AŞPA həmməruzəçiləri Laçın dəhlizi ətrafındakı vəziyyətlə bağlı "təcili tədbirlərə" çağırırlar

Şəklin mənbəyi, Reuters
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Ermənistan üzrə monitorinqinin həmməruzəçiləri Laçın dəhlizi ətrafındakı vəziyyətlə bağlı təcili tədbirlərə çağırırlar. Azərbaycan dəfələrlə Laçın yolu ilə təhlükəsiz hərəkətin təmin olunduğunu bildirib.
Həmməruzəçilər - Kimmo Kiljunen (Finlandiya) və Boriana Aberg (İsveç) bölgəyə fevralın 17-19-da baş çəkiblər.
"Laçın dəhlizindəki vəziyyət təcili tədbir görülməsini tələb edir. Bu günə qədər Dağlıq Qarabağ sakinləri bölgəni sərbəst tərk edə bilmirlər və bizə deyirlər ki, 954 nəfər hələ də dəhlizin hər iki tərəfində qapalı vəziyyətdədir. Bu dəhlizlə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin və Rusiya sülhməramlılarının avtomobillərinin hərəkətinə icazə verilir ki, bu da əhalinin tələbatını ödəməyə kifayət etmir", - AŞPA nümayəndələrinin yaydığı bəyanatda deyilir.
Həmməruzəçilər Ermənistanla Azərbaycan sərhədindəki vəziyyətə gəlincə, hər iki tərəfi sərhədin delimitasiyası ilə bağlı müzakirələri irəli aparmağa və etimadı artıran addım kimi qoşunların sərhəddən geri çəkilməsi ilə bağlı razılığa gəlməyə çağırıblar.

Şəklin mənbəyi, UN Photo/ICJ-CIJ/Wiebe Kiestra
Bu həftə Yerevanın Bakıya qarşı müvəqqəti tədbirlərin görülməsi ilə bağlı vəsatəti çərçivəsində BMT məhkəməsi Azərbaycandan Laçın dəhlizi ilə maneəsiz hərəkətin bərpa edilməsini tələb edib.
Azərbaycanın daha əvvəl məhkəməyə verdiyi açıqlamada bildirilir ki, Ermənistanın tələb etdiyi tədbirlər "effektiv olmayacaq, çünki hazırda nə Azərbaycan, nə də azərbaycanlı etirazçılar nəqliyyatın qarşısını kəsmir".
Məhkəmənin qərarına reaksiya verən Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Laçın yolu ilə təhlükəsiz hərəkətin təmin olunduğunu bildirib.
"Azərbaycan Laçın yolunu heç vaxt bağlamadığına və maneə törətmədiyinə və yol boyu təhlükəsiz hərəkətin təmin edilməsi üçün öz səlahiyyətləri daxilində bütün tədbirləri gördüyünə görə Məhkəmənin müvafiq qərarından sonra da bunu davam etdirəcək", - Ayxan Hacızadə tvitində açıqlayıb.
AŞPA həmməruzəçilərinin səfərinin nəticələri AŞPA Monitorinq Komitəsinin iclasında təqdim olunacaq.
Haaqa məhkəməsinə müraciət edən Azərbaycan və Ermənistan bir-birini "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" beynəlxalq konvensiyanın (CERD) pozulmasında ittiham edirlər.
Çərşənbə günü keçirilən iclasda məhkəmə işğaldan azad edilmiş ərazilərdə minaların basdırması ilə bağlı Azərbaycanın müvəqqəti tədbirlər barədə tələbini təmin etməyib.







