1915-ci ildə Çanaqqala döyüşü hansı şəraitdə baş verdi və müharibənin gedişinə necə təsir etdi?

    • Müəllif, Selin Girit
    • Vəzifə, BBC Türkçe, İstanbul

BBC Türkçe bu məqaləni ilk dəfə 22 aprel 2015-ci ildə dərc edib.

askerler

Şəklin mənbəyi, Getty Images

İllərdir ki, tarixi Gelibolu yarımadasını çox sayda xarici turist ziyarət edir: xüsusilə də Çanaqqala müharibəsində böyük itkilər vermiş iki ölkənin - Avstraliya və Yeni Zelandiyanın vətəndaşları. Amma son illər yerli turistlərin sayında artım müşahidə olunur.

Bələdçi Yusuf Kırcanın sözlərinə görə, Çanaqqalaya Türkiyənin hər yerindən məktəblərin və bələdiyyələrin təşkil etdiyi avtobuslar gəlir.

"Amma öz hesabına gəlib bu torpaqları görmək istəyən ailələr də var" - Kırca belə deyir.

Ziyarətçilərin ən çox maraq göstərdiyi yerlərdən biri: 57-ci alay şəhidliyi…

Britaniya imperiyasına qarşı vuruşan, Mustafa Kamalın "Mən sizə hücuma keçməyi yox, ölməyi əmr edirəm" dediyi əsgərlərin məqbərələri onlara dua etmək istəyən adamlarla dolur.

Milli Təhsil Nazirliyinin, universitetlərin və bələdiyyələrin təşviqiylə Çanaqqalaya səfərlərin sayında xüsusilə son illərdə ciddi artım müşahidə olunur.

Çanaqqalanın Mədəniyyət və Turizm Müdirliyindən verilən məlumata görə, son 10 ildə bölgəyə gələn turistlərin sayı 200 mindən 2 milyona yüksəlib.

Bu il Çanaqqala döyüşünün 100-cü ildönümündə ziyarətçi sayının daha da artması gözlənir.

"Ən mühüm dönüş nöqtələrindən biri"

Çanaqqaladakı 18 Mart Universitetinin əməkdaşı, tarixçi Mithat Atabay deyir ki, Çanaqqala döyüşü ondan iki il əvvəl baş vermiş Balkan müharibələrindəki məğlubiyyətin revanşı kimi qiymətləndirilə bilər:

"Osmanlı imperiyası cəmi 24 gün ərzində Balkan torpaqlarını tərk etməli olmuşdu. Bolayırdan Seddülbahir bölgəsinə qədər ərazi xaricindəki bütün torpaqları itirmiş, nəzarətində yalnız Gelibolu yarımadası qalmışdı. Bu, böyük bir mənəvi çöküşə səbəb olmuşdu".

"İkincisi, Osmanlı İmperiyası 1683-cü ildən bəri tənəzzüldə idi, bu aralıqda heç bir hücum əməliyyatı gerçəkləşdirməmişdi. Çanaqqala döyüşündə isə o dövrün böyük dövlətlərini öz torpaqlarından qovdu və bu, təbii ki, onun əhval-ruhiyyəsini xeyli yaxşılaşdırdı".

Bilgi Universitetinin sosioloqu, tarixçi Ayhan Aktar da Çanaqqaladakı zəfərin Osmanlı İmperiyası üçün ruh yüksəkliyi mənbəyi olduğunu düşünür:

"Çanaqqala döyüşü Osmanlı imperiyası üçün Birinci dünya müharibəsinin ən önəmli dönüş nöqtələrindən biriydi. Buna heç bir şübhə yoxdur".

"1914-cü ildə Şərq cəbhəsində, Sarıqamışda 3 gün içində 50 min əsgər donaraq ölmüşdü. Cəbhə tamamilə dağılmış, böyük bir fəlakət yaşanmışdı. 1915-ci ilin yanvar ayında isə Rusiya əks hücuma keçmişdi".

Çanaqqalada ilk qələbə aprel, ikinci qələbə isə avqust ayında qazanıldı. İlin sonunda Britaniya imperiyası əvvəl şimal, sonra da cənub cəbhəsindən geri çəkilmək məcburiyyətində qaldı.

"Müharibənin gedişatı baxımından bu, çox vacibiydi. Çanaqqaladakı qələbələr Osmanlı komandirlərini ruhlandırdı. Osmanlı imperiyası bunun sayəsində 1918-ci ilə qədər mövcudluğunu qoruya bildi".

çanakkale

Şəklin mənbəyi, Getty Images

"Churchill Osmanlını çökdürmək istəyirdi"

Çanaqqala döyüşü dənizdən və qurudan olmaqla iki mərhələdən ibarət olub.

Britaniya imperiyasının rəhbərlik etdiyi müttəfiq dövlətlərin donanmaları dəniz yoluyla Çanaqqala boğazını asanlıqla ələ keçirəcəklərini düşünmüş, bu yolla Osmanlı imperiyasının paytaxtı İstanbula yaxınlaşmağı hədəfləmişdilər.

