"Ermənistanın müttəfiq seçmək imkanı olsaydı, o, Rusiyanı seçməzdi" - erməni təhlilçi

Laçın yolunda durum

Şəklin mənbəyi, Getty Images

Dekabrın 12-dən bəridir ki, Xankəndi/Stepanakerti Ermənistanın Qoris bölgəsinə birləşdirən yolda azərbaycanlı etirazçılar aksiya keçirirlər. Onlar Azərbaycanın nəzarəti olmadan rus sülhməramlılarının yerləşdiyi bölgədə aparılan qazıntı işlərinə etiraz edirlər.

Məsələ artıq beynəlxalq səviyyəyə çıxıb, bir çox ölkələr yolun bağlanması ilə bağlı bəyanat verib. Ermənilər Azərbaycanı Xankəndi və Ermənistan arasında kommunikasiyaları bağlamaqda ittiham edirlər, Azərbaycan isə bunu qəbul etmir, humanitar məqsədli yüklərin keçidinə maneə olmadığını deyir.

Bakı yalnız sülhməramlı qüvvələrin komandanlığı ilə danışır, "Dağlıq Qarabağ hökuməti" ilə təmasa girməyəcəyini bildirir. Bəzi təhlilçilərə görə, hazırda tərəflər arasında danışıqlar prosesi bu məsələnin kölgəsində qalıb.

Yunanıstanda yaşayan region üzrə təhlilçi Corc Meneşyan BBC Azərbaycancaya müsahibəsində deyib ki, Azərbaycan Qarabağdakı "de-fakto hakimiyyətlə danışsa, problem daha tez həll olunardı."

C.M. - Stepanakertdəki de-fakto hakimiyyət bu vəziyyəti ilk növbədə Rusiyanın Qarabağdakı missiyası ilə danışıqlarla həll etməyə çalışır. İkincisi, tanınmamış Dağlıq Qarabağ Respublikasının siyasi elitasının üzvləri beynəlxalq ictimaiyyətdən, beynəlxalq təşkilatlardan, Qərb hökumətlərindən kömək istəyirlər. Beləliklə, bu, birinci hissədir, ikinci və məncə, daha vacib olan hissə Dağlıq Qarabağda, Stepanakertdə, digər şəhər və kəndlərdə, mülki əhalinin yaşadığı yerlərdə baş verənlərlə bağlıdır və bu, xəstəxanalara, xəstə insanlara, tibbi yardıma ehtiyacı olanlara aiddir - reanimasiyada körpələri görə bilirik. Məlumatlara görə, bəzi bazarlarda, bəzi supermarketlərdə insanlar ərzaq tapmaqda çətinlik çəkirlər. Təbii ki, təbii qaz təchizatı ilə bağlı da böyük problemlər var. Çünki Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeganə yolun bağlanması ilə təbii qazın verilməsində fasilələr yaranıb. Ona görə də mən hesab edirəm ki, bu, ən vacib məsələdir, çünki hazırda bütün regionda, xüsusən də Stepanakertdə, havalar yaxşı deyil. Biz qış aylarına qədəm qoyduq. Bu isə mülki əhalinin rifahı üçün kifayət qədər problemlər yaradır.

Beləliklə, burada iki hissə var ki, məncə, birinci hissə siyasi məsələdir və faktiki hakimiyyətin bu problemi həll etmək və beynəlxalq ictimaiyyətdən yardım almaq cəhdlərindən ibarətdir. İkinci hissə isə humanitar vəziyyətlə və mülki əhalinin üzləşdiyi problemlərlə bağlıdır.

George Meneshian

Şəklin mənbəyi, George Meneshian

Şəklin alt yazısı, Corc Meneşyan

BBC: - Ancaq sosial şəbəkələrdə yayılan xəbərlərə görə, bəzi humanitar maşınlara nümayişçilər və ya sülhməramlılar tərəfindən keçməyə icazə verilib, onlar Dağlıq Qarabağa, Stepanakertə daxil olublar. Bu doğrudurmu?

C.M. - Mən bilmirəm. Demək istədiyim odur ki, mən də sizin dediklərinizi oxumuşam, lakin bizdə dəqiq məlumat yoxdur. Bilirsiniz, Lacın dəhlizində və Qoris-Stepanakert magistralında əslində baş verənləri hələ ki, bilmək olmur. Ümid edirəm ki, bu doğrudur və Dağlıq Qarabağa bəzi təcili yardım, habelə ərzaq və ya dərman daşıyan maşınlar daxil olub. Amma düzünü desəm, optimist deyiləm. Əks halda, bunun baş verdiyinin sübutunu görərdik. Yəni, hələlik biz heç bir sübut görmürük. Ola bilsin ki, hazırda yolda olan azərbaycanlılardan belə bir təklif olub ki, təcili yardım və ya başqa maşınlar keçə bilər, amma biz bu barədə hələ ki, bir şey bilmirik.

