Azərbaycan Qarabağ erməniləri ilə “reinteqrasiyanı müzakirə edib”

Xocalı Qarabağ azərbaycanlılar ermənilər

Azərbaycanı təmsil edən nümayəndələr çərşənbə günü Xocalıda Qarabağ bölgəsində yaşayan etnik ermənilərlə görüşərək onların Azərbaycana "reinteqrasiyasını" müzakirə edib, Azərtac xəbər verib.

Görüş Xocalı şəhərində "Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında" keçirilib.

Bu, separatçı Dağlıq Qarabağ Respublikasının "dövlət naziri" Ruben Vardanyanın fevralın 23-də tutduğu vəzifədən azad olunduqdan sonra baş tutmuş ikinci görüşdür.

Ruben Vardanyan bu vəzifəyə təyinat alandan sonra rəsmi Bakı bəyan etmişdi ki, onun təmsil etdiyi qrupla danışıqlar aparmayacaq.

Azərbaycanı Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmiş, Milli Məclisin üzvü Ramin Məmmədov təmsil edib, Azərtac bildirib.

Görüşdə Azərbaycan tərəfdən həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak edib.

Məlumatlara görə, görüşdə Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin "Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr" aparılıb.

Azərtac yazır ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək.

"Gələcək əməkdaşlıq haqqında razılıq əldə edilib"

Azərbaycan Respublikası, Dağlıq Qarabağ Respublikası nümayəndələri və Qarabağda Rusiya sülhməramlılar kontingentinin komandanı arasında çərşənbə günü keçirilən görüşdə Laçın dəhlizi üzərindən maneəsiz avtomobil hərəkətinin bərpası və Laçın dəhlizinin məqsədli istifadəsi məsələləri müzakirə olunub. Bu barədə "Artsaxpress" agentliyinə Rusiya sülhməramlılar kontingentinin komandanlığı bildirib.

Tərəflər, həmçinin müntəzəm elektrik və qaz təchizatı məsələlərini müzakirə ediblər, məlumatda deyilir.

Bundan başqa, görüş çərçivəsində Azərbaycan tərəfi nümayəndələrinin Drmbon və Kaşen mədənlərində ətraf mühitin monitorinqi imkanı müzakirə olunub.

Məlumata görə, bölgədə sülh şəraitində yaşama və gərginliyin aradan qaldırılması istiqamətində gələcək əməkdaşlıq haqqında razılıq əldə edildiyi bildirilir.

Separatçı Dağlıq Qarabağ prezidentinin sözçüsü Lusine Avanesyan görüşlə bağlı Armenpress nəşrinə açıqlamasında görüşü "konstruktiv" adlandırıb.

"Artsax hərəkatına sadiq qalacağıq"- Harutyunyan

Qarabağ İnformasiya Departamentindən verilən məlumata görə. "DQR prezidenti" Arayik Harutyunyan martın 1-də hökumət kabinetinin iclasında deyib ki, "Azərbaycanla hər hansı inteqrasiya prosesi istisna olunur".

"Bir daha vurğulamaq istəyirəm ki, çətinliklərə və məruz qaldığımız təzyiqlərə baxmayaraq, Artsax hərəkatına sadiq qalacağıq. Tam məsuliyyətlə bəyan etmək istəyirəm ki, Azərbaycanla hər hansı inteqrasiya prosesi istisna olunur. Lakin bu, o demək deyil ki, biz infrastruktur və humanitar xarakterli problemlərin həlli məqsədi ilə təmaslardan qaçacağıq. Münaqişənin tənzimlənməsi üzrə danışıqlar üçün isə, 23 fevral tarixli müraciətimdə dediyim kimi, müəyyən şərait və beynəlxalq format təmin etmək lazımdır", - Arayik Harutyunyan öz çıxışında bildirib.

"Ümidverici" görüş

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Twitter hesabında yazdığı statusda tərəflər arasında baş tutan görüşü "ümidverici" adlandırıb.

"Rəsmi Bakı və Qarabağ erməniləri arasında bu gün Xocalıda görüş keçirilməsi ilə bağlı ümidverici xəbərlər var. Mövcud narahatlıqları və daha geniş məsələlərin ələ alındığı müzakirələrin keçirilməsi yaxşı haldır", - avropalı rəsmi bildirib.

