Ermənistanın Azərbaycana qarşı tələbi məhkəmədə qəbul edilib

Şəklin mənbəyi, UN Photo/ICJ-CIJ/Wiebe Kiestra
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistanın bir-birinə qarşı iddiaları ilə bağlı qərar qəbul edib.
Azərbaycan Laçın dəhlizi üzərindən maneəsiz hərəkətin bərpası üçün əlində olan bütün imkanlradan istifadə etməlidir, məhkəmənin qərarında deyilir.
Ermənistanın Azərbaycana qarşı müvəqqəti tədbirlər barədə iddiası ilə bağlı çıxarılan qərarı Haaqa Sülh Sarayında hakim Joan Donoghue elan edib.
Onun səsləndirdiyi hökmə əsasən, Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi edilməsi haqqında Beynəlxalq Konvensiyadan irəli gələn öhdəliklərinə uyğun olaraq, iş üzrə yekun qərarın qəbul olunmasına kimi insanlar, nəqliyyat vasitələri və yüklərin Laçın dəhlizi ilə hər iki istiqamətdə "maneəsiz hərəkətini" təmin etmək üçün əlində olan bütün tədbirləri görməlidir.
Azərbaycanın daha əvvəl məhkəməyə verdiyi açıqlamada bildirilir ki, Ermənistanın tələb etdiyi tədbirlər "effektiv olmayacaq, çünki hazırda nə Azərbaycan, nə də azərbaycanlı etirazçılar nəqliyyatın qarşısını kəsmir".
Bakı həmçinin Laçın yolu ilə nəqliyyatın təhlükəsiz hərəkətinin təmin olunduğunu bildirib.
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddialarla bağlı da qərar verilib.
Azərbaycan Ermənistandan "Azərbaycan ərazilərini minalamağı dayandırmağı və əvvəlki illərdə basdırılan minaların yerini bildirməyi" tələb etmişdi.
Azərbaycan Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov bildirmişdi ki, basdırılan minalar məcburi köçkünlərin təhlükəsiz şəkildə Qarabağa qayıtmalarına təhdid yaradır.
Məhkəmə Ermənistana qarşı işğaldan azad edilmiş ərazilərdə minaların basdırması ilə bağlı müvəqqəti tədbirlər görülməsinin tələblərə uyğun olmadığını bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq bundan sonra da Ermənistana qarşı iddialarını davam etdirəcəyini bildirib.
Haaqa məhkəməsinə müraciət edən Azərbaycan və Ermənistan bir-birini "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" beynəlxalq konvensiyanın (CERD) pozulmasında ittiham edirlər.
Bu iş üzrə dinləmələr ötən ilin yanvarında keçirilib.
VideoyaYouTube kanalımızda baxın.






