Ukraynadan çıxmaq istəyən azərbaycanlı: “Oğlumu buraxmadılar, ona görə qatara minə bilmədim”

Şəklin mənbəyi, Anadolu Agency/Getty images
- Müəllif, İlkin Həsənov, Fərid Həsənov
- Vəzifə, Bakı, BBC News Azərbaycanca
Rusiyanın Ukraynada apardığı müharibənin 8-ci günündə bu ölkədə yaşayan azərbaycanlıların bəzisi ölkəni tərk etməyə çalışır, bəzisi də hələlik yaşadıqları yerdə qalıblar. BBC News Azərbaycanca Ukraynadakı azərbaycanlılarla danışıb.
Altı ildir Ukraynanın Dnepr bölgəsində yaşayan azərbaycanlı Mahirə Bəylərova cümə axşamı günü qatarla Polşaya getmək istəsə də, bacarmayıb: "O qədər insan vardı ki, keçə bilmədik".
O deyir ki, sakinlər axın-axın dəmiryol vağzalına axışır: "Qatarın gəlməyi ilə dolmağı bir olur, minə bilmədik. Bəlkə də mən birtəhər adamları yarıb qatara minməyə çalışardım, amma oğlumu buraxmadılar deyə mən də geri qayıtdım".
BBC News Azərbaycancaya danışan 48 yaşlı Dnepr sakini Mahirə Bəylərovanın oğlunun 26 yaşı var. Ukrayna hökuməti ölkədən kişilərin çıxmasına görə yaş məhdudiyyəti qoyub.
Özü və ailə üzvləri Azərbaycan vətəndaşı olan Mahirə Bəylərova deyir, həyat yoldaşı hələ müharibədən qabaq Polşaya gedibmiş, o da viza alıb gedəcəkmiş, vəziyyət dəyişib: "Oğlumun burda məndən başqa heç kimi yoxdur, onu necə qoyum gedim".
Müsahibimiz deyir ki, müharibə başlayandan bəri yaşadıqları yeri tərk etmək istəyiblər, amma Azərbaycanın Ukraynadakı səfirliyindən heç bir kömək ala bilməyiblər: "Bizə deyirdilər ki, Kiyevə gəlin. Ora getmək üçün gərək canımızdan keçək. Çünki Kiyev uzaqdır, yollar da təhlükəlidir".

BBC News Azərbaycanca Azərbaycan Xarici İşlər Nazirliyindən Dneprdə yaşayan azərbaycanlıların təxliyəsinin həyata keçirilib-keçirilmədiyini öyrənə bilməyib.
Mahirə Bəylərova BBC-yə deyib ki, Dneprdə vəziyyət hələlik sakit olsa da, döyüşlərin bura çatmayacağına heç kimin zəmanəti yoxdur.
"Dneprdə zavodlar, iş yerləri dayanıb. İşləyən yerlər yalnız ərzaq mağazalarıdır, bir də apteklər. Onlar da malların azaldığını görmək olur, amma tükənməyib Lazım olanı tapırıq: şəkər tozu, un, düyü, qarabaşaq... hamısı var, amma qiymət bahalaşıb. Ərzağı daşıyan da var, gündəlik ehtiyacı qədər alan da. Əsasən, təqaüdçülər 1 kilo-2 kilo alırlar. İndi şəhərdə müdafiə hazırlıqları görülür. Atsalar, gizlənməyə yerimiz var. Axşam saat 6-dan sonra komendant saatı tətbiq olunur".
Sumı şəhərində "vəziyyət gərgindir"
BBC News Azərbaycancaya danışan Sumi şəhərinin sakini - Mehriban xanım [soyadını deməyib-red.] şəhərdə "vəziyyətin gərgin" olduğunu deyib.
Onun sözlərinə görə, şəhərdə insanlar dükanlarda növbələrdə gözləyirlər. Ərzaq qıtlığı olmasa da, uzun növbələr yaranır, amma növbədə dayananda belə diqqətli olurlar ki, hava həyəcanı veriləndə qaçıb gizlənə bilsinlər.
"Axşam zirzəmiyə getmişdik. Bu gün bir az olar çıxmışıq, amma şəhərin kənarlarında döyüşlər gedir. İndicə yerli kanallar dedilər ki, Rusiya tərəfdən 10 min texnika, raketlər, tanklar biz tərəfə gəlir", - Sumı sakini bildirib.

İnformasiya agentlikləri Ukraynanın şimal-şərqində yerləşən Sumı şəhəri ətrafında döyüşlərin getdiyini bildirir.
Azərbaycan XİN-i indiyədək mindən çox azərbaycanlını Ukraynadan təxliyə etdiyini açıqlayıb. Nazirliyin sözçüsü Leyla Abdullayeva bildirib ki, hazırda hərbi əməliyyatların davam etidyi ərazilərdən azərbaycanlıların təxliyəsinə çalışırlar.
"Ötən gün sığınacağa 60-a yaxın azərbaycanlı gətirdik"
Diasporlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Vaqif Həsənov BBC News Azərbaycancaya bildirib ki, hazırda onlar Rumıniyadadırlar və Ukraynadan gələn azərbaycanlıların Buxarestdə sığınacağa yerləşdirilməsi və daha sonra Azərbaycana yola salınması işini təşkil edirlər.
"Ötən gün sığınacağa 60-a yaxın azərbaycanlı gətirdik. Lakin onların dəqiq statistikasını aparmaq mümkün deyil. Çünki bəziləri öz maşını ilə gəlirlər. Bu gün günortaya qədər artıq 60-70 azərbaycanlını Türk Hava Yolları ilə İstanbula yola saldıq. Digər 60 nəfərlik qrupu isə avtobusla İstanbula göndərdik", - Vaqif Həsənov deyib.
BMT-nin hesabatına görə, Rusiyanın fevralın 24-ü səhər saatlarından Ukraynaya qarşı başlatdığı hərbi hücumlar nəticəsində bugünədək 700 minə yaxın insan Ukraynanı tərk edib.