George Meneshian

Şəklin mənbəyi, George Meneshian

BBC: - Sizcə, bu vəziyyətdən çıxış yolu nədir? Bu, necə həll edilməlidir?

C.M. - Mən dialoqa ehtiyacın olduğunu düşünürəm. Bizə Azərbaycan hakimiyyəti və de-fakto Stepanakert hakimiyyəti arasında dialoq lazımdır. Və təbii ki, bizim xoşumuza gəlib-gəlməməsindən asılı olmayaraq, bütün bunlarda Rusiya sülhməramlı missiyasının, rusların rolu var. Buna görə, təbii ki, onlar da həllin bir hissəsi olmalıdır. Bununla belə, görürəm ki, Azərbaycan hakimiyyəti inadkarlıq nümayiş etdirir ki, Ermənistana, ruslara və təbii ki, Dağlıq Qarabağdakı ermənilərə təzyiq göstərsin. Bəlkə də, beynəlxalq ictimaiyyətin cavabına ehtiyacımız var. Ola bilsin ki, Azərbaycanı dəhlizi yenidən açmağa çağıran Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası vəziyyətə müdaxilə etsin. Bu hadisələrin inkişafına Avropa Birliyinin reaksiyasını da gördük, lakin bu, sadəcə çağırışlardır. Onlar Azərbaycanı dəhlizi açmağa və Dağlıq Qarabağın erməni əhalisi üçün təbii qazın təchizatını bərpa etməyə çağırırlar. Amma mən hesab edirəm ki, beynəlxalq ictimaiyyətin, xüsusən də Dağlıq Qarabağ münaqişəsində həmişə rol oynamış regional və beynəlxalq təşkilatların daha fəal müdaxiləsi olmalıdır. Təbii ki, BMT, ATƏT, Avropa İttifaqı və bəzi hökumətlərin müxtəlif müraciətləri də onların məlumatlılığını göstərdiyi üçün vacibdir. Lakin böhran yalnız Azərbaycan hakimiyyətinin dəhlizin açılmasına qərar verəcəyi təqdirdə başa çatacaq. Onlar bilirlər ki, ruslar Azərbaycan vətəndaşlarına qarşı güc tətbiq edə bilməzlər. Sülhməramlı missiyadakı ruslar da bilirlər ki, azərbaycanlılara, kim olursa-olsun, nümayişçilərə, etirazçılara heç bir halda güc tətbiq edə bilməz. Amma danışıqlara ehtiyacımız var. Mən Ermənistanın daha fəal olmasını istərdim, çünki bilirsiniz, Ermənistan reaksiya verdi, amma bizə daha çox reaksiya lazımdır.

Düzünü desəm, problem ondadır ki, Ermənistan artıq bu vəziyyətdə üstünlüyə malik deyil. Dağlıq Qarabağa nəzarət edən Rusiya missiyasıdır və Ermənistanın orada mövcudluğu yoxdur. Təbii ki, o, erməni icmasının yaşaması üçün vacib olan ərzaq, yanacaq, təbii qaz və maliyyə ayırır. Lakin Dağlıq Qarabağ üzərində faktiki nəzarət olmadan, Ermənistan çox şey edə bilməz. Ona görə də hesab edirəm ki, ən vacibi Bakı ilə Stepanakert arasında dialoq və danışıqların olmasıdır. Və əslində bu, gələcək danışıqlara yol açacaq.

qarabağdan ermənistana gedən yeni yol

BBC:- Dialoqu qeyd etdiniz. Amma Azərbaycan hakimiyyəti heç bir "hökumət rəsmilərini" tanımadığı üçün de-fakto respublikanın rəsmilərilə danışığa getməyəcəyini deyir. Bununla belə, Azərbaycan hökuməti açıq olduğunu və yerli icma liderləri ilə danışığa hazır olduğunu söyləyib, lakin Ruben Vardanyanın de-fakto respublikanın, tanınmamış respublikanın dövlət naziri olması bu mənada kömək etmədi. O zaman olmazmı ki, ermənilər, yəni de-fakto respublikanın rəsmiləri inadkarlıq etməsin və bu işə qarışmadan icma liderlərinin Azərbaycan hakimiyyəti ilə danışmasına icazə versin?

