BMT Məhkəməsinin Azərbaycan və Ermənistanın şikayətləri barədə qərarı: Bundan sonra nə olacaq?

Şəklin mənbəyi, UN
BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (İCJ) Azərbaycan və Ermənistandan irqi zəmində nifrətin qızışdırılmasına son qoymağı tələb edib.
Məhkəmənin sədri Joan E. Donoghue bildirib ki, hər iki tərəf ziddiyyətləri dərinləşdirə və ya mürrəkkəbləşdirə, mübahisənin həllini çətinləşdirə biləcək hərəkətlərdən çəkinməlidir.
Məhkəmə Ermənistanın Azərbaycanda saxlanılan və Ermənistanın məhkəməyə şikayətində hərbi əsirlər kimi təsvir olunan şəxslərin azadlığa buraxılması barədə tələbini rədd edib. Ancaq məhkəmə Azərbaycanın qarşısına bu şəxslərlə "insani davranış" tələbi qoyub.
Qərarda deyilir ki, "2020-ci il münaqişəsi zamanı əsir götürülən və həbsdə qalan bütün şəxslərin zorakılıqdan müdafiəsi, onların təhlükəsizliyi və qanun qarşısında bərabərliyi təmin edilməlidir".
Bundan başqa, məhkəmə Ermənistanın erməni mədəni irsinin Azərbaycan tərəfindən dağıdılmasına dair şikayətini də təmin edib. "Erməni mədəni irsinə qarşı vandalizm aktlarının qarşısını almaq üçün bütün lazımi tədbirləri görülməlidir", məhkəmənin qərarında deyilir.
Məhkəmə Azərbaycanın vəsatətini təmin edərək, Ermənistandan öz sərhədləri daxilində fərdlər və təşkilatlar tərəfindən irqi ayrı-seçkiliyi qadağan etməyi tələb edib.
Məhkəmə eyni zamanda Azərbaycandan irqi ayrı-seçkiliyin qarşısını almaq üçün tədbirlər görməsini tələb edib.
Məhkəmənin qərarında Azərbaycandan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya üzrə öhdəliklərinə uyğun olaraq"o cümlədən rəsmi şəxslər və dövlət qurumları tərəfindən də ermənilərə qarşı irqi nifrət və ayrı-seçkiliyin qızışdırılması və təhrikinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək" tələb olunub.
Sentyabr ayında Azərbaycan və Ermənistan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında" beynəlxalq konvensiyanın "sistematik şəkildə" pozulmasına görə bir-birini məhkəməyə veriblər.
Azərbaycan Ermənistanda azərbaycanlılara qarşı irqi nifrət və irqi zorakılığa çağırış edən təşkilatların fəaliyyətinin qarşısının alınmasını istəyib.
Ermənistanın iddia ərizəsində Azərbaycan kütləvi qətllər, işgəncələr və irqi ayrı-seçkiliyin digər formalarında öz ifadəsini tapan pozuntularda ittiham olunur.
Azərbaycan iddia ərizəsində qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarının minalardan təmizlənməsi üçün "bütün lazımi" addımları atmalı, minaların yeri və xarakteristikası barədə məlumat verməli, "yeni minalar basdırmağı" dayandırmalıdır. Həmçinin Ermənistandan "münaqişəni uzadacaq, həllinə çətinlik törədəcək" addımlardan çəkinmək istənilib.
Ermənistan Azərbaycanın hərbi döyüşçü adlandırdığı "hərbi əsirləri dərhal azad etməsini" və azad edilənədək onlara zərər verməməsini, müstəqil tibbi və psixoloji yardımın onlar üçün əlçatımlı olmasını istəyib. Həmçinin Azərbaycan erməni mədəni irsinin "sistemli şəkildə məhv edilib, silinib və saxtalaşdırılmasında" ittiham olunub.
"Fakultativ qərarlar"
Vəkil Əsabəli Mustafayev BBC News Azərbaycancaya deyir ki, Ədalət Məhkəməsinin qərarları əsasən "fakultativ qərar"dır.
"Yəni, bu qərarlar məcburi deyil. Onların bəzi qərarları, yəni, ayrı-ayrı mövzuda olan, tutaq ki, beynəlxalq konvensiyaların şərhi, onların tətbiqi məsələsi ilə bağlı qərarlar məcburi sayıla bilər. Bir də ki, üzv dövlətlərin razılığı ilə, yəni, dövlətlər öz aralarında iki və çoxtərəfli saziş bağlasalara, o zaman Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının özləri üçün məcburi olması öhdəlik götürürlər".
Lakin vəkil deyir ki, hər iki tərəfin bu məhkəməyə müraciət etməsi, məhkəmənin qərarlarının onlar üçün vacib olduğunu və həmin qərarların yerinə yetirilməsi öhdəliyini məntiqlə tanıdıqlarını bildirir.
"Müvəqqəti tədbirlər bir çox məhkəmələrdə var. O cümlədən də Avropa Məhkəməsində. İşə mahiyyəti üzrə baxılıb, yekun qərar qəbul edilənə qədər hər hansı bir təcili hadisənin, dəyə biləcək zərərin qarşısını almaq üçün məhkəmənin tövsiyəsidir, qərarıdır", Əsabəli Mustafayev izah edib.
Azərbaycan qərarı belə şərh edib
Azərbaycan hökuməti məhkəmənin qərarına dərhal reaksiya verib. "Azərbaycan, Məhkəmənin irqi ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı qeyd etdiyi tədbirlərə əməl edəcək. Azərbaycan Beynəlxalq Konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiqdir", Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatında bildirib.
"Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qorumağa və Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək", XİN əlavə edib.
Ermənistan qərardan "razı qalıb"
"Ermənistan sözügedən qərarları alqışlayır və onların Azərbaycan və bu ölkənin yüksək vəzifəli şəxsləri tərəfindən praktik reallaşdırılmasını gözləyir".
Bunu Ermənistanın Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi Yeğişe Kirakosyan öz Twitter hesabında yazıb.
Kirakosyan həmçinin deyib ki, BMT Beynəlxalq Məhkəməsi Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü "az qala bütün müvəqqəti tələbləri" təmin edib və Azərbaycanın Ermənistana qarşı tələblərinin "böyük hissəsini qəbul etməyib".
Bu ilin sentyabr ayında Azərbaycan və Ermənistan irqi zəmində qarşı tərəfi nifrət yaymaqda, etnik təmizləmə siyasətini həyata keçirməkdə qarşılıqlı sürətdə ittaham edən iddialarla BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət ediblər.
Ermənistanın iddiası ilə bağlı dinləmələr BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində oktyabrın 14-15-də, Azərbaycanın iddiası ilə bağlı dinləmələr isə bir həftə sonra, oktyabrın 18-19 keçirilib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube, 1
Video açılmırsa, YouTube-da izləyin.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube, 2
Video açılmırsa, YouTube-da izləyin.