Onlar İstanbul və Çanaqqala boğazlarını ələ keçirməklə, müttəfiqləri Rusiyanı ərzaq və hərbi qüvvəylə təmin etməyi düşünmüşdülər.

Ayhan Aktar həmçinin qeyd edir ki, Birincü dünya müharibəsindəki şərtlər fonunda Çanaqqala strateji baxımdan çox önəmli olub:

"Hərb tarixinə görə, Çanaqqala döyüşləri Britaniya imperiyasının donanma naziri Winston Churchill-in ideyası olub. O, Çanaqqalanı məğlub etmək, İstanbulu işğal etmək, Osmanlı imperiyasını çökdürmək istəyirdi".

"Çanaqqalanın müdafiəsi çox zəruriydi. Çünki onu ələ keçirmək İstanbula keçidi ələ keçirmək deməkdi. Çanaqqala boğazını keçəndən sonra o vaxtın şərtləriylə altı saat sonra İstanbula çatmaq olurdu".

18 mart 1915-ci ildə Osmanlı imperiyası müttəfiq dövlətlərin dənizdən hücumunu dəf etdi. Bundan bir ay sonra - 25 aprel 1915-ci ildə Britaniya, Avstraliya, Yeni Zelandiya və Fransa qüvvələri Gelibolu yarımadasına hücum etdilər. Döyüşlər ilin axırına kimi davam etdi. Tərəflər ciddi itkilər verdilər.

"Qurtuluş savaşının ön səhifəsi"

Çanaqqala döyüşü Osmanlı imperiyasının böyük qələbəsiydi. Bundan sonra yalnız bir hərbi uğur qazanılmışdı: Kut əl-Əmmarın 1916-cı ilin aprel ayında Britaniya əsgərlərinin əsir götürülməsiylə nəticələnən mühasirəsi.

Amma Çanaqqala döyüşü sadəcə Osmanlı ordusunun qələbəsi kimi yox, müasir Türkiyənin tarixi baxımından da böyük əhəmiyyətə malikdir.

çanakkale

Şəklin mənbəyi, Getty Images

Ayhan Aktar Mustafa Kamal Atatürkün Çanaqqala döyüşündəki uğuruyla Qurtuluş savaşı arasında əlaqə görülməsinə diqqət çəkir: "Çanaqqala döyüşləri zamanı Mustafa Kamal gənc bir polkovnik-leytenant idi və artıq hərbi dühasını nümayiş etdirmişdi. 25 apreldə 57-ci piyada alayını döyüşə o aparmışdı".

"Avqust ayındakı döyüşlərdə də hərbi istedadını sübut etmişdi. Çanaqqala döyüşləri məhz onun iştirakına görə Qurtuluş savaşının hazırlıq mərhələsi hesab olunur".

Amma Aktar onu da qeyd edir ki, həmin döyüşlərdə vuruşmuş digər komandirlərin rolunun lazımi səviyyədə qiymətləndirilməməsi yanlışdır:

"Seddülbahirdə 14-cü korpusun komandiri Cevat Paşa və ya Çanaqqalanın minalanmasında əməyi olan Almaniya admiralı Guido von Usedom… Niyə bu şəxsləri xatırlamırıq?"

Tarixçi Mithat Atabaysa başqa bir mövzuya diqqət çəkir, "Çanaqqala yeni Türkiyənin ön mərhələsidir" qiymətləndirməsinə etiraz edir.

"Türkiyə Cümhuriyyətinin ön mərhələsi Sakaryada və Dumlupınarda yazılıb. Çanaqqala döyüşləri isə Osmanlı imperiyasının cəbhəsiydi".

"Döyüşün gerçək tarixi yazılmalıdır"

Çanaqqala döyüşləri Birinci dünya müharibəsinə qatılan bütün dövlətlər üçün böyük əhəmiyyətə malik olub, müttəfiq dövlətlərin tarixinə "hərbi uğursuzluq" faktı kimi yazılıb.

Xüsusilə də Avstraliya və Yeni Zelandiya üçün Çanaqqala döyüşü milli kimliyin formalaşmasında mühüm rol oynayıb.

Birinci dünya müharibəsindən sonra Almaniya, Rusiya, Avstriya-Macarıstan və Osmanlı imperiyaları dağılıb.

Ayhan Aktar hesab edir ki, Çanaqqala döyüşlərinin tarixi yetərincə araşdırılmayıb:

"Hərbi arxivlər açmaq lazımdır. Əlimizdəki materialları oturub diqqətlə oxuya bilməli və o savaşın gerçək tarixini yaza bilməliyik".

"Çanaqqala savaşı çox ağırıydı. May ayında cəsəd iyinə görə bir neçə saatlığa müvəqqəti atəşkəs elan edilmişdi. Çünki səngərlərin arasında 80 metrlik məsafə vardı. Ortada da cəsədlər. Onların iyi döyüşü davam etdirməyə mane olurdu".

"Savaşın mənasızlığı haqqında danışa bilməliyik. Türkiyənin rəsmi tarixi hələ bu səviyyədə deyil. Hələ də bir futbol matçı kimi şərh edilir… Bu, çox kədərlidir".