C.M. - Bəli, sualınız üçün təşəkkür edirəm. Əvvəla, Dağlıq Qarabağın de-fakto hakimiyyəti ilə müzakirələr aparmaq o demək deyil ki, siz [rəsmi Bakı - red.]onları tanıyırsınız. Bir çox münaqişələrdə üsyançı və ya separatçı liderlərin mərkəzi hökumətlə müzakirə apardığını görmüşük. 20-ci və 21-ci əsrlərdə bunu bir çox hallarda görmüşük. Mənim fikrimcə, tanınmamış Artsax Respublikasının de-fakto hakimiyyətilə müzakirə etmək o demək deyil ki, Bakı onları hökumət olaraq tanıyır.

İkincisi, mən başa düşürəm ki, Bakının tanınmamış respublikanın dövlət naziri Ruben Vardanyanla problemi var. Mən bunları başa düşə bilərəm. Amma cəmiyyəti kim təmsil edir? Vardanyan istisna olmaqla, qalanlar erməni icması tərəfindən seçilib. Bundan başqa, biz Azərbaycan hakimiyyətilə Dağlıq Qarabağın de-fakto hakimiyyəti arasında müəyyən qarşılıqlı əlaqələrin şahidi olmuşuq. Bu, su anbarları ilə bağlı idi. Biz Azərbaycan rəsmiləri, yaxud rəsmi nümayəndələrlə regiondakı azərbaycanlı işçilər və ermənilər arasında başqa qarşılıqlı əlaqələri də görmüşük. Təbii ki, Stepanakertdəki de-fakto hakimiyyətin inadkarlığı barədə dediyinizi də başa düşürəm. Amma onlar yaxşı bilirlər ki, vəziyyəti bütövlükdə formalaşdıran Bakıdır, çünki ikinci Qarabağ müharibəsindən sonra Bakının üstünlüyü var. Bakı gücə malikdir - Dağlıq Qarabağdakı ermənilərin isə sadəcə özünümüdafiə birləşmələri var. Onların həqiqi ordusu yoxdur. Rusiya sülhməramlı kontingenti isə Azərbaycana qarşı döyüşmək fikrində deyil. Beləliklə, Dağlıq Qarabağın de-fakto hakimiyyəti bilir ki, Azərbaycanın üstünlüyü var. Bakı de-fakto hakimiyyətlə danışıqların yeni mərhələsinə başlamaq təşəbbüsü ilə çıxış edərsə, ola bilsin ki, Stepanakertdəki de-fakto rəhbərlik də daha az inadkarlıq göstərər.

Belə hesab edirəm. Hazırda Əliyev deyir ki, biz Dağlıq Qarabağla bağlı heç nəyi müzakirə etməyəcəyik. O deyir ki, bu, daxili məsələdir və biz bunu heç kimlə müzakirə etməyəcəyik. Belə olan halda biz Stepanakertdəki de-fakto hakimiyyətdən nə gözləyirik? Mən həqiqətən inanıram ki, inadkarlıq inadkarlığa səbəb olur. Hesab edirəm ki, azərbaycanlılardan faktiki təkliflər olsaydı, bəlkə də Dağlıq Qarabağdakı ermənilər başqa cür davranardılar.

BBC:- Hazırda yolu bağlayan fəallar tələb edirlər ki, ərazidə Azərbaycan polisinin və eləcə də dövlət gömrük-keçid məntəqələrinin fəaliyyəti bərpa olunsun. Hesab etsək ki, fəallar Azərbaycan hökuməti tərəfindən dəstəklənir və bu tələblər yerinə yetirilə bilər və o zaman nə baş verəcək, sizcə, biz yenidən toqquşmalardan və ya daha böyük müharibədən narahat olmalıyıqmı?

C.M. - Əvvəla, bilmirəm, onlar fəaldırlar, yoxsa yox. Düzünü desəm, bəlkə də bəziləri həqiqətən etirazçıdır, amma dəlillər var ki, etirazçılardan bəziləri əslində, Xüsusi Təyinatlı Qüvvələrin üzvlərdir. Yəni bunlar Azərbaycan qüvvələri və ya rejimə yaxın olan insanlardır. Mən tələblər haqqında oxumuşam. Hər şeydən əvvəl, Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağa çıxışı olmadığı bir halda xüsusi polis bölmələrinin yaradılması necə mümkün ola bilər. Mən ermənilərin yaşadığı Dağlıq Qarabağı nəzərdə tuturam.

BBC: - Onların tələbi Laçın dəhlizindəki bu yola aiddir...

C.M. - Bəli, bəli. Yəni, üçtərəfli razılaşmaya görə, ən azı 2025-ci ilə qədər Laçın dəhlizinə Rusiyanın Sülhməramlı Missiyası nəzarət edir. Beləliklə, ruslar polis bölmələrinin qurulmasına necə icazə verəcək? Başqa bir problem də onların fəaliyyəti ilə bağlıdır. Çünki hazırda bəzi fəallar Dağlıq Qarabağın Ermənistan və xarici dünya ilə əlaqəsinə belə bir problem yaradırlarsa, girişi əngəlləyə biləcək polis bölmələrinin qurulması hansı problemlər yarada bilər? Yəni hər gün olmasa da, onlar bir çox hallarda yolu bağlaya, yaxud da Ermənistandan Dağlıq Qarabağa ərzaq, yanacaq və ya dərman gətirən bəzi maşınlar üçün girişi kəsə bilərlər. Bir sözlə, bu, çox problemli olacaq. Çünki mən hesab edirəm ki, bu, yalnız Dağlıq Qarabağ məsələsi ilə bağlı razılaşma olduqda baş tuta bilər. Əks halda, bu, çox təhlükəli olardı. İlk növbədə, ona görə ki, Dağlıq Qarabağa girişlə bağlı humanitar problemlər yarana bilər. İkincisi, dediyiniz kimi, həmin silahlı polis birləşmələri dəhlizdə qurulsa, ermənilərlə onlar arasında müəyyən toqquşmalar da ola bilər. Amma dediyim kimi, üçtərəfli bəyannaməyə görə, Laçın dəhlizi ötən ilin yayında Azərbaycanın nəzarətinə qayıdıb. Bəyannaməyə görə, dəhlizə görə cavabdehlik Rusiya missiyasının üzərinə düşür. Azərbaycan hakimiyyəti yalnız ona girişin təmin edilməsinə cavabdehdir, təəssüf ki, hazırda bu baş vermir.

BBC:- Sizcə, Rusiyanın növbəti reaksiyası necə olacaq? Sizcə o, daha aktiv olacaq, yoxsa...?

C.M. - Onun daha aktiv olacağına inanmıram. Əvvəla, Rusiya Ukraynanın işğalı ilə bağlı çoxsaylı problemlərlə qarşı-qarşıyadır. Və təbii ki, o, postsovet məkanında da bir çox problemlərlə üzləşir. Çünki Ukraynaya müdaxilədən sonra görürük ki, Moskvanın bir çox nominal müttəfiqləri yeni tərəfdaşlıqlar qurmağa çalışırlar. Burada Qazaxıstanı, təbii ki, Özbəkistanı, hətta Ermənistanı da görə bilərsiniz. Bu, Azərbaycan silahlı qüvvələrinin Ermənistana qarşı son hücumu vaxtı KTMT və Rusiyanın rolu ilə bağlı problemlərlə əlaqəlidir. Bütün təqdirlərdə, Rusiya bir çox problemlərlə üzləşir. O, təbii ki, regionda təmsil olunub və fəal rol oynayır. Ukraynadakı müharibəyə görə bir çox problemlərlə üzləşməsinə baxmayaraq, Rusiyanın Azərbaycana ehtiyacı var. Azərbaycan Rusiya üçün önəmlidir. Dağlıq Qarabağda erməni toponimlərinin istifadəsi ilə bağlı Rusiya-Azərbaycan münasibətləri üçün bəzi problemli açıqlamalar var. Bu gün oxudum ki, Rusiya ona görə reaksiya verir ki, Azərbaycan Ukraynaya generatorlar göndərir. İki dövlət arasında bəzi problemlər var. Ancaq onların bəzi sahələr və bəzi sektorlarda tərəfdaşlıqları var və Azərbaycan bir çox səbəblərə görə Rusiya üçün vacibdir. Bu, Azərbaycanın Qafqazda yerləşməsilə bağlıdır. Bu, tezliklə açılacaq Şimal-Cənub Beynəlxalq Ticarət Dəhlizinə görədir, həm də ona görə ki, Rusiya Azərbaycanı Türkiyənin Qafqazdakı qapısı kimi görür və bunun qarşısını almaq üçün Azərbaycana yaxın olmaq istəyir. Ona görə də, Rusiya tərəfinin reaksiya verəcəyini düşünmürəm. Bundan başqa, müxtəlif hökumətlərin və Rusiya Xarici İşlər Nazirliyinin bəyanatlarına baxsanız, görə bilərsiniz ki, Rusiya böhranda neytral qalmağa çalışır, baxmayaraq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanı Laçın dəhlizini bağlamaqda günahlandırır. Və Rusiya XİN-inə gəlincə, hadisələrin inkişafından narahatlıq ifadə edən bəzi bəyanatları görmək olar. Beləliklə, Rusiya Ermənistan ilə Azərbaycan arasında balanslaşdırılmış rol oynamağa çalışır və mən hesab edirəm ki, bu, ən azı 2025-ci ilə qədər belə da olacaq. Çünki Rusiya regionda qalmağa çalışır. Üçtərəfli bəyannaməyə görə, o, Dağlıq Qarabağda sülhməramlı missiyası ilə əlavə dörd-beş il qala bilər. Və ola bilsin ki, artıq o vaxtlar Bakı ilə Moskva arasında müəyyən problemlər yarana bilər, belə ki, Bakı deyə bilər ki, regionun Azərbaycana inteqrasiyasının vaxtı gəlib çatdı və Rusiya sülhməramlı qüvvələrinə ehtiyac qalmayıb. Ola bilsin ki, o zaman iki dövlət arasında müəyyən problemlər yaransın. Ukraynaya dəstək, Rusiya hərbçilərinin Qarabağda olması və ermənilərin yaşadığı Dağlıq Qarabağa azərbaycanlıların buraxılmaması kimi bütün problemlərə baxmayaraq, mən düşünmürəm ki, iki ölkə qarşı-qarşıya gəlsin. Və unutmayaq ki, bir neçə həftə əvvəl Azərbaycan və Rusiya rəsmiləri arasında bir sıra mühüm görüşlər baş tutub. Bütün bəyanatlara baxmayaraq onlar fəaliyyətlərini davam etdirirlər. Hətta müttəfiq olmasalar da.

corc meneşyan

BBC:- Ancaq Rusiya Ermənistanla müttəfiqdir...

C.M. - Kağız üzərində [müttəfiqdir]. Demək istəyirəm ki, bəli, o, KTMT-nin üzvüdür. Ermənistan və Rusiya arasında müxtəlif müqavilələr imzalanıb. Hazırda Ermənistan Rusiyasız sağ qala bilməz. Yəni o, Rusiyadan təbii qaz idxal edir, Türkiyə ilə sərhəddə və Ermənistanın başqa yerlərində də rus əsgərləri var. Dağlıq Qarabağda Rusiya missiyası mövcuddur. Bütün məlumatlar doğrudur, dəqiqdir. Və gördüyümüz kimi, problemlərə baxmayaraq, Paşinyan və Putin arasında görüş olub, iki ölkə birgə işlərini davam etdirir. Biz görürük ki, Ermənistan beynəlxalq təşkilatlarda Rusiya əleyhinə olan qətnamələri dəstəkləməyib və bitərəf qalıb. Bu, Ermənistan üçün cəsarətli addımdır, çünki əslində bu, "mən sizi dəstəkləmirəm" deməkdir. Amma iki dövlət arasında münasibətlərdə böyük problemlər var. Bu, əsasən, ötən ilin sentyabrında Azərbaycan qüvvələrinin Ermənistan ərazisi daxilində müxtəlif hərbi və mülki infrastrukturu bombalaması və Ermənistan ərazisini ələ keçirməsi zamanı Rusiyanın rolu ilə bağlıdır. Və faktiki olaraq, Azərbaycan qüvvələri 2021-ci ilin mayından Ermənistan ərazisini ələ keçirib. Ona görə də Ermənistan KTMT-dən kömək istəyəndə o, imtina etdi. Rusiya imtina etdi. Təbii ki, Bakı ilə çox yaxın münasibətləri olan Belarus və Qazaxıstan da imtina etdi. Və bu, problem yaratdı. Bunu açıq təsdiq edən fakt odur ki, Paşinyan bir neçə həftə əvvəl Yerevanda keçirilən sammit zamanı KTMT-nin bəyanatına imza atmaqdan imtina etdi. Deməli, bəli, təbii ki, Rusiya Ermənistanın müttəfiqidir, amma həqiqi müttəfiq deyil. Düzünü desəm, mən Ermənistanı Moskvanın geosiyasi girovu hesab edirəm. Ermənilərin çoxu mənimlə razılaşmaz, amma bu mənim fikrimdir. Və mən hesab edirəm ki, Ermənistanın müttəfiq seçmək imkanı olsaydı, o, Rusiyanı seçməzdi.