məmmədovu "dezinformasiya yaymaqda" ittiham edib.
Ramin Məmmədovun bu məlumata reaksiyası bəlli deyil.
"DQ İnformasiya Mərkəzi"nin məlumatında növbəti görüşlərin "Gəncədə yaxud Ağdamda, özü də Rusiya sülhməramlıları iştirak etmədən keçiriləcəyinə dair məlumatın həqiqətə uyğun olmadığı" açıqlanıb.
Hərçənd ki, görüşdən sonra separatçı Dağlıq Qarabağ prezidentinin sözçüsü Lusine Avanesyan görüşü "konstruktiv" adlandırıb.
"DQR prezidenti" Arayik Harutyunyan isə hökumət kabinetinin iclasında deyib ki, "Azərbaycanla hər hansı inteqrasiya prosesi istisna olunur".
Görüş martın 1-də Xocalı şəhərində, "Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında" keçirilib. Erməni tərəfinin məlumatına görə, görüşün keçirilməsinə görə razılaşmanı Rusiya sülhməramlıları əldə edib.
Rusiya sülhməramlıları görüşdən sonra yaydığı məlumatında bölgədə sülh şəraitində yaşama və gərginliyin aradan qaldırılması istiqamətində gələcək əməkdaşlıq haqqında razılıq əldə edildiyini bildirib.
Azərbaycanın təmsilçisi kimdir?
Çərşənbə günü bəlli olub ki, Milli Məclisin deputatı Ramin Məmmədov Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.
Qarabağın erməni icmasını kim təmsil edir?
Cümə günü verilən məlumata görə, "DQR Təhlükəsizlik Şurasının" 2023-ci il fevralın 28-də qəbul etdiyi qərara əsasən, Azərbaycan tərəfi ilə "təxirəsalınmaz humanitar məsələləri" müzakirə etmək məqsədilə işçi qrup yaradılıb və bu qrupa "Təhlükəsizlik Şurasının katibi" Samvel Şahramanyan rəhbərlik edir.
Görüşdə başqa kimlər iştirak edib?
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak edib.
Rusiya sülhməramlı kontingentin komandanı general-mayor Andrey Volkov da görüş iştirakçısı olub.
Azərtac yazıb ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək.