Bu, "ilk görüş" deyil

Separatçı Dağlıq Qarabağın "dövlət naziri" Ruben Vardanyan vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Azərbaycan və Dağlıq Qarabağ nümayəndələri arasında ilk görüş fevralın 25-də baş tutub, Ermənistan mediası xəbər vermişdi. Azərbaycan bu görüş barədə məlumata münasibət bildirməmişdi.

Rəsmi Armenpress agentliyi görüşün Azərbaycanda yerləşdirilən Rusiya sülhməramlı qüvvələri (RSK) tərəfindən təşkil olunduğunu yazmışdı.

Hərçənd ki, RSK saytında bu barədə məlumat verilməmişdi.

Ermənistan mediası görüş vaxtı Laçın yolu və qaz təchizatı ilə bağlı məsələlərin müzakirə olunduğunu xəbər verib.

"Artsaxın (ermənilər Qarabağı belə adlandırırlar -red.) blokadasının aradan qaldırılması, təbii qaz və elektrik enerjisinin dayanıqlı və fasiləsiz təchizatı ilə bağlı məsələlər müzakirə edilib", - "DQR Prezidentinin mətbut katibi" Lusine Avanesyan Novosti Armenii saytına deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi yolun açılması ilə bağlı səylərini davam etdirir və bu istiqamətdə tezliklə müsbət dəyişikliklərə "ümid edilir".

Vardanyan

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Ruben Vardanyan "Dağlıq Qarabağın dövlət naziri" vəzifəsindən azad edilib

Azərbaycan bu informasiyanı şərh etməyib. Lakin bundan əvvəl rəsmi Bakı "Moskvanın göndərdiyi" Ruben Vardanyanın dövlət naziri vəzifəsindən gedəndən sonra yerli ermənilərlə danışıqların bərpa olunacağını demişdi.

İki gün əvvəl "Dağlıq Qarabağın dövlət naziri" vəzifəsindən azad edilən Ruben Vardanyanın Qarabağa gəlişindən öncə, Azərbaycan Xankəndidəki bəzi icma liderlərilə danışıqlar apardığını açıqlamışdı.

Ötən ilin avqustunda Azərbaycan meliorasiya rəsmiləri və de-fakto Qarabağ hakimiyyəti Sərsəng su anbarına birgə baxış keçirmişdilər.

Ermənistan mediası bu dəfəki görüşdə iştirak edənlərin adlarını açıqlamır. Bəs görəsən, bu təmaslarda Azərbaycan kiminlə danışa bilər?

Laçın yolunda durum

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Dekabr ayından bəri Azərbaycanın bəzi ictimai-təşkilat nümayəndələri Şuşa-Xankəndi yolunda etnik ermənilərin yaşadığı ərazidə "təbii sərvətlərin qanunsuz istismarı ilə" bağlı etiraz aksiyası keçirirlər

Bu sualla cavab verən siyasi təhlilçi Əhməd Əlili Bakının "hərbi cinayətkar" hesab etdiyi şəxslərlə danışıqlara gedəcəyini düşünmür. BBC News Azərbaycancaya danışan təhlilçi bu səpkidə "ermənilərin rəhbər kimi adlandırdığı" şəxslər arasında Vitali Balasanyana dair istisna tətbiq etmək üzrə "işlərin görüldüyünü" deyir.

Laçın dəhlizi ətrafında vəziyyət ötən ilin dekabrında bu yol üzərində başlayan aksiyadan sonra kəskinləşib. Azərbaycanlı fəallar Qarabağdakı faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər. Öz növbəsində Ermənistan Bakını Qarabağda yaranmış humanitar böhranda ittiham edir.

Azərbaycan bu ittihamları qəbul etmir, Laçın yolu ilə sərbəst hərəkətin təmin olunması ilə bağlı bütün tədbirlərin görüldüyünü deyir.

Azərbaycan və Ermənistan rəsmiləri bu yaxınlarda sülh danışıqlarını davam etdirəcəklərini açıqlayıblar. Onların dəqiq vaxtı açıqlanmasa da, media belə görüşün Brüsseldə keçirilməsi üçün hazırlıq işlərinin getdiyini bildirir.