24 aprel: Türkiyədə türk və erməni icması bu günü niyə qeyd edir?

Türkiyə

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, İlhamə Qasımlı
    • Vəzifə, Ankaradan BBC News Azərbaycanca üçün

Bu gün Türkiyədə həm erməni kilsələrində, həm də Şərqi Anadolu bölgəsində 1915-ci ildə baş vermiş qırğınlarda öldürülmüş erməni və türklərin anım mərasimləri keçirilir. Amma ayrı-ayrılıqda...

Erməni icmasının nümayəndələrindən biri Toros Alcan BBC News Azərbaycancaya deyib ki, Türkiyədə həm erməni, həm də türk icmaları bir yerdə oturub 1915-ci ildə baş vermiş hadisələri danışmalı, suallara cavab verməlidirlər.

Türk icmasının təmsilçisi, İqdır sakini Serdar Ünsala görə, davamlı "soyqırım" iddiaları Türkiyəni də adekvat cavaba məcbur edir, halbuki ermənilər "Türkiyədə heç bir təzyiq görmədən yaşayırlar".

Aprelin 24-ü dünya ermənilərinin türk ordusu tərəfindən "soyqırıma məruz qaldıqlarını" iddia etdikləri, Türkiyənin isə bu iddiaları təkzib edərək, Osmanlı imperiyası dövründə "kütləvi köçürülmə" aparıldığını, bu hadisələrdə türklərin də qətlə yetirildiyini bəyan etdiyi bir tarixdir.

Bu ilki anım mərasimləri həm də Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşması üzrə çalışmalar fonunda keçirilir: Azərbaycan-Ermənistan arasındakı Qarabağ münaqişəsinə görə sərhədlərini Ermənistanın üzünə bağlamış Türkiyə İkinci Qarabağ müharibəsindən sonra diplomatik əlaqələri bərpa etmək istəyir. Həm Ermənistanda, həm də Türkiyədə artıq sərhədlərin açılacağından, bölgədə iqtisadi-ticari əlaqələrin dirçələcəyindən danışırlar, hər iki ölkə münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndə təyin edib.

Artıq hər iki ölkə paytaxtından bir-birinə intensiv sərnişin təyyarələri uçur.

"Tarixçilərə aid bu mövzu vətəndaşı maraqlandırmamalıdır"

Erməni əsilli həkim Nerses Yeramyan "dünyanın bu qədər qarışıq olduğu bir vaxtda" 24 aprel mövzusunu aktual etmək, "gün üzünə gətirməyi" lüzumsuz sayır. O inanır ki, tarixçilərə aid olan bu mövzu "vətəndaşları maraqlandırmamalıdır".

"Mən Türkiyədə çox rahatam, çox məsudam. 24 aprel mövzusu artıq çox geridə qaldı. Bunların üzərində durmamaq lazımdır. Mənim xanımım müsəlmandır, türk ordusunun polkovnikinin qızı, özü də hakimdir. Nə mənim, nə də erməni dostlarımın heç bir sıxıntısı yoxdur, hazırda. Dostlarımdan da qulağıma elə bir söhbətlər gəlmir", - Nerses Yeramyan BBC News Azərbaycancaya Türkiyədə erməni kimliyinin problem olmadığından bəhs edərkən deyib.

Foto. Arxiv. İqdır, Hakmehmet kəndi. Yerli sakinlər 1915-ci ildə öldürülmüş türkləri anırlar. 24 aprel, 2019-cu il

Şəklin mənbəyi, Serdar Ünsal

Şəklin alt yazısı, Foto. Arxiv. İqdır, Hakmehmet kəndi. Yerli sakinlər 1915-ci ildə öldürülmüş türkləri anırlar. 24 aprel, 2019-cu il

"Bu iddialar olmasa..."

İqdırın ictimai fəallarından olan Serdar Ünsal BBC News Azərbaycancaya müsahibəsində deyir ki, onlar da "soyqırım" iddialarına o hadisələrdə qətlə yetirilmiş türklərin dəfn edildikləri kütləvi məzarlıqları ziyarət etməklə cavab verirlər.

O hesab edir ki, erməni diasporasının "soyqırım" iddialarından "əl çəkməməsi" Türkiyəni də əks tədbirlər görməyə vadar edir.

"Bu iddialar olmasa, biz də ona uyğun addımlar atarıq. Ermənilər onsuz da Türkiyədə heç bir təzyiq görmədən yaşayırlar. Ermənistandan 50 minə yaxın erməni Türkiyədə yerləşib. Amma davamlı olaraq, soyqırım iddialarını ortaya atmaqla Türkiyəni də cavab addımı atmağa məcbur edir", -Serdar Ünsal bildirir.

İstanbul Erməni Patrikliyi, Kumkapı Meryem Ana Katedralında anma ayini, 24 aprel, 2019.

Şəklin mənbəyi, Mıgırdiç Arzivyan

Şəklin alt yazısı, Foto. Arxiv. İstanbul Erməni Patrikliyi, Kumkapı Meryəm Ana Katedralında 1915-ci ildə öldürülmüş erməniləri anırlar. 24 aprel, 2019.

"Oturub danışmaq lazımdır"

Erməni icmasının nümayəndələrindən biri Toros Alcan 24 apreli Türkiyə ermənilərinin "çox ağrılı günlərindən biri" sayır.

"Həmin gün biz kilsəyə gedir, ayinlər icra edir, ölənlər üçün dua edirik", - o, BBC News Azərbaycancaya deyib.

Toros Alcanın fikrincə, 1915-ci il hadisələrinin adı nə qoyulsa da - "nəticədə bu torpaqlarda illərdir yaşayan insanlar artıq yoxdurlar".

"Diaspora dediklərimiz də qarslı, maraşlı, adanalı, malatyalı, sivaslı insanların nəvə-nəticələridir. Onlar 1915-ci il hadisələrində sağ qalan insanların nəvələri və düşmənliklə yetişən nəsildir. İnsanların niyə bu ağrını 100 ildir tələb etmələrini anlamaq lazımdır", - cənab Alcan deyir.

O hesab edir ki, 24 aprel tarixi bir gerçəklikdir və bu barədə qarşılıqlı oturub danışmaq lazımdır: "Bunu danışmağın qarşısını almaq yerinə - istər ermənilər, istərsə də müsəlmanlarla bağlı tarixi faktlar üçün müxtəlif addımlar atıla bilər. Nəticədə bu torpaqlarda itirilən insanların taleyidir. Erməni, türk ayırmadan hamısını bu torpaqların itkisi kimi görmək lazımdır", -Toros Alcan deyir.

"...xoşməramlı addımlar atmalıdır"

Erməni araşdırmaları üzrə tarixçi professor Kemal Çiçek düşünür ki, erməni və türk toplumunun nifrətsiz bir ortamda yaşaya bilməsi üçün erməni diasporası "xoşməramlı addımlar atmalıdır".

"Erməni diasporasının Ermənistan üzərində təsirləri çoxdur. İqtisadi baxımdan ehtiyac içində olan Ermənistan diasporanın tələblərindən asılıdır. Diaspora xoşməramlı addımlar atmalı, soyqırım iddialarını siyasətə çevirmədən Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlı olmalıdır", -professor Kemal Çiçekçi əlavə edib